Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

İçməli su heç Sovet standartına cavab vermir


Ağzında yarı kəsilmiş plastmas butulka olan 3 kiloluq bankaların funksiyası bu imiş sən demə
Bakıda «Köhnə Günəşli» qəsəbəsində yaşayan Mələk xala krandan gələn su səsini eşidəndə, «suyumuzu verdilər» deyib söhbətimizi yarımçıq kəsir. Onun ardınca mətbəxə keçirəm. Bir stəkan götürüb suyu doldururam. Su bulanıqdır. Mələk xala deyir ki, onlar bu suyu içirlər, suyun keyfiyyətinə bel bağlamadıqlarından, qaynatmazdan əvvəl onu ağzına tənzif sarınmış butulkadan süzürlər.

BULANIQ SUYU NECƏ SÜZÜRLƏR?

Mətbəxdə bayaq gözüm alan, ağzında yarı kəsilmiş plastmas butulka olan 3 kiloluq bankaların funksiyası bu imiş sən demə:

«Bəzən su elə çirkli olur ki, tənzifi az qala hər saatda dəyişirsən. Əlbəttə, həm yorucudur, həm də gərək banka boşaldıqca yeni su süzəsən ki, əlini atanda, qaynatmağa suyun olsun. Yəni bu suya içməli su demək olarmı?».

Mələk xala mənzillərinə gələn suyu bulanıqlığına görə keyfiyyətsiz sayır. Ona elə gəlir ki, bu cür suyu içmək sağlamlığa da ziyandır.

Amma suyun bulanıqlığı onun keyfiyyət standartında göstəricilərdən biridir. «Beynəlxalq standartlara görə, keyfiyyətli su bir sıra gigiyenik tələblərə cavab verməlidir». Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir:

«Su yaxşı orqanoleptik xüsusiyyətlərə malik olmalıdır. Bu xüsusiyyət özündə suyun iyini, dadını, bulanıqlığını, şəffaflığını, parlaqlığını, rəngini, temperaturunu, gözlə görünən üzən qarışıqların mövcudluğunu xarakterizə edir. Suyun orqanoleptik xüsusiyyətinin pisləşməsi insanlarda psixoloji olaraq belə suyun sağlamlıq üçün təhlükə törətməsi şübhəsi oyadır».

Digər göstəricilər isə suyun kimyəvi tərkibinin zərərsiz, epidemioloji cəhətdən təhlükəsiz olmasıdır. Suyun tərkibində patogen mikroorqanizmlər və digər xəstəlik törədicilər olmamalıdır. O cümlədən, yoluxucu xəstəliklər yaradan viruslar, helmintoz yumurtaları olmamalıdır. S.Əliyev deyir ki, dünyada içməli suyun keyfiyyəti həyat əhəmiyyətli problem kimi qəbul edilib:

«BİZDƏ SUDA MÜƏYYƏN HƏDDƏ QƏDƏR BAĞIRSAQ ÇÖPÜNÜN OLMASINA YOL VERİLİR»

«Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), o cümlədən Avropanın qəbul etdiyi bir neçə keyfiyyət standartı var. Əhalinin içdiyi suyun tərkibi bu standarta cavab verməlidir. Azərbaycanda isə hələ də sovet dövründən qalma, 15 respublika üçün vahid olan standart tətbiq olunur. Artıq bir sıra ölkələr, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan suyun keyfiyyətinə dair yeni qaydalar təsdiq ediblər və suyun keyfiyyəti həmin qaydalar əsasında tənzimlənir. Bu qaydalarda ÜST-nin və Avropa Birliyinin tövsiyələri nəzərə alınıb. Ancaq Azərbaycan bu işdə ləngiyir. Məsələn, indi dünyada suda bağırsaq çöplərinin ən minimum həddə belə olması qəbul edilmir, amma bizim standartda suda müəyyən həddə qədər bağırsaq çöpünün olmasına yol verilir».

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin İçməli Suyun Keyfiyyəti Alt Komitəsinin üzvü Leyla Tağızadə də deyir ki,
Samir Əliyev
ÜST içməli suda bağırsaq çöpünün sıfırlaşdırılmasını tövsiyə edir: «Bizdə də bunun mümkün olub-olmamasına mütəxəssislər qərar verəcək».

«BAKTERİOLOJİ ÇİRKLƏNMƏ ÜMUMİYYƏTLƏ OLMAMALIDIR»

Azərbaycanda tətbiq olunan içməli suyun keyfiyyətinə dair standartın (ГОСТ 2874-82 ) beynəlxalq standartlardan fərqi təkcə bağırsaq çöpünün yol verilən olması deyil. Ekspert S. Əliyev deyir ki, onlar Azərbaycan standartı ilə beynəlxalq standartlar arasında müqayisəli təhlil aparıblar:

«Avropa Birliyi, ABŞ və ÜST standartlarına görə, bakterioloji çirklənmə ümumiyyətlə, olmamalıdır. ГОСТ 2874-82 standartında isə bununla bağlı müəyyən hədd var. ÜST insan orqanizminə təsirə dair suyun codluq dərəcəsi barədə hər hansı tövsiyə vermir. ÜST-nin materiallarında qeyd edilir ki, bəzi tədqiqatlar içməli suyun codluğu ilə ürək-damar xəstəlikləri arasında asılılığı sübut edə bilməyib. Ancaq yumşaq suyun insan orqanizmində mineral maddələrin balansına mənfi effekt göstərməsi də sübut olunmayıb. Azərbaycanda qüvvədə olan standartlarda suyun codluğuna qoyulan tələb 7 mq/l təşkil edir. Ümumiyyətlə, AB, ABŞ və ÜST standartları son onilliklər daha çox dəyişikliyə məruz qalıb. Halbuki, bu müddətdə Azərbaycanın da tətbiq etdiyi sovet standartları dəyişməz olub».

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin araşdırmasına görə, yerli standartda bəzi tələblər beynəlxalq standartlarla müqayisədə daha sərtdir. Amma bunu bütün normalar haqqında demək olmur. S. Əliyev deyir ki, bəzi kimyəvi elementlərdə də yerli standartdakı normalar beynəlxalq standartlara nisbətdə zəifdir:

«Məsələn, arsen elementinin miqdarı bizim standartda Avropa Birliyi və ÜST standartlarından 5 dəfə çoxdur. Eləcə də alüminium, molibden maddələrinin norması müqayisədə bizim standartda çoxdur».

Tibb mütəxəssisləri isə içməli suda yol verilən norma həddini keçən kimyəvi maddələrin insan orqanizminə ciddi ziyanı olduğunu deyirlər. Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, sovet dövründə tətbiq edilən standart sənayenin durumuna hesablanmışdı, insana yox:

«GENEFONDUMUZ, MİLLİ TƏHLÜKƏSİZLİYİMİZ ÖNƏM DAŞIMALIDIR»

«Sovet sənayesinin durumunda molibden olmalı idisə, olmalı idi. Daha bunun insana zərəri var, ya yox, bu önəmli deyil. Biz beynəlxalq standartlara söykənməliyik, genefondumuz, milli təhlükəsizliyimiz önəm daşımalıdır».

Tərtər rayonu - iyul 2010
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, Texniki Ekoloji Komitənin içməli su alt komitəsi milli standartların hazırlanması üzərində işləyir. Ötən ildən bu istiqamətdə işlər sürətlənib:

- Azərbaycanda mövcud standartda təhlükəsizlik tələbləri sərt qoyulub, amma bir az da sərtləşdirilməsinə ehtiyac var. Beynəlxalq standartlara uyğunlaşdırılacaq, ancaq bu beş-on günün işi deyil».

- Bu standart həm şəhər, həm də kənd yerləri üçünmü eyni olacaq? Axı, su mənbələri eyni deyil.


- Regionlarda sutəmizləyici qurğular quraşdırılır. Bu o deməkdir ki, istənilən mənbədən alınan su standartın tələblərinə uyğunlaşdırılır. Standart vahiddir, tələblərinə də əməl etmək məcburidir.

- Yeri gəlmişkən, beynəlxalq standartların tətbiqi üçün sutəmizləyici qurğular da müasir tələblərə cavab verəcəkmi?


- Standartlar hazırlanarkən müvafiq qurumlarla əməkdaşlıq edilir, razılaşdırılır, mövcud texniki imkanlar öyrənilir. Son illərdə regionlarda yeni, müasir sutəmizləyici qurğular qurulub və onların imkanı yol verəcək ki, içməli suyun keyfiyyəti beynəlxalq standartlara uyğun yoxlanılsın.

İçməli suyun milli keyfiyyət standartı bu il qəbul olunacaq, ya yox, aidiyyəti qurumlar hələlik bu barədə qəti söz demirlər. İçməli Suyun Keyfiyyəti Alt Komitəsinin fəaliyyət planında da bu barədə deyilmir. Bu il fəaliyyət planında əsasən təbii sularda müxtəlif konsentratların təyini üzrə mövcud vəziyyətin araşdırılaraq təhlil edilməsi nəzərdə tutulub.

«HEÇ SOVET STANDARTINA DA ƏMƏL OLUNMUR»

Amma heç mövcud standartın özünə də əməl olunmur. Bunu isə bu yay gəzib gördüyüm Aran Qarabağın bəzi kəndlərində eşitdim. Sakinlər deyirdilər ki, içdikləri su keyfiyyətli deyil. Ağcabədinin Qaraxanlı kəndinin sakinləri deyirlər ki, onların istifadə etdikləri suya görə az qala hər ailənin bir-iki üzvündə zob xəstəliyi var. Boğazı şişkin olan Güllü xala da zobdan əziyyət çəkir, deyir ki, onu bu günə su salıb. O istəyir ki, istifadə etdikləri suyun keyfiyyəti elə olsun ki, adamlar özlərinin sağlamlıqlarını təhlükədə hiss etməsin.

Şərhləri göstər

XS
SM
MD
LG