Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

Elxan Zal Qaraxanlı. Ölümlə seviş, Yağışlı sonet


Ölümlə seviş

Anam mənim,
göy üzündə qara bulud,
yer üzündə qara gecə.
Ömür ötür yavaş-yavaş
bədənimdən keçə-keçə.

Ömür gedir, ölüm gəlir
yaxasında it hürüşü,
dan yerində dodaq yeri qoyub gedir
ömrün sonuncu öpüşü.

Gedəcəyik, gilasların allığında
dodaq-dodaq qalmaq üçün gedəcəyik,
yovşanların arasında
sonuncu qurd nəğməsini
çalmaq üçün gedəcəyik.

Yeri, yeri bizli dünya,
yeri, yeri bizsiz dünya.
Ölüm ilə sevişimiz
qalıbdı kəbinsiz dünya.

Ömür boyu canımıza yığdığımız
kiri-pası çırpa-çırpa,
ölməzliyin yoncasından
astacana qırpa-qırpa
ilahə anamızın hörüklərindən
sallaşa-sallaşa
göyə gedəcəyik birbaşa.

1982


Yağışlı sonet

Nə yaxşı ki, çimişməyə macal tapdı ağaclar,
Plyajın mövsümü tammüza qaldı.
Bu payız duşunda nar dənələmək qisməti
bizimlə üz-üzə qaldı.
Reklam dumanları şəhər sisidir,
yarpaqlar üstündə gülüş səsi var.
Bu gecə yağışın benefisidir,
bu gecə ağaclar xorla oxuyar.
Damlalar tökülür nar dənəsi tək,
yağış şapalağı üzmü qızardar?
Gedək, bu işıqda bizi görən var,
Dur varaq gedək.

1999


Alatoran

Günün bütün mövzuları

XS
SM
MD
LG