Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:07

Rəssam əsərlərini gömrükdən necə keçirdi?


Törəxanım Ağabəyova
İngiltərənin paytaxtında gənc rəssam Törəxanım Ağabəyovanın bir həftəlik «Neft və arzular» adlı sərgisi keçirilib. Sərgidə rəssamın neft sənayesi, Azərbaycan paytaxtında - neft şəhərində yaşayan insanların həyatını əks etdirən tabloları nümayiş olunub.

Törəxanım Ağabəyovanın bu ilk fərdi sərgisi ona baha başa gəlib. Gömrükdə onun əsərlərini saxlayıblar ki, «get, İncəsənət Muzeyindən sertifikat gətir ki, bu əsərlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir»:

«ƏSƏR QİYMƏTLİDİR, GÖNDƏRƏ BİLMƏRİK»

«Hər işə gərək sertifikat alasan, sertifikatın da öz qiyməti var. 15 ədəd işdir, hərəsinin də öz qiyməti. Sertifikatda həm də əsərin qiyməti yazılmalıdır. O qədər qiymət yazıblar ki, toplayanda, gəlib 10 min manatdan çox çıxdı. Gəlmişəm gömrüyə, onları göndərmək üçün. Mənə dedilər ki, çox qiymətlidir, biz bunları göndərə bilmərik, gərək VÖEN olsun».

Bu, hələ hamısı deyil. Rəssam yeni sertifikat almaq üçün yenidən İncəsənət muzeyinə 200 manatdan çox rüsum ödəməli olub:

«Aeroporta gəlmişəm. Artıq özümlə aparmaq istəyirəm. Onda da mənə dedilər ki, 5 işdən çox aparmaq olmaz. Mən də deyirəm bu mənim işlərimdir, necə yəni olmaz? Mən özüm onları çəkmişəm, özüm də aparıram. Mən onları hədiyyə də verə bilərəm, istəsəm lap elə burda yandıra da bilərəm. Yaxşı ki, orda bir nəfərə rast gəldim, sadəcə mənə kömək elədi. İşlərin 5-ini mənim, 5-ini öz adına, 5-ini də kiminsə adına yazdı. Beləcə, «kontrabanda» ilə öz işlərimi aparmışam».

«NEFTDƏ HƏR ŞEY VAR»

Törəxanımın «qaçaqmalçılıq» yolu ilə Londona apardığı əsərləri onun yaradıcılığının əsas yolunu göstərir: o, neft sənayesinə aid hər şeyi fırçaya alır:

«Səngəçaldan keçirdik bir dəfə. Orda qəşəng neft emalı zavodu gördüm. O da nağıl-saray kimi göründü mənə öz işıqlarıyla. Uzaqdan onlar doğrudan da nağıl kimi görünür. Ancaq yaxınlaşanda, görürsən ki, əmək gedir, qan-tər tökülür, göz yaşları... Hər şey var orda. Neftdə hər şey var».

Törəxanım Ağabəyova deyir ki, onun riyaziyyat, fizika dəftərlərində misal, məsələ əvəzinə şəkillər olub:

«RƏSSAM NƏ KİŞİDİR, NƏ DƏ QADIN»

«Məktəbdə fizikadan, riyaziyyatdan başım çıxmırdı. Güclə məni sinifdən-sinfə atırdılar. Mən yavaş-yavaş şəkillər çəkirdim dəftərdə. Ona görə qərara gəldim ki, mən rəssam olum, heç vaxt məsuliyyət daşımayım. Ona görə də nə həkim oldum, nə də istədiyim kimi kosmonavt oldum».

Gənc rəssam deyir ki, Azərbaycanda rəssam sənəti qeyri-ciddi hesab edilir, ona görə də yan-yörəsində onu daha ciddi işlə məşğul olmağa dəvət edirlər:

«Deyirlər ki, artıq yaşın çatıb, özünə yaxşı bir iş tap. İşə düzəl. Deyirəm ki, mən işləyirəm. Yox, deyirlər, maaş al da, maaş».

Törəxanım Ağabəyovanın fikrincə, insan rəssamdırsa, o nə kişidir, nə də qadın, önəmli olan əsərdir, müəllif yox.
XS
SM
MD
LG