Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:27

Polis nəzarətində olan «Binə»


«Binə» Ticarət Mərkəzi
Bakının Lökbatan qəsəbəsində yerləşən «Binə» Ticarət Mərkəzində martın 16-da aksiya olduğunu polislərin çoxluğu göstərir. Mərkəzin yaxınlığında isə post-patrul maşını dayanıb. Polislər əsasən mərkəzin qabağında, bir-birindən müəyyən məsafədə aralı dayanıblar. Elə müdiriyyətin qapısı qarşısında da rəhbərliyin mühafizəçiləri ilə yanaşı, polis əməkdaşları dayanmışdı.

Ticarət mərkəzinin özündə isə sakitlikdir, bəzi mağazalarda alış-veriş gözə dəyir, bir çoxunda isə satıcılar alıcı həsrətiylə qapıya göz dikiblər. Elə bizimlə söhbətdə də onlar alış-verişin zəifliyindən yüksək yer haqqını ödəyə bilmədiklərini və çıxış yolunu küçəyə çıxmaqda, yolu bağlamaqda gördüklərini deyirlər. Bizimlə söhbətdə isə adlarının və mağazaların nömrəsinin deyilməsini istəmirlər. Hətta Arif adlı bir sahibkar qarşıma dəftər-qələm qoyub dedi ki, danışdıqlarını bura yazım:

- Yaz ki, 40 kv metrlik mağaza üçün biz hər ay 900-1050 manat ödəyirik. Üstəlik, kim icarəyə götürübsə, ayda 800-2000 manat da kirə haqqı ödəyir. Elə biz də icarəyə götürmüşük. Onu da yaz ki, hər ay ticarət mərkəzinin rəhbərliyinə 30 manat da işıqpulu veririk.

BU PULLARI NİYƏ ÖDƏYİRİK?


Müsahiblərim deyirlər ki, əvvəllər hər mağazanın sayğacı olub, kim nə qədər elektrik enerjisindən istifadə edibsə, o qədər də vəsait ödəyib: «Hər mağaza ayda təxminən 4-5 manat işıqpulu ödəyirdi». Sahibkarlar bildirir ki, bir müddət əvvəl ticarət mərkəzinin rəhbərliyi yalnız bir sayğaca keçib və qayda qoyub ki, kondisioneri olan mağaza hər ay 70, digərləri isə 30 manat işıqpulu ödəsin. «Biz yalnız işıq yandırırıq. Hamımız soyuq metlaxın üstündə revmatizmə tutulmuşuq» deyən Vahid dayı ayağının altına qoyduğu taxta parçasını göstərir. Onun başına yığışmış yoldaşları da sözünə qüvvət verirlər:

- Çətindir, hamımız borcun-xərcin içindəyik. Yer pulunu ödəyə bilmirik. Tələbimiz budur ki, yerhaqqı aşağı salınsın.

«Binə» və «Sədərək» ticarət mərkəzlərində işləyən sahibkarlar vergiödəyiciləri olmalıdırlar
- Özünüzə qazanc nə qalır?

- Bu qiymətlərlə daha heç nə.

Sahibkarlar deyirlər ki, icarə haqqını (ayda 800-2000 manat) niyə ödədiklərini bilirlər, «bəs ayda 900-1050 manatı niyə ticarət mərkəzinə verməliyik? Bunu bizə izah edən yoxdur». Onların qənaətinə görə, ticarət mərkəzinə ödədikləri pul vergidir, amma inanmırlar ki, o pulun hamısı dövlət büdcəsinə keçirilir, hesab edirlər ki, bu pullar şəxsi ciblərə gedir. Onu da əlavə edirlər ki, başqa sahibkarlar kimi dövlətə vergi ödəmək istəyirlər.

RƏHBƏRLİYİN AKSİYADAN XƏBƏRİ YOXDUR

Biz də sahibkarların problemini araşdırmaq üçün «Binə» Ticarət Mərkəzinin rəhbərliyi ilə görüşmək istədik. Amma qapının ağzında dayanan mühafizəçilər dedilər ki, mərkəzin direktoru Kəbirə Məmmədovanın qəbula vaxtı yoxdur, köməkçisi Dilşad xanımın yanına gedək. Dilşad xanım da öz növbəsində, Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərova suallarımızı cavablandırmağı tapşırdı. Fuad Cəfərov isə martın 16-da sahibkarların etiraz aksiyası keçirməsini təkzib etdi, dedi ki, onların hər hansı bir etirazı varsa, yazılı şəkildə mərkəz rəhbərliyinə müraciət etsinlər.

Vergilər Nazirliyinin mətbuat xidmətindən isə bildirirlər ki, iri, o cümlədən, «Binə» və «Sədərək» ticarət mərkəzlərində işləyən sahibkarlar vergiödəyiciləri olmalıdırlar. Onların fiziki şəxs kimi qeydiyyata durması üçün mərkəzlərin özündə xidmət terminalları yaradılıb.

Natiq Cəfərli
Ancaq bu halda, yəni sahibkarlar fiziki şəxs kimi qeydiyyata düşərlərsə belə, onların ticarət mərkəzi rəhbərliyinə ödədikləri məbləğ dəyişəcəkmi? Bu sual ticarət mərkəzi rəhbərliyi sorğumuzu cavablandırmadığı üçün hələlik açıq qalır.

«BÜTÜN TİCARƏT MƏRKƏZLƏRİNİN SAHİBKARLARI, BİRLƏŞİN»

««Binə» Ticarət Mərkəzindəki hadisələr ölkədəki qeyri-bərabər rəqabət şəraitinin kiçik məkanda təzahürüdür» deyən iqtisadçı Natiq Cəfərli düşünür ki, bu problemlərin kökündə də rəqabətsizlik şəraiti durur:

- Yəni, insanların normal şəraitdə bir-birilə rəqabət aparmasına əngəllər yaradılır, onlardan qeyri-rəsmi rüsum tutulur, bəzi adamlara şərait yaradılır.

İqtisadçı ekspert hesab edir ki, sahibkarlarla ticarət mərkəzi rəhbərliyi arasında bağlanan müqavilə əsasən ticarət mərkəzi rəhbərliyinin maraqlarını güdür.

Natiq Cəfərli təklif edir ki, iri ticarət mərkəzlərindəki kiçik sahibkarlar birləşib öz həmkarlar təşkilatlarını yaratsınlar və öz hüquqlarını müdafiə etməyi bacarsınlar. Onun fikrincə, yalnız bu yolla sahibkarların yaranmış problemlərini həll etmək olar.

Şərhləri göstər

XS
SM
MD
LG