Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:35

Aytən Nəsibbəyli. Göyqurşağı















Məni bağışla, Allah!


Bir gün məni bağışla,Allah!
Bir gün
Əgər o gün
Heç kim daha heç vaxt bağışlanmaq istəməsə.
O gün məni xatırla,Allah!

Bir gün məni bağışla,Allah!
Bağışla ki,
Bəlkə mən də
əlindən tutub qaldırım onu.
O öldürdüyüm
Kitablar arasında
Unutduğum qızı.

Bir gün mənə gülümsə,Allah!
Gülümsə ki,
Niyə,nəyə görə əzab çəkdim
Anlayam bəlkə!

Bir çiçək göndər mənə.
Bəlkə ən sevdiyin,
Ən ətirlisi.
Görüm aramızdakı fərqi,
Uçurumu.
Ölüm,ölüm,Allah
Gündə min kərə,
Milyon kərə.

Bir yağış istəyirəm,Allah,
Səndən
Damlasında əriyim,əriyim
Əriyim yox olum deyə.
Qarışım bu şəhərin
Bu çirkab,
Bu kirli sularına mən.
Kim deyir
Onlardan daha
Təmizəm mən?

Bir gün məni bağışla,Allah!
Bir gün
Əgər nə vaxtsa mən özümü bağışlaya bilsəm!

Unut məni,Allah!


Göyqurşağı

Bir gün çıxıb gedəcəm buralardan
Elə-belə
Səbəbsiz
Heç kimə demədən
Bir göyqurşağı tapacam
Uzaqlarda.
Rənglərini özüm boyayacam.
Rənglərinə boyayacam özümü.
Bir bahar var uzaqlarda,
bilirəm
bir bənövşə var ki,
əyilməyib boynu heç vaxt.
əyməyib heç kəs.
Bir yalan
Uyduracam özümə
Bir mahnı qoşacam.
Bir gün çıxıb gedəcəm buralardan .
Mahnıma
Yalanıma
”inanıb”gedəcəm.


AĞLA

Bir gün ağlamaq istəsən əgər.
Ağla
Ağla
“ölüb”gedən o yazıq qızın ardınca ağla
Bir dəyəri oldu bəlkə.

Bir gün ağlamaq istəsən əgər
Eləcə boş-boşuna ağla .
Bir səbəbi olmadan .
Bu dünyada səbəbini itirmiş o qədər dərd var ki .

Bir gün ağlamaq istəsən əgər.
Ağla .
Hönkür-hökür
Dəli kimi ağla .
Ağla qoy bilməsinlər
Kimdi “dəli”
Sən yoxsa dərdin?


Bir gün ağlamaq istəsən əgər
Ağla …
Ağla……

****

Yağışı sevmirəm.
Mənə sərinlik gətirmir.
Hər atəşi söndürür eşitmişəm .
Bəs illərdən bəri içimdə yanan
Alova niyə yağmır?
Damlasını saçıma taxıb
Gəzmişəm axşamlar.
Susuz dodağıma bir gilə atmayıb .
Qaçıram,
Bezar olmuşam yağışdan .
Mən dolu istəyirəm ömrümə.

****

Rənglər var:
Ağ,qara və boz.
Sənin ,
Mənim

Onun seçdiyi
Və bir də
Həyatımız var .
Ağ,qara və boz.
Sənin
mənim

Onun seçmədiyi.
Bezəndə,istəməyəndə
Xoşlamadığımız qara bir köynək
Bir qalstuk kimi
Ata bilmədiyimiz həyatımız .
Rəngində boğula-boğula
Rəngində çirkləndiyimiz
Həyatımız.
Ağ,qara və boz rəngli.
Sənin ,
Mənim

Onun həyatı .
Bəs göyqurşağı hanı?


****

Bax bu günəşə
Yalançı parıltısını
Taxıb üzünə
Qaçıb gizlənib hardasa.
Yenə qənim kəsilib günümə
Qaranlıq gətirir aydınlığımı.
Günəş aldadır məni
sevmir daha
isitmir.
Niyə???

****


OYUN

Bax bu da səhnəmiz!
Sən
Mən
Oyun məlum !
Oyuncaq məlum!
Dönüb-dönüb eyni yerdə
Sözümü unuduram mən.
Dilim sözə susayıb.
Ruhum sakit baxışa.
Bu nə hikmət?!
Bu nə düha?!
Qayıdıb qarşında baş əyirəm mən .
Yazdığın əsərə,
Yazdığın oyuna
Min bir afərin !
Min bir alqış!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG