Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:40
Zaur Qurbanlı 2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olanda 156 qrup yoldaşı vardı. 2007-ci ildə isə həmin qrupdan 219 nəfər diplom alıb. Bir il sonra hissə-hissə peyda olan 63 nəfərin qəbulu isə Zaur Qurbanlının dediyinə görə, universitetlər arasındakı anlaşma ilə baş tutur:

REKTORLUQ SƏVİYYƏSİNDƏ QƏBUL?

«Əminəm ki, o əlavə gələnlərin böyük əksəriyyəti adını heç vaxt eşitmədiyimiz universitetlərdən, hansısa universitetin filialından gəlirdilər. Guya bir kurs orda oxuyub, sonra gəlirdilər. Bəziləri qiymət də açıqlayırdılar ki, filan qədər rüşvət vermişəm, məni bura keçiriblər. Bilmirəm, TQDK-ya verirlər, yoxsa başqa yerə, amma onların özləri deyir ki, universitetlərarası həll olunan bir şeydir. Yəni rektorluq səviyyəsində həll olunur. TQDK-dan da əlavə, xeyli qəbul aparılır».

Zaur Qurbanlı 1 il sonra ortaya çıxan qrup yoldaşlarına istinadən deyir ki, qəbul üçün 60-70 min manat xərcləri çıxıb. Deputat Fəzail Ağamalı isə daha yüksək rəqəm açıqlayıb. Onun iddiasına görə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Tibb Universitetinə qəbul olmağın qiyməti 100-150 min manatdır. Deputat rüşvətin ünvanını da göstərib - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası:

«İLDƏ 700-800 ƏLAVƏ TƏLƏBƏ QƏBULUNDAN ALINAN PULLARIN MİQDARI MİLYONLARLA HESABLANIR»


«O da heç kimə sirr deyil ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100-150 min manatdır. İldə 700-800 əlavə tələbə qəbulundan alınan pulların miqdarı milyonlarla hesablanır. Tələbə qəbulunda rüşvətxorluğa son qoymaq üçün TQDK-da ciddi islahatlar aparılmalıdır».

BDU hüquq fakültəsinin dekan müavini Məhəmməd İmanlı bu məsələni AzadlıqRadiosuna şərh etmək istəmədi. O bildirib ki, əlində hüquqi fakt olmadığı üçün bu mövzuya münasibət bildirmək düzgün deyil.

Təhsil üzrə ekspert Etibar Əliyev TQDK-da bəzi sahələrdə islahatlar aparılmasına ehtiyac olduğu fikrindədir. Amma eyni zamanda düşünür ki, TQDK şəffaf fəaliyyətə görə, dövlət qurumları arasında örnək olanlardandır:

«Bütün abituriyentlər o prosesdə sənəd verəndən ta yekuna qədər izləyə bilirlər nəticələri. Və imtahan günü televiziya vasitəsilə doğru və yanlış cavablar səsləndirilir».

Ekspert deyir ki, təhsillə bağlı daha önəmli problemlər var ki, onu müzakirəyə çıxarmaq lazımdır:

«TƏLƏBƏ KÖÇÜRÜLMƏSİYLƏ BAĞLI CİDDİ NÖQSANLAR VAR»

«Hansı səbəbdən 70 faizə yaxın məzunun qəbulda iştirak etməməyi haqda, hansı səbəbdən Təhsil Nazirliyinin keçirdiyi buraxılış imtahanlarından sonra minlərlə insanın nazirliyin qarşısında piket keçirmələri haqda, ümumiyyətlə, təhsilin keyfiyyəti haqda danışılmalıydı. Burda tələbə qəbuluyla bağlı yox, tələbə köçürülməsiylə bağlı ciddi nöqsanlar var. 600-700 bal toplamış tələbələrin sırasına 2-ci kursdan sonra 100-200 bal yığmış tələbələr qatılır, köçürmə vasitəsilə».

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə də AzadlıqRadiosuna millət vəkilinin səsləndirdiyi fikirləri təkzib edib:

«MƏRKƏZLƏŞDİRİLMİŞ TƏLƏBƏ QƏBULU SİSTEMİ LƏĞV OLUNSUN»

«Ölkə ictimaiyyəti TQDK-nın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tam şəffaf şəkildə keçirildiyini, bu prosesdə yeganə meyarın bilik olduğun yaxşı bilir. Buna görə də deyilən həmin fikirlərin heç bir əsası yoxdur, tamamilə cəfəngiyatdır».

Deputat Fəzail Ağamalı TQDK-nın ünvanına dediyi tənqidlərdən sonra təhsil haqqında qanunun müzakirəsində irəli sürdüyü təkliflərini xatırladıb. Təklif isə ondan ibarətdir ki, mərkəzləşdirilmiş tələbə qəbulu sistem ləğv olunsun.

Şərhləri göstər

XS
SM
MD
LG