Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Ağdaş rayon Prokurorluğunun müstəntiqi rüşvət almaq ittihamı ilə saxlanıb. Baş Prokurorluğunun mətbuat xidmətindən martın 18-də verilən məlumata görə müstəntiq narkotik maddə satışına görə tutulan bir nəfərin arvadından 7400 ABŞ dolları alaraq onun cəzasının yüngülləşdiriləcəyinə söz verib.

Baş Prokurorluqdan bildirirlər ki, həmin müstəntiq rütbədən məhrum edilib və işdən qovulub. Bundan savayı ona qarşı qulluq mövqeyindən faydalanmaqla dələdurluq etmək ittihamı ilə cinayət işi açılıb. Hazırda həbsdə saxlanan keçmiş müstəntiqin yaxınları və ya vəkillərinin ittihamlarla bağlı mövqeyi hələlik məlum deyil.

Bu ittiham sübut edilsə, keçmiş müstəntiqi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla (və ya olunmamaqla) üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Dünən də Bakıda universitet rektoru və daha iki əməkdaşı rüşvət almaq suçlaması ilə tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Bakıda fəaliyyət göstərən Moskva Dövlət Açıq Universitetinin rektoru, prorektoru işçisi korrupsiya, vəzifədən sui-istifadə və digər əməllərdə şübhəli kimi saxlanıblar.

Hələlik onların da yaxınları və ya vəkilləri ittihamlarla bağlı heç bir söz deməyiblər.

Azərbaycanda yanvarın sonundan rəsmi səviyyədə korrupsiya ilə mübarizə kampaniyası gedir. Bu istiqamətdə prezidentin bir neçə fərmanları olub.

Dövlət Başçısı Baş Prokurorluq yanından Korrupsiya ilə mübarizə İdarəsinin əməkdaşlarının sayının və maaşlarının artırılması barədə fərman imzalayıb. Martın 18-də isə prezident “Prokurorluq haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklik haqqında parlamentə layihə göndərib.

Artıq millət vəkillərinin təsdiq etdikləri sənəddə prokurorluğun korrupsiya ilə mübarizə idarəsinin əməkdaşlarına əməliyyat-axtarış fəaliyyəti aparmaq ixtiyarı verilir.

Sənədin müzakirəsi zamanı hakim YAP-dan olan millət vəkili Siyavuş Novruzov bildirib ki, “elə bil korrupsiyaya qarşı mübarizə adı altında insanların həbsi dəb forması alıb. Elə hər belinə tapança taxan, əyninə forma geyinən adam istintaq apara bilməz, istintaq aparanın təcrübəsi olmalıdır”.

Müxalifətdə isə hesab edirlər ki, indi hökumətin apardığı korrupsiya əlyehinə tədbilər ciddi nəticə verməyəcək, çünki rüşvətin qarşısını alan digər mexanizmlər – azad media, müstəqil məhkəmələr, hakimiyyətin demokratik bölgüsü yoxdur. Ona görə də məsələn, AXCP sədri Əli Kərmli hazırda ölkədə rüşvət almayan məmurların sadəcə olaraq korrupsiya pəhrizi saxladıqlarını, az sonra hamının yenə əvvəlki qaydada rüşvətini almaqda davam edəcəyini deyib.

Şərhləri göstər

XS
SM
MD
LG