Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:51

Gədəbəy meşələrinə kim toy tutur


Gədəbəyin Şahdağ kənd sakini Zaman Əsgərov «Qaynar xətt»ə şikayət edib ki, onu haqsız yerə işdən çıxarıblar və cərimələyiblər. Deyir ki, yaxın vaxtlara qədər Saratovka meşəsində meşə gözətçisi işləyib. Bir gün meşədən 30-dan yuxarı ağac kəsilərək oğurlanıb. Hər şey də bundan sonra başlayıb. Zaman Əsgərov:

MEŞƏ GÖZƏTÇİSİNİN HEKAYƏTİ

- 2009-cu ilin noyabr ayında meşədən 33 ağac kəsilib, mən səhəri gün meşəyə gələndə xəbər tutmuşam və bu barədə Gədəbəy rayon meşə idarəsinə həm şifahi, həm də yazılı məlumat vermişəm. Noyabrın 6-da kəsilən ağacların siyahısını təqdim etmişəm. Rayon meşə idarəsinin müfəttişi Ələddin Rəsulovu göndərdilər ki, gedin o ərazidə evləri, həyətləri axtarın. Gəlib, birlikdə həyətləri axtarmışıq və 4-5 qapıda ağacları aşkar etmişik. Mən tapılan ağacların sənədləşdirilməsini tələb etsəm də Ələddin Rəsulov bunu etməyib. Bir neçə aydan sonra həmin ağaclara görə məni işdən azad ediblər, ayağıma da cərimə yazıblar. Ancaq mənim o ağacların kəsilməsində heç bir məsuliyyətim yoxdur, ağaclar mənim iş vaxtım bitəndən sonra kəsilib.

Gədəbəy rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Vasif Nəbiyev və müəssisənin müfəttişi Ələddin Rəsulov keçmiş meşə gözətçisinin ittihamlarını qəbul etmirlər. Ələddin Rəsulovu deyir ki, Zaman Əsgərov işdən qırıntılara yol verdiyinə görə çıxarılıb:

- Onu qırıntılara görə çıxarmışıq, işi də polisdədir.

- Zaman Əsgərov deyir ki, ağaclar o işdə olmayan vaxt kəsilib.

- O işdə olan vaxt kəsilib, bunu özü də etiraf edib. Onun dəfələrlə qırıntılara yol verdiyinə görə ödədiyi cərimələr var - özünün könüllü ödədiyi cərimələr. Meşəni qırdırdığına görə işdən azad olunub. Mən özüm onu ağac kəsəndə tutub akt yazmışam, o aktda imzası da var.

Müəssisənin rəisi Vasif Nəbiyev də deyir ki, Zaman Əsgərov gözətçi işləyərkən meşənin ağaclarını kəsib satıb. Vasif Nəbiyev:

- Bizim müəssisədə meşə gözətçisi işləyib, az müddət ərzində qanunsuğa yol verib, ona görə də işdən azad etmişik.

Zaman Əsgərov
- Zaman Əsgərovun deməsinə görə, ağacların kəsilməsinə görə vaxtında sizə şifahi və yazılı məlumat verib, ancaq siz məlumatı rəsmiləşdirməmisiniz.

- Məlumatı nə vaxt və kimə verib, qoy bunu sübut eləsin. Əgər biz qəbul etməmişikdiksə, poçtla göndərəydi, məlumatı müəssisənin daxili kitabına düşərdi. Özünü sığortalayır, istəyir təzədən meşəyə girsin, əməllərini davam etdirsin. Dövlət meşəsinə vurduğu ziyanı ödəmədiyinə görə onu polisə vermişik.

Zaman Əsgərov həmçinin «Qaynar xətt»ə bildirib ki, Bakıdakı keçmiş Binə ticarət mərkəzinin yerində salınmış yaşıllıq zolağına görə onlardan dəfələrlə pullar yığılıb:

«YARMARKANIN YERİNDƏ AĞAC ƏKİLMƏSİ ÜÇÜN BİZDƏN PUL YIĞIRDILAR»

- Həmin ərazidə bizim rayonun meşə idarəsinə 5 hektar yer ayırmışdılar, o 5 hektarın yaşıllıq işlərini biz görməliydik. Oranın abadlaşdırılması, yaşıllaşdırılması üçün dəfələrlə pullar yığılıb bizdən. Deyiblər ki, cənab nazirin, cənab prezidentin göstərişidir ki, yarmarkanın yerində ağac əkilməsi üçün rayon meşə idarələrindən pul yığılsın. Ayda iki dəfə deyirdilər ki, aeraporta pul yığılıb getməlidir. Müdir meşəbəyiyə tapşırırdı ki, gözətçilərə de bazara 200 manat pul gətirsinlər.

- Deyirsiniz ki, maaşınız 200 manata gedib çıxmırdı. Şəxsən siz o pulları necə ödəyirdiniz?

- Yarısını maaşla, yarısını ordan-burdan borc eləməklə.

Rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Vasif Nəbiyev bunu da inkar etdi. Dedi ki, Bakıdakı yarmarkanın yerində salınmış yaşıllıq zolağında bircə ağac da əkməyiblər. Çünki onlara belə bir tapşırıq verilməyib.

İndi Zaman Əsgərov onun ayağına yazılmış cəriməni ödəmək fikrində deyil. Deyir ki, versinlər məni məhkəməyə, cəriməni də məhkəmə yolu ilə ödəyim. Zaman Əsgərovun məsələnin məhkəmə müstəvisində çözülməsində məqsədi var. Deyir ki, iş məhkəməyə getsə, məhkəmədə indiyə qədər meşələrə divan tutulması ilə bağlı faktlardan danışacaq. O zaman çox adamların başları ağrıyacaq. Bu isə rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Vasif Nəbiyevə sərf eləmir. Ona görə də Vasif Nəbiyev məsələni elə polis şöbəsinin divarları arasındaca bağlamaq istəyir.
XS
SM
MD
LG