Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

Şair korrupsiyadan söz düşəndə nə dedi...


Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca "525-ci qəzet"də dərc olunan yazısında hökumətin korrupsiyaya qarşı mübarizə bəyanatları ilə bağlı mövqeyini açıqlayıb.

İçimdəki və güzgüdəki adamla söhbət

Korrupsiyadan söhbət düşəndə Şərqin qədim bir əfsanəsi yadıma düşür. Bir uca dağın mağarasında əjdaha yaşayır.

Dağın ətrafındakı əyalətlər əjdahaya xidmət etmək üçün ən gözəl qızlarını göndərirlər. Qazandıqlarının yarıdan çoxunu əjdahaya vergi kimi ödəyirlər. Əyalətlərdən çıxan ən igid oğullar əjdahanı öldürməyə gedib geri dönməyib.

Qəzəblənmiş əjdahanın vergisi bir az da artıb. Nəhayət, yeni bir qəhrəman da döşünə döyür ki, mən gedirəm, sabaha kimi əjdahanın başını sizə gətirəcəyəm. Gedir, elə çatan kimi bir zərbə ilə əjdahanın başını bədənindən ayırır.

Mağaradakılar onu alqışlayır, qızlar onu öpür, oxşayır. Qəhrəman əjdahanın başını götürüb getmək istəyəndə ona deyirlər yol gəlmisən, döyüşmüsən, yorğunsan, bir az dincəl, özünə gəl, şərab iç, gözəllərlə əylən.

Hara tələsirsən? Daha hər şey qurtarıb, qal! Bir neçə gün qalandan sonra bir səhər qəhrəman hovuzda çiməndə görür bədəninin bir hissəsi əjdaha dərisi ilə örtülüb. Qaçır mağara əhlinin yanına, soruşur?

– Bu nədir belə?

Bir ağsaqqal irəli yeriyib deyir:

– Əjdaha olursan, oğlum.

– Mən əjdaha olmaq istəmirəm.

– Səni bura əjdaha öldürmək üçün gətirən həvəs elə əjdaha olmaq həvəsidir. Burda heç əvvəldən də əjdaha yox idi. Hər gələn qəhrəman özündən əvvəlkini öldürüb sonra burdakı gözəllərin nəvazişi, rahatlıq, əyləncələr onu məst edib, onu əjdaha öldürməyə göndərən camaatı unudub. Sənin kimi belə yavaş-yavaş əjdahaya dönüb.

– Yox, mən buna dözmərəm. Gedirəm bu sirri insanlara açıb deməyə, qoy bu qorxudan insanlar azad olsun.

– Gedə bilməzsən – dedi qoca.

– Niyə?

– Bir özünə bax. Yarı əjdahasan. Əjdaha bilib səni öldürərlər.

– Qoy öldürsünlər, bunun bir sonu olmalıdır. Mən düzünü deyərəm, inanarlar çox yaxşı, inanmazlar məni öldürərlər. Əjdahanı özləri öldürmüş olar.

– Get, oğlum, gözlədiyimiz o əsl qəhrəman sənsən, əjdaha öldürməyə nə var ki, əsl əjdaha indi öldürəcəyin yalan və içindəki qorxu adlı əjdahadır, get onu öldür, millət azad olsun!

Bu korrupsiya dediyimiz şey yeddi başlı bir əjdahadır. İçimizdə paxıllıq, riyakarlıq, tamah, həsəd, mənəm-mənəmlik, yalan, mütilik o əcdahanın başlarıdır.

Nə qədər ki, biz bu xüsusiyyətləri başqalarında görürük, amma özümüzdə görə bilmirik, hətta özümüzdə “yoxdur” sayırıq. Bu əjdahanın başını nə qədər kəssək yenidən cücərəcək.

Hər kəs özündən başlamalıdı, hər kəs özündən uzaq düşüb. Hamını görürük, özümüzü yaxşı görə bilmirik. Heç olmasa, özün-özünə lap ürəyində “mən niyə paxıllıq eləyirəm”, “bu acgözlük nəyimə gərəkdir”, “niyə yalan danışıram”, “niyə yaltaqlanıram ki” demisən? Yox, deməmisən?!

Onda başqasına dediyin həqiqətin də bir qəpiklik qiyməti yoxdu. Heç öz övladın da sənə inanmayacaq, çünki səmimi deyilsən. O zaman bu əjdaha ailənlə, övladınla, dostlarınla, cəmiyyətlə sənin aranda at oynadacaq, meydan sulayacaq.

1968-ci ildə “Rüşvətxorlar” adlı bir şeir yazmışdım. Senzuranın bu şeiri kitabdan çıxarmaması məni də təəccübləndirdi.

Onu da deyim ki, o dövr bizim ədəbiyyata nəzarət edən senzurlarımız burda elə yazılara icazə verirdilər ki, Moskvada o yazılarımızı kitabdan ya tamam çıxarırdılar, ya da bizi yazını dəyişib quş həddinə salmağa məcbur edirdilər.

Təbii, bu şeir də Moskvadakı kitabımdan çıxarıldı. Bakıda da bu şeirin sağında, solunda olan yazılar oxundu, müzakirə mövzusu oldu. Lakin o şeir haqqında hamı xorla susdu.

RÜŞVƏTXORLAR

Hardasa iki namərd
oturub üz-üzə indi;
Biri rüşvət alandı,
biri rüşvət verəndi.
İlan kimi qıvrılıb
xəyanət yatır
pullar altında.
Onlar qeyrət satıb,
Vətən satıb
pullar altında;
Bəlkə düşünüblər vətən nədir –
Bir az qara torpaqdı,
bir az da sudur.
Cahil, Vətən – Koroğlu qeyrətidi,
Həcər namusudur.
Rüşvətxora hər cür rüşvət gərəkdi.
Rüşvət də rəng-rəngdi.
Böyüklər qarşısında
əyilib-düzəlmək
rüşvəti var.
Yaltaqlığı da rüşvət alan olur,
Rüşvət həqiqətə bənzər
yalan olur,
Rüşvət puluna
uşağına “Əlifba” kitabı alan olur.
Rüşvət – xəyanətin ocağıdır,
Rüşvət – kürəyimizə sancılan
xain bıçağıdır.
Elə bu rüşvətxorlar idi
Babəki qızıla satanlar –
Yadların ayağına atanlar.
Onlar Gəncədə Məhsətimi
daşqalaq elədi,
Susduq ki, neyləyək, taleyi belədi.
Bakıda Sabiri qoçulara
söydürdülər,
Fitva verib
Hələbdə Nəsimini soydurdular.
İndi də qaranlıq bir evdə, tində,
Dalanda
Onlar rüşvət verəndə, rüşvət alanda
Yenə biz oluruq müqəssir.
Babək yenidən düşür Əsir,
Məhsəti təzədən daşqalaq olur.
Nəsimi təzədən soyulur.
Axtarın!
Hardasa iki namərd oturub
üz-üzə indi;
Biri rüşvət alandı,
biri də rüşvət verəndi.

Heydər Əliyev birinci dəfə dövlət başına gələndən sonra siyasi büroda zəlzələ effekti yaradan bir intervyü verdi, “Qoy ədalət zəfər çalsın”.

O materialın bir bölümündə rüşvətxorluqdan söhbət gedirdi və bölmənin girişində mənim “Rüşvətxorlar” şeirimdən iki misra misal gətirmişdi:

Rüşvət xəyanətin ocağıdır.
Rüşvət kürəyimizə sancılan
xain bıçağıdır.

O zaman SSRİ adlı imperiyada ölkə rəhbərləri arasında ilk insan idi ki, SSRİ- də rüşvət olduğunu etiraf edirdi. Şübhəsiz, ölkəni idarə edən siyasi büro üzvlərinin çoxunun bu çıxış xoşuna gəlməmişdi.

Lakin bu çıxışa görə onu qınaya da bilmirdilər. Ümumiyyətlə, ruslar və Rus imperiyası üçün rüşvət yeni bir şey deyil. Yaxşı bilirdilər ki, Qoqolun “Müfəttiş” əsərini Heydər Əliyev yazmayıb.

Ruslar bəlkə də yer üzündə yeganə millətdir ki, belə bir atalar sözü yaradıb “gücün var, ağıl nəyinə gərəkdir”.

Bu deyimin içində “rüşvətin “virusu” var. Rüşvət çox qədim şeydi. Bəlkə də Allah gildən Adəmi yaradanda həmin gildə rüşvətin də virusu olub. Kompyuterə virus düşən kimi düşüb.

Ona görə də insanlar vaxtaşırı özünü ondan təmizləməlidir. Adəmi, Həvvanı cənnətdən qovduran da rüşvət idi.

Şeytan yaltaqlığı ilə Həvvanın qılığına girdi, Həvva da Adəmi o meyvənin dadına baxmaq üçün yoldan çıxardı.

Rüşvət buqəlləmundur, zamanına və şəraitinə görə rəngini dəyişir. Hətta tənqiddə rüşvət ola bilir. Həm də təsirli rüşvət. “Niyə belə yaxası açıq, başı açıq gəzirsən. Qalın geyin! Soyuq dəyər.

Ola bilər sənin vecinə olmasın. Buna ixtiyarın yoxdur. Xalqa yazığın gəlsin. Sən xalqa lazımsan” və ilaxır, bunun kimi sözlər.

Mən rüşvətə haqq qazandırmaq fikrində deyiləm. Əlbət ki, onunla mübarizə aparmaq lazımdır, vacibdir! Amma bu yolla yox.

Biz mübarizəni başqasına qarşı aparırıq. Rüşvətin kökünü kəsmək üçün hər kəs özü ilə mübarizə aparmalıdır. Öz nəfsinə, tamahına, məkrinə, qısqanclığına, şöhrətpərəstliyinə qarşı mübarizə aparmalıdır.

Rüşvətə qalib gəlmək çətindir, eyni zamanda öz əlimizdədir. Çox asandır, hər kəs kamil insan olsa, olmağa çalışsa, rüşvət olmaz! Allah da bizi cənnətdən ona görə qovdu ki, gedin çalışın, kamil insan olun, yanıma qayıdın.

Mənim həyatda ən xoşum gəlməyən şey hamının bildiyini yeni söhbət kimi danışmaqdır. Amma bu korrupsiya şeytan kimi bir şeydi.

Mən də ona bir daş atmağı özümə borc bildim. Sözümü lətifəyə bənzər bir xatirə ilə yekunlaşdırmaq istəyirəm.

Gənc çağlarım idi. Lənkəran mənim çox sevdiyim bölgələrdən idi. Tez-tez ora gedərdim, xüsusilə yazda. Hər dəfə də rayonun milis rəisi, prokror, şair dostum Şəkərlə bir xudmani yerə çəkilib dincələrdik.

Bu dəfə mən komsomol mükafatı almışdım, ona görə komsomolun birinci katibi məclisə dəvət olunmuşdu. O zamanlar bir-iki qədəhdən sonra yadıma haqq-ədalət düşərdi.

Yenə rüşvət əleyhinə danışdım. Hamı susub qulaq asırdı. Komsomolun elə bil yarasına duz basdım. “Vallah, Fikrət müəllim, mən rüşvət almıram” –dedi.

Ona heç kəs fikir vermədi, növbəti qədəhdən sonra arağın acısının hayıfını çıxmaq üçün idi deyəsən, yenidən rüşvətdən danışdı.

Yenə hamı susdu, komsomol yenə dilləndi; “vicdanım haqqı mən almıram” – dedi. Amma məntiq belə çıxırdı ki, “bunlar hamısı alır, mən almıram”. Yenə susduq, yenə içdik.

Üçüncü dəfə bu səhnə təkrar olanda dözmədim. “Qardaş, sakit ol! Sənə rüşvət verən var ki, almayasan da, darıxma, səbr elə!” –dedim.

Respublikada başlayan korrupsiya ilə mübarizə hərəkatını ürəkdən alqışlayıram.

Bəzi insanlara demək istəyirəm ki, bu mübarizə on bir ay yeyib, bir ay orucluq prinsipi ilə aparılmayacaq. İlham Əliyev Heydər Əliyevin oğludur. Bu mübarizəni sona kimi davam etdirəcək.

Bu mübarizənin tərəfdarları getdikcə artacaq. Yaxşısı budur, yemək üçün yaşamayaq, xalqa, vətənə böyük məhəbbətlə, gözəl ideyalarla yaşayaq, gözümüz tox olacaq, ömrümüz əbədi.

"525-ci qəzet"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG