Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:59

Orxan Orxanov "çıxılmazlıq nəzəriyyəsi" (Romandan daha bir parça)


Nurcanın ailə rəsmləri toplanmış albomunu vərəqləyib, düşünmək olardı ki, qadının xoşbəxtlik haqda təsəvvürləri bütün cizgiləri ilə illər əvvəl, uşaqlıqda formalaşıb.

Həyatın bir anını tutub saxlamaq, qorumaq və illər sonra izləmək üçün sadəcə iki rəng – ağ və qara da kifayət edir, o bunu bilirdi, olsun ki, darısqal mənzillərinin divar kağızı ucuz və cırıq, qara izoləedici lentlərlə hər tərəfdən yapışdırılmış, geyimləri nimdaş və solğun, hətta gün-güzəranı babat qohumlardan qalma, yedikləri yemək isə uzun müddət kartof qızartmasından artığı olmurdu, buna baxmayaraq, yaşayırdılar, hətta olurdu ki, pis də yaşamadıqlarını, ən əsası hələ də addımlaya bildiklərinə, televizorda göstərilən yeni filmlərə, dövlət başçısının vəd etdiyi işıqlı gələcəyə sevindiyi olurdu.

Nurca o günləri xatırlayır, anası işdən çıxıb evlərinə iki-üç saatlığına gecikirdisə, o yaxşı başa düşürdü ki, Raya xala evə əliboş dönəsi deyil, gənc yaşında həyatda oğlu və qızından başqa kimsəsi qalmamış qadının getməli yeri də yox idi, hərdən zəng edib uşaqlarının daha əyinlərinə yaramayan və ya yarasa da, köhnəlmiş paltarlarını təklif edən uzaq qohumları, iş yoldaşlarının mənzillərindən başqa, amma orda da çox oturmaz, polietilen paketə yığılıb dəhlizin bir küncünə qoyulmuş geyimləri götürüb, evlərinə qayıdardı.

- Yox, çox sağ olun, uşaqlar evdə təkdi, qorxurlar sonra, mən gec gələndə, - Nurca anasının dilindən bu cümləni heç vaxt eşitməmişdi, amma anasını xatırlayanda həmişə onun səsi ilə qulağında bu sözlər cingildəyird.

Raya xala əvvəllər evə gətirdiyi köhnə uşaq paltarlarını kiçik Nurcaya, qapıdan içəri keçən kimi, yorğun və dünənkindən heç nəyiylə fərqlənməyən gününün yeganə təsəllisi – qızının ətli dodaqlarını büzüb anasının hər iki yanağından öpəndən sonra verər, yalnız bundan sonra yollanardı əynini dəyişmədən birbaşa mətbəxə, dünən axşamdan bişirib hazır etdiyi yemək qazanının altını qızdırmağa.

Yemək isinən vaxt, Raya xala da əynini dəyişib, həyətdəki iy verən ümumi ayaqyoluna gedərdi.

Bu üfunət qoxusu ilə heç cür bacara bilməyən qadın iy verən dünyaya aid olmadığını göstərmək üçün ayaqyolundan bir az aralıdakı kranın kənarında asılmış dəsmalla qurulanmaz, əlinin suyu axa-axa evlərinə keçərdi.

Gündəlik həyat, gözdən qaçan kiçik təfərrüatları, dözülməz adiliyi ilə özü öz əfsanəsini yaradar, bağlı qapılardan, pəncərələrdən yol tapıb onların həyatlarına daxil olardı.

Yemək isinən vaxt, Raya xala ayaqyolunun üfunətini doğru gedərkən, həmin üfunətdən geri qayıdarkən, kiçik qızı da anasının gətirdiyi nimdaş geyimlərini əyninə keçirib, nə vaxtsa üzərinə televizorun qoyulduğu kiçik yazı masasının üzərinə çıxıb arıq bədənini sağa-sola yellədər, nazlanardı.

- Necədi, ana? Mən qəşəngəm, yoxsa sən?

Qızıyla arasında hansısa gizli xəbərləşmə dili yaranmış Raya xala adəti üzrə yemək otağına daxil oldub başını sağa tərəf çevirdiyində kiçik yazı masasının üstünü boş gördü.

Nurca divar saatının altında dayanmış, anasının gətirdiyi qırmızı rəngli donun sinəsindəki dəlikdən iki barmağını birdən keçirib eyvana tərəf baxırdı.

Düz-əməlli tanımağa macal tapmadan itirdiyi qumarbaz atasının həbs olunub koloniyaya göndərildiyi gündən Nurcanın yeganə sevinci anasının əlində zənbil evə döndüyü kədərli axşamlar idi. İndi birdən-birə həyatdakı yeganə yaşama səbəbi – altı yaşlı qızının zərid aləminə uzaq qohumlarının bağışladığı qırmızı don vasitəsilə dünya öz qəddar zarafatlarıyla daxil olmuşdu.

Gəl indi, altı yaşlı uşağa başa sal ki, bu donu səndən qabaq da geyən olub. Sənin belə ürəyin axan bu qırmızı rəngli donu ona görə sənə veriblər ki, onun keçmiş sahibinin indi daha qəşəng, daha bahalı, başqa bir donu var.

O deşiyə də elə-belə, fikir vermə, yemək yeyək, səni yatdırıb tikərəm, elə tikərəm ki, heç sən özün tapa bilməzsən onu, - Raya xalanın fikrindən keçən təxminən bu kəlmələr idi, amma necə başa salaydı bütün bunları gözünün yaşı burnunun suyuna qarışmış qızına.

Ailə albomu isə vərəqləndikcə, bitmək bilmir. Ağ-qara fotolar, boz həyat bir-birini əvəz edir.

Təsadüfən, taleyin narahat təsbehinə düzülmüş təəssüratı yaradan bu fotoların ardıcıllığı pozulur, qəflətən araya doxsanıncı illərin əvvəllərində Bakıda zənginlər arasında təzə-təzə dəbə minmiş Poloroid tipli fotoaparatla çəkilmiş bir neçə rəsm daxil olur. Nurca o günü yaxşı xatırlayır. Fərhad həmin fotoaparatı iş yoldaşından bir günlüyünə götürmüşdü, lenti az qala, nəsillikcə pul yığıb almışdılar.

Təhminəni xatırlayır. Qarşısında dayanın şəkil çəkdirdikləri o çörək mağazasının önündə illər əvvəl gənc yaşında namus üstündə qətlə yetirilmiş qonşularının həyatla vidalaşan baxışları indi bütün fotolardan, çevirdiyi hər səhifədən ona boylanır. Yenə o günkü kimi imdad diləmir, sadəcə baxır, bu səssiz baxışı ilə yenə də nəsə deməyə çalışır.

İşləri-peşələri minillik tut ağacının kölgəsinə düzdükləri üç iri daşın üstünə aşırılmış tilişkələri hər dəfəsində dirsəklərinə batan lay taxtadan quraşdırdıqları əldəqayırma masada axşamacan nərd atmaq olan Poxludərənin sözü keçən beş cayılından biri – sökük alt paltarından bayıra fışqıran sinəsindəki tüklərdən savayı həyatında öyünməyə başqa məna tapmayan otuz yaşlı Ağoppa doğma bacısını bir-iki qonşunun sözünə görə, məhlənin ortasında qətlə yetirən gün, tərs kimi məktəblər güclü yağan qar səbəbindən üç günlük tətilə bağlanmışdı və çörək almağa bu dəfə Raya xala yuxudan ayıltmağa heç vaxt əli gəlmədiyi avaragor oğlu Adili yox, Nurcanı göndərmişdi.

Təhminə - əri yol çəkmək üçün yollandığı uzaq Sibirdən heç vaxt qayıtmamış otuz yaşlı qadın atası evinə qayıtmış, anası və qardaşı ilə kiçicik daxmaya sığınmışdı.

İndi o günahını boynuna almış kimi susur, sadəcə başını aşağı dikərək qardaşının çıxaracağı son qəti qərarı gözləyirdi.

Belə işlərdə sonun nə olacağını arxa məhəllənin digər bütün sakinləri kimi Təhminə də çox yaxşı bilirdi, adət bu anlarda heç bir dəlil-sübut gözləmədən günahkarın öldürülməsini tələb edirdi və çox guman baxışlarıyla, Təhminənin incə boynuna zillənmiş solğun baxışlarıyla xain çıxmış bacısına bir yerə ayrılmamağı əmr edən Ağoppa evə yollanmışdı ki, itilənməkdən tiyəsi barmaq nazikliyi qazanmış mətbəx bıçağını tezbazar qapıb, namusunu təmizləsin, yoxsa daha heç vaxt məhəllə cayıllarının gözlərinin içinə dik baxa bilməz, ardınca dolaşan söz-söhbətlərə evinin qapısını qapatsa belə, içindəki sınmışlıq duyğusu onu yeyib bitirərdi.

Sən gəlincə, xətrinə dəyməmək üçün söhbətin mövzusunu dəyişəcəklərsə, heç olmasa nərd oynayanda belə, ard-arda şeş-qoşa gətirən qara bəxtinlə fərəhlənə bilməyəcəksənsə, o budaqlarına küləyin Bakının ayrı-ayrı məhəllələrindən gətirdiyi pox-püsürü ilişdirmiş tut ağacının kölgəsinə kişi kimi sığınıb çatlamış armudu stəkandakı çaydan qurtumladıb, qəndqabına daha çox bəzək üçün qoyulmuş yeganə marmeladı şəstlə ağzına atıb, tünd rəngli çaydan daha bir qurtum alıb, “hə, nə deyirdim?” soruşa bilməyəcəksənsə, kimə lazımsan.

Təhminənin məhəllədən mətbəxə uzanan təxminən iki dəqiqəlik son anlarında Ağoppanın beynindən keçən fikirlər yəqin ki, bunlardan ibarət idi.

Nurca başını qaldırmadan nəmli gözlərinin ucuyla ətrafa boylanan otuz yaşlı qadına yaxınlaşıb yalvarışa bənzər “Get burdan”, - nidasını eşidəndə, ağlına belə gətirməzdi ki, bu sözlər Təhminənin ölümündən qabaq dilindən çıxacaq son kəlmələrdir.

Pəncərə qarşısına keçib şəhəri izləyən Nurca Təhminənin ölüm hökmünün nərd taxtası ətrafında çıxarıldığını, yanındakılardan bacısının gəzəyənliyi haqda eşidib əlində qoşaladığı zəri bir qırağa tullayıb evlərinə yollanan Ağoppanı təsəvvür edir. Sonra gülümsəyir Nurca, hələ məktəbliykən oğlanın tüklü sinəsinə sarılıb necə yuxuya getmək istədiyini yadına salır.

O vaxtlar on dörd – on beş yaşlarında Poxludərənin sonu görünməyən tozlu yollarında anasıyla xalça yuyan qız oğlanın acığına götünü dombaldıb onun şəhvətini oyatmaqdan zövq alardı. Nurcanın gözündə Ağoppanın əlində tutduğu bıcaq canlanır.

Yeniyetməlik illərində Ağoppanın cinsiyyət alətini də o bıcaq qədər güclü, o bıcaq qədər sonsuz təsəvvür edərdi.

Tarixini dəqiq xatırlamasa da, yadındadır ki, həmin il şaxtalar Bakı üçün çox tez – noyabrın ortalarında başlamışdı.

Nurca buna əmindir, çünki 21 noyabrda qardaşının ad günü gəzməyə yollandıqlarda, dənizdən əsən xəzri küləyinin donduruculuğundan Xəzər sahillərində yerləşən Kukla teatrının binasına qədər addımlamaq fikirlərindən daşınıb, tez-tələsik evə qayıtmışdılar.

Qar yağmağa hələ başlamamışdı. Hətta Nurca həmin günün işıqlanmasını da xatırladır. Kukla teatrına uzaqdan-uzağa, Natəvanın heykəli yanından boylanırlar.

Əslində kinoteatr həndəvərindən teatr binası görünmür, amma Nurca noyabrın qurğuşun rəngində gördüyü həmin günü yada saldığında Kukla teatrına necə boylandığını, bu zaman yol kənarlarına əkilmiş ağacların ona mane olduğunu təsəvvür edir.

Əlbəttə, qar yağsa idi, dəniz ilə aralarındakı boşluğa sığınmış hər şey – yol qırağına əkilmiş ağaclar, teatr binası, bəlkə on doqquzuncu əsr şairi Natəvanın heykəli də, xatirələrin köhnəliyinə, köhnəlikdən yaranmış əzizliyə sığınıb, tamam başqa cür xatırlanardılar.

Külək amma çox sərt əsirdi, heç bir ümid yeri buraxmırdı.

Nurca indi düşünür, Bakı heç vaxt bu qədər “küləklər şəhəri” olmayıb, heç vaxt yad səyyahların ona verdiyi bu adı qardaşının ilini unutmasa da, necə üşüdüyünü əsla yaddan çıxara bilmədiyi həmin ad günündəki qədər təsdiqləməyib.

Küləkdən qaça bilmirdilər.

Dənizdən əsən soyuq şimal küləyi xəzriyə arxalarını çevirib, cəld addımlarla avtobus dayanacağına tələsdikləri vaxt yanlarından ötən hər kəs - özü də az deyildilər, iş saatı təzəcə başa çatmışdı, bütün Bakı harasa tələsirdi – biganə addımları ilə onlara küləyi xatırladırdı.

Rəngi addım-addım solmuş yol da qurğuşun gündən nəsiblərini almışdı – yan-yana düzülmüş daşların arasına dolmuş günəbaxan tumu qabıqlarını, kiçicik zibil parçalarını külək sovurub göyə qaldırır, yenidən şəhərin üstünə səpirdi.

Nurca pəncərəni örtüb, otağın içərilərinə keçdi. Ayağı laxlayan qoltuğa əyləşdi. Üstündən xeyli müddət keçmişdi.

Hələ o vaxt Sovet İttifaqı da dağılmamışdı. Daha doğrusu, Sovet İttifaqının dağılmasına hələ çox var idi.

Ölümsüzlüyə tərk edilmiş şəxslər kimi, zaman bir anda onun bütün həyəcanını məhv etdi. Amma xatırlamağa çalışdıqda, yaddaşında ilk canlanan yenə də Təhminən nəmli gözləri və çox asta səslə “get burdan!” yalvarışı olur.

Küçədə hürən it bir qədər əvvəl unuda bilmədiyi soyuq və küləkli gün kimi zamanın arasına girir, hər şeyi qarışdırır, sanki Bakı küləyi kimi, şəhərin dörd bir tərəfindən gətirdiyi zibili gözdən-qulaqdan uzaq məhlənin ortasında ucalan söyüd ağacının budaqlarına saplayır, həmin ağacı bir göz qırpımında gerçək bayram ağacına çevirir, sonra da kimsəyə bu haqda heç bir söz demədən, gedir başqa ağacları bəzəməyə, başqa məhəllələrdə gəzməyə.

Öləcəyini bilə-bilə ona bu sərt hökmü çıxarmış qardaşının qərarına zərrə qədər etiraz etməyən qızın davranışı illər sonra da, Nurcanı qətl gününün axşamındakı qədər təəccübləndirir, ölümünə etiraz belə etmək istəməyən Təhminənin qərarını izah etməyə içində bir söz, ən adi bir səbəb tapmaqda çətinlik çəkir. İt isə hürməyi dayandırmır.

Hərdən, çox böyük fasilə ilə yol kənarı ilə avtomobillər də ötür.

Bütün bunlar, cavabını tapa bilmədiyi və əvvəlini unutduğu şərtilikləri kimi həyatın Nurcanı diksindirir.

Yalnız üstündən bir neçə gün keçdikdən sonra, Təhminənin kirli qar üstünə damcılanmış qanı tapdaq altında yoxa çıxdıqdan və qızın yas çadırı gecənin ortasında Adilin də köməkliyi ilə sökülüb kuzovuna iri qara hərflərlə “MEBEL” yazılmış yük maşınına yığıldıqdan sonra, Nurca gecələri səksəkə içində ayılmadan yuxulamağa başladı. Buna baxmayaraq, söyləmək olmaz ki, Nurca qətl gününün ağırlığını həyatından belə tezliklə atmağı bacardı.

Məsələn, hər dəfə evlərinin nənədən qalma qara tutacaqlı iri mətbəx bıçağını gördükdə, içində qorxu keçirmək vərdişini biryolluq unutması üçün aylar lazım oldu.

Əlbəttə, bir gün hər şey unudulur. Yayın gəlişi ilə məktəblər də tətilə bağlandımı, Nurca üçün həmişəki qara günlər başlayır, evdən bayıra çıxmağına icazə verilmir, belə anlarda ən qara, ümidsiz fikirlər qızın beyninə qonaq gələr, onu saatlarla pəncərədən bayıra boylanmağa məcbur edərdi.

Tərs kimi, evlərinin pəncərəsi şəhərə yox, gəlib-gedənin olmadığı məhəlləyə açılır. Bəzən ard-arda iki nəfər görmək üçün bir saat gözləmək lazım gəlir.

Belə olduqda Nurca şəhərin tamam başqa səmtlərini təsəvvürünə gətirir.

Bakını yaxşı tanımasa da, gördüyü yerlər, şəhərin mərkəzi və məktəb ilə evləri arasındakı dörd məhəllədən artıq olmasa da, inanır ki, elə küçələr, elə meydanlar var ki, orda günəş tamam başqa cür kölgələr yaradır, adamlar ikiləşir, gözdən itib, bir qədər sonra, yenidən üzə çıxırlar.

Bütün bunlara inanmaq üçün Nurca çox böyük idi, amma həyat o qədər boz idi ki, istənilən şəhər əfsanəsi ona olduğundan daha doğma, daha inandırıcı görünürdü. İnanmaq istəyirdi ki, doğrudan da Adil anasından gizli çəkdiyi “Kosmos” siqaretinin qutusundan uduşlu kodu tapacaq, hədiyyə kimi onlara şəhərin mərkəzində üçotaqlı mənzil verəcəklər.

Universitetə qəbul olunduqdan sonra, Simbadla şəhərin ucqarlarında, doqquzmərtəbəli binaların səssiz liftlərində yaşadıqları dəli sevginin sonrasında, ağzından sevgilisinin sperma qoxusu çəkilsin deyə, “Turbo” saqqızını son ümid kimi çeynədəyi anlarda təzədən gözləri önünə o qara bıçağı gətirəcəkdi Nurca – bu dəfə avaragor qardaşı Adilin əlində.

Nurca yaxşı bilirdi ki, Ağoppanın bir göz qırpımında ölüm fərmanını çıxarıb elə həmin dəqiqə də icra etdiyi gün Təhminənin yas çadırını sökən qardaşı Adil də digər Poxludərə cayılları kimi bu həyat dərsini “beş”ə mənimsəmiş, ən kiçik şaiyə və ya şübhə anında ayağı sürüşgənlikdə ittiham olunan bacılarını qətlə yetirib namuslarını təmizləmək fənnindən imtahana necə hazırlaşdıqlarını sübut etməyə fürsət axtarırdı.

Elə buna görə, oğlanın bütün israrlarına, vədlərinə baxmayaraq, cinsi əlaqədən boyun qaçırır, yeganə çıxış yolu kimi onu ağzı ilə qane etməyə çalışırdı.

Təhminənin ölümündən sonra, özü öz ayağı ilə gedib milisə təslim olsa da, Ağoppanın kabusu Poxludərədə dolaşmağa davam edirdi.

Hətta qətl günü oğlanın əynində olan, bir gün əvvəl Təhminən öz əlləri ilə ütülədiyi dama-dama şalvar da birdən-birə məhəllədə dəb oldu.

Yaxın iki ay ərzində məhəllədə, yaxud evdə, istisna deyil ki, yaxın səmtlərdə də üz-üzə gələn iki qonşu arasında istənilən söhbət bu cinayətə toxunmadan ötüb keçmirdi.

Ağoppaya məhkəmə ölüm hökmü kəsdi və bu Poxludərənin onun barəsində eşitdiyi son xəbər oldu.

Heç kim bilmədi ki, qərar icra oldundu, yoxsa günün birində məhbəs küncünə atılıb güllələnəcəyi anı gözləyən oğlanın əfv ərizəsinə yuxarı məhkəmə tərəfindən müsbət cavab verilib, Təhminənin qan bahası on beş illə əvəzlənib.

Heç kim bu barədə xəbər tutmadı, çünki məhkəmə gözlənilən sonluqla bitər-bitməz, bir neçə ay ərzində Poxludərə cayıllarının qəhrəmanına çevrilmiş Ağoppa da birdən-birə, bacısının qar üzərindən yox olan qanı kimi unudulub getdi və onun haqda gəzən bütün söz-söhbətlər, hətta Təhminənin günahsız öldürüldüyü, yersiz şaiyələrə qurban getdiyi barədə dolaşan pıçhapıçlar da Ağoppayla bərabər tamam unuduldu, tezliklə hamının yadından çıxdı.

Poxludərə bu söhbətlərə yalnız bir neçə il sonra, Xalq Cəbhəsi fəallarının qapı-qapı gəzib erməni ovuna çıxdıqları axşamların növbətisində, təndir çörəyi satılan köşkdən bir neçə addım aralıda içki şüşələri yığmaq üçün açıq göy rəngli plastmas talvarların üstündə oturub nərd atan beş-altı kişinin gözü qarşısında üç oğlan ayaqları altına salıb döydükləri erməni əsilli Rafiqi şikəst buraxdıqları gün, sakinlərdən kimsə “Bunlarda lap Ağoppa qaniçənliyi var”, - söyləməklə köhnə əfsanəni yenidən Poxludərəyə qaytarmış, heç bir təbliğatın nail ola bilməyəcəyi uğurla, Təhminənin qətlini unutmuş məhəllə cayıllarını yönəltmişdi birbaşa Xalq Cəbhəsinin gizli mənzillərdə yerləşən gözdən uzaq qərargahlarına.

Köhnə bakılılara xas ləhcəsinə son zamanlar yeni-yeni dəbə minən “perestroyka” kəlməsini də əlavə edib, yerli-yersiz hər cümləsində istifadə edən altmış yaşlarındakı jurnalist və ona bələdçilik edən Zuzu – Poxludərə cayılları ou məhz belə çağırırdılar, - Zabitlər parkında bir neçə gün öncə erməni bilib döyülən, məlum olanda ki, xalis türkdür, rahat buraxılan tələbənin sınmış burnu və göyərmiş gözü haqda uzun-uzadı danışıb geniş magistralı ayıran xəttlərə gəlib çatanda ayaq saxladılar.

Zuzu daha sonra Təhminənin sağlığında çıxdığı oyunlardan yaşlı jurnalistə məlumat verdi, amma bütün təkidlərə baxmayaraq ətraflı heç nə söyləmədi.

- Mənə danışarsan sonra? – illər sonra ehtirası beyninə vurmuş jurnalistin həmin ədasıyla Nurca da Simbadın qış yalnızlığının daha bir gününü mərd-mərdanə sinəyə çəkib yola verən Mərdəkan çimərliyindən şəhərə qayıdan avtobus, onun erməni konduktoru və on beş – iyirmi sərnişinindən yadda qalan o ikisini – sürücünü “qandon” adlandıran qoçuyla, “qandon” kəlməsininsə heç vaxt eşitmədiyi erməni adı olduğunu düşünüb, oğlanı əzizləməq məqsədiylə “Qandoncan, balam, oğlan düz deyir, bəlkə tələsəsiz?” demiş qoca arvadı yada salıb gülüşə qərq olduğunu görüb, elə bu səmtdə ondan “Simbad, niyə gülürsən?” soruşmuşdu.

- Heç, elə-belə, yadıma köhnə bir söhbət düşüb.

Bundan sonra ta Poxludərəyə enənəcən onlar arasında heç bir söhbət yaşanmayacaqdı.

- Mənə danışarsan sonra? Nurcanın bu yarısual, yarıhökmü də sevgilisinin gülüşü səbəbinə daxil olmaq cəhdindən daha çox, bəlkə özünün də anlamadığı bir dillə əlaqələrinin heç birinə məlum olmayan gələcək inkişaf planlarına təsir göstərmək cəhdi, bir ismarış idi ki, o gələcəyini məhz Simbadla qurmaq istəyir.

İllər əvvəl yolun yarısında ayaq saxlayıb qarşıdan gələn avtomobillərin qırmızı işıqda dayanacağını gözləyən əlli yaşlarındakı jurnalistlə məhəllə uşaqlarının Zuzu adlandırdıqları Zaur səbəbi Təhminənin qətli olan tanışlıqlarıyla illər sonra bu səmtdəki Simbad və Nurca üçün bəlkə də bir cığır, yaxud da yol göstərən olacaqdılar.
Amma yox, həmin vaxt heç bir jurnalist özündə cəsarət toplayıb Poxludərə gələ, Ağoppanın cinayəti haqqında məqalə hazırlaya bilməzdi.

Nurcanın fikirlərində dönə-dönə qayıtdığı o zamanlar – səksəninci illərin sonları, ermənilərlə yeni-yeni qızışmağa başlayan açıq qarşıdurma zamanı Bakının haqqında daim susulan bir səmtində yaşanmış, səbəbi də elə hadisə yeri qədər Sovet mətbuatında işıqlandırılmayan cinayətə yerli jurnalistlərdən hətta ən məşhurlarının belə girişməyə cəsarətinin çatmayacağı ona lap çoxdan bəlliydi.

Bütün bunlar özünün hərtərəfli əlaqələrini gözə soxmaq istəyən Zaurun yalanlarından başqa bir şey deyil. Yanına salıb arsız-arsız Poxludərəyə gətirdiyi o eynəkli, dağınıq saçlı kişiysə, yəqin ki, uzağı hansısa orta məktəbdə dil və ədəbiyyat dərsi deyirdi, gəlmişdi Zaurgilə ki, Gürcüstandan göndərilmiş tərtəmiz çaxırı nuş eləsin.

Universitet illərində yerli qəzetlərə arabir tələbələrin həyatı barədə məqalələr göndərən Nurca daim mərkəzdəki birilərinin inam dairəsinə daxil ola bilmək üçün çalışan jurnalistlərin sensasiyadan kənar qaçdıqlarını hələ o vaxtdan bilirdi.

Hansısa uzaq kənddə rekord miqdarda pambıq yığmış qızlar və ya mal-qarası hamıdan çox bala vermiş qarımış arvadların həyatları barədə məqalələrin həmin qəzetlərin köhnəlmişlik qoxan və duyğunu hər kəsdən çox baş redaktorlarının sifətlərində daşıyan redaksiyalarında necə sevildiyini də çox yaxşı bilirdi.

Onu da bilirdi ki, sevimli mövzular bölməsində növbəti yeri hansısa dağ kəndinin yaşı yüzü haqlamış qocaman sakinin uzunömürlülük reseptləri tutur.

İndi Zaurun arxasına salıb məhəlləyə gətirdiyi yaşlı jurnalist də çox uzağı, həyatı boyu ən cəsarətli hərəkətini edib günün günorta çağı addımını atmağa cürət etmədiyi Poxludərəyə qaş qaralandan sonra gəlmişdi.

Gəlmişdi ki, gürcü çaxırından gillədib bir anda özünü ölməz gürcü şairi Şota Rustavelli elan etsin, pələng dərisi geyinmiş qəhrəmana çevrilib tullasın əldən-ayaqdan düşmüş cəmdəyini küçənin düz ortasına, götünü güclə hərləyə-hərləyə üz tutsun birbaşa Zabitlər bağının düz yanında saxladığı süd rəngli “Jiquli”sinə.

Elə Zaurun özündən heç nəylə fərqlənməyən o sarsağın olsa-olsa bundan böyük cəsarəti Zema xalanın – Nurca uzun-uzadı Zaurun anasının adını xatırlamağa çalışır, dəqiq bilmir ki, qadının adı gerçəkdən də Zemfira idi, yoxsa tamam ayrı, məsələn Məleykə, yaxud da Fatma idi, - sərdiyi dama-dama süfrənin üstündə unutduğu eynəyinin dalınca yollanması olardı.

O rəngli şəkil qətlin üstündən illər keçdikdən sonra, Təhminənin ağ qar üstünə qanı damdığı yerdə çəkilmişdi.

Həmin vaxt Nurcanın cəsarəti çatmamışdı, dayısı oğlunun ailənin şəklini çəkməkçün kimdənsə bir günlüyünə “Poloroid” gətirdiyi vaxt hamının qanını qaraltmağa, yenidən çoxdan unudulmuş, zamanın üstünə “tam məxfi” qrifi vurduğu qətli yada salmağa.

2006-2011

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG