Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19

Qaçay Köçərli. İndi həyanım itimdir mənim...


RUHUM İÇİMDƏ QƏBİRDİ


Üfüqlərə bu axşam
Qəriblik çöküb yenə.
Göydən qəriblik yağır
Torpağın sinəsinə.
İlahi, bu dünyada
Bu axşam gör nələr var.
Qərib nəğmə oxuyur
Qərib ağcda quşlar.
Hey axır qərib-qərib
Qərib sular çaylarda.
Hardan gəlib qəriblik
Doğulduğum bu yurda?
Göydə göy üzü qərib,
Yerdə yer üzü qərib.
Bu dünyanın özündə
Dünyann özü qərib.
Ruhum içimdə qərib
İşıq gözümdə qərib.
Niyə olub bu axşam
Özüm özümdə qərib.
Of, ürəyim sıxılır
Qəribliyin içində.
Bu axşam heç olmuşam
Mən heçliyin heçində.
Bu axşam hara gedib
Görən dünya dünyadan.
İndi qəriblik olub
Boş dünyaya hökmran.
Üfüqlərə qəriblik
Çöküb yen bu axşam.
Bu qəriblik içində
Özümdən yox olmuşam.


İNDİ HƏYANIM İTİMDİR MƏNİM


Kimsəsiz evimdə donuram buz tək,
Boranlı,qapqara kənd gecəsində.
Birdən bu buz məni əridir ürək
Həyətdə boy atan itin səsində.

Bu səsdən doğma səs tanımıram mən,
Ondan ürəyimə yaxını yoxdu.
Məni mənzilimdə udmaq istəyən
Gecənin köksünə sancılan oxdu.

Dövrəmdə ulayan yalquzaq divar
Bu səsi eşidib kəsir səsini.
Gecələr ulayan bu dörd canavar
Qorxudan ağzından buraxır məni.

Səsində əriyir gecənin xofu,
Əyrini,oğrunu daşa döndərir.
Dövrəmdə kiriyir gecənin xofu,
Səs deşib içimi boşa döndrir.

Həyətdə açılır bu səs şillə tək,
Həyətə yeriyən qorxuya dəyir.
Qorxunu atılan xəlvət güllə tək
Yerdən də,göydən də quş tək dənləyir.

Ümidi qəlbimdən qoymayır gedə,
Calayır sabahkı gül ümidlərə.
Gecənin xofunu boğub gecədə,
Gecədən çıxarır məni səhərə.

"Azərbaycan" jurnalı

Günün bütün mövzuları

XS
SM
MD
LG