Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:00

Xarici QHT-lərlə bağlı yeni qaydalar nəyə xidmət edir?


«Azərbaycan hakimiyyəti cəmiyyətdəki fəallaşmadan narahatdır . Ona görə də tələm-tələsik xarici QHT-lərin qeydiyyatı ilə bağlı qaydalar qəbul edib»

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycan bölməsi (Soros Fondu) İdarə Heyətinin sədri Mehman Əliyev belə deyir. Nazirlər Kabinetinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümyəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı qaydaları şərh edərkən.

«AMMA UĞURSUZ ADDIMDIR»

Həmin qaydalar görə, filial və ya nümayəndəliyin Azərbaycanda dövlət qeydiyyatı ilə bağlı danışıqların başlanması üçün təşkilatın nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.

Sənəddə bu da deyilir ki, danışıqlar zamanı, tərəflərin səlahiyyətlərinə aid olan və ya qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə oluna bilər. Danışıqların nəticəsi kimi təşkilatın dövlət qeydiyyatı həyata keçirilməlidir.

Sənəddə xarici QHT-lərin qarşısına bir sıra şərtlər də qoyulub. Xarici QHT-lər Azərbaycan Konstitusiyası və qanunlarına riayət etməli, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməməlidirlər. O cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamalı, siyasi və dini təbliğatla məşğul olmamalıdır və s.

Mehman Əliyev
Qayıdaq Mehman Əliyevin dediklərinə. Onun sözlərinə görə, yalan-gerçək korrupsiya ilə mübarizəyə başlayan hakimiyyət cəmiyyətin getdikcə fəallaşmasından, etiraz aksiyalarının artmasından narahatdır. Yəni onun fikirincə hakimiyyət qorxur ki, proseslər nəzarətdən çıxsın.

«Narahatdırlar ki, birdən hansısa fondlar vasitəsilə müxalif qüvvələrə vəsaitlər gedər və sairə. Bunu niyə deyirəm. Keçən il seçkilər ərəfəsində məni Yeni Azərbaycan Partiyasında dəyirmi masaya dəvət etmişdilər və orda ATƏT nümayəndəsi də vardı. Orda sual verdilər ki, məlumatlara görə, siz müxalifətlə qapalı danışıqlar aparırısız, deyə bilərsizmi, həmin qüvvələri maliyyələşdirirsizmi ya yox. Əlbəttə mən dedim ki, yox. ATƏT də həmçinin. Ancaq söhbət ondan gedir ki, hakimiyyət bu məsələlərdən narahatdır».

Mehman Əliyev deyir ki, Nazirlər Kabinetinin qaydalarında konkretlik də yoxdur və onu necə istəsən yozmaq olar. Məsələn orda deyilir ki, bəzi məsələlər danışıqlar yolu ilə həll edilə bilər.

«Yəni bu o deməkdir ki, Azərbaycan beynəlxalq qurumlardan qarantiya istəyəcək. Onlara deyəcək ki, burdakı siyasi proseslərə qarışmasınlar, neytral olsunlar . Bu narahatlıq var və buna görə belə addım atır».

BƏZİLƏRİNƏ YAŞIL İŞİQ...

Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də Mehman Əliyevlə həmfikirdir. Onun fikirincə, hökumət beynəlxalq qurumların demokratiya, insan haqları və azad seçkilərlə bağlı layihələrini öz istəklərinə uyğunlaşdırmağa çalışacaq. Bununla razılaşan beynəlxalq qurumlara da yaşıl işıq yandırılacaq. Anar Memmedli düşünür ki, bundan sonra Orta Asiyada və Belorusda olduğu kimi bəzi beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilməyəcək. Anar Məmmədliyə görə, bu da Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə ziddir.
«Bu mexanizm işləsə acınacaqlı vəziyyət yarana bilər. Bunun ləğvi yönündə tələb nümayiş etdirilməlidir».

ABŞ İNANIR

ABŞ-ın Azərbaycandakı səfirliyisə hləlik sənədi təhlil edir deyə şərh vermir. Səfirliyin mətbuat katibi Kis Bin:

«Sənəd dünən dərc olunub. Biz onu hələlik təhlil edirik. Onun məzmunu, necə nizamlanması, təsir imkanları haqda heç nə deyə bilmərik.

ABŞ hökuməti inanır ki, vətəndaş cəmiyyəti demokratik cəmiyyətdə mühüm rol oynayır. Beynəlxalq QHT-lər də vətəndaş cəmiyyətinin inkişafında konstruktiv rol oynaya bilər».

ATƏT ÜMİD EDİR


Qaydalarla bağlı sualımızı ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Bilge Cankorel isə yazılı şəkildə cavablandırdı. Cavabda ATƏT-ə üzv ölkələrin Kopenhagen sənədi və 1999-cu il İstanbul Sammiti yada salınır.

«Üzv dövlətlər vəd ediblər ki, QHT-lərin vətəndaş cəmiyyəti, insan hüquqları və fundamental azadlıqların daha da inkişaf etdirilməsinə tam tövhə verə bilməsi üçün bu təşkilatların imkanlarını genişləndirəcək.

Səfir Bilge Cankorel
Yuxarıda qeyd olunan ATƏT öhdəliklərini nəzərə alaraq, ATƏT-in Bakı Ofisi ümid edir ki, Azərbaycan rəhbərliyi yerli və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyat və fəaliyyətlərinə kömək edəcək».

QANUNA ZİDD QAYDALAR

Hüquqşünas Ələsgər Məmmədli ona diqqət çəkir ki, qaydalardakı bəzi şərtlər QHT-lər haqda qanunda yoxdur.

«Bu baxımdan həmin Qaydalar qanuna ziddir. Qanuna zidd qaydaların tətbiqisə mümkün olmamalıdır. Olsa da məhkəmə qaydasında durdurulmalıdır».

Biz bu qaydalara deputatların da rəyini öyrənmək istədik. Amma əlaqə saxladığmız deputatlar ya danışmaq istəmədilər ya da sənəddən xəbərsiz olduqlarını dedilər.
XS
SM
MD
LG