Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43
İlaxır çərşənbənin bayram əhval-ruhiyyəsi fonunda redaksiyanın planlaşdırmasında ortaya bir sual atıldı: Novruz bayramında Kosayla Keçəlin rolu, funksiyası nədir? Hətta həmkarım Babək dedi ki, gərək Kosayla Keçəlin geyimi ənənəvi yox, müasir olsun. Təbii ki, bu suallar, rəylər redaksiyadaxili mübahisələrə kökləndi, amma «doğrusunu tədqiqatçılar bilər» deyib folklorşünas Atəş Əhmədliyə üz tutduq.

KOSA İLƏ KEÇƏLİN BAYRAMDA MİSSİYASI NƏDİR?

«Kosa ilə Keçəl təbiətin ölüb-dirilməsini, dünyanın təzələnməsini göstərən simvollardı»,
- Atəş Əhmədli deyir. O izah eləyir ki, hələ Şumer mədəniyyətində təbiətin dəyişməsi ilə bağlı ayinlər olub, amma o, Novruz mərasimində bu ayinlərin Kosa ilə Keçələ tapşırılması tarixi barədə dəqiq fikir söyləmir. Deyir ki, Kosa ilə Keçəlin mərasimə daxil edilməsi karnaval mədəniyyətinin təzahürüdür:

- Əgər biz Kosanın cəhətlərinə diqqət yetirsək, geyimindən tutmuş xarakterinə qədər, gərək detalın üstündə dayanaq. Məsələn, Kosanın papağı şişdir. Bəziləri hesab edir ki, bu səmaya, hündürlüyə işarədir. Digərləri isə hesab eləyirlər ki, bu, Kosanın uzaqdan tanınması, seçilməsi üçündür. Ya onun əyninə geyindiyi paltar... Kosa cır-cındır geyimində olur, bu da köhnə ilə işarədir.

AX, BU SAQQAL!


Elə Kosanın saqqalı da köhnə ilin bitməsinə işarədir. Atəş Əhmədli deyir ki, ayin zamanı Kosanın ölüb-dirilməsi də köhnə ilin getməsi, yeni ilin gəlməsini göstərir. Keçəl isə ayin zamanı Kosaya kömək edən vasitəçidir. Bəs Keçəllə Kosanın geyimini müasirləşdirmək olarmı? Atəş Əhmədli qəti şəkildə «yox» deyir, onun fikrincə, bu, simvollara müdaxilə, əski mədəniyyətə müdaxilədir:

- Əski ənənənin forma sabitliyini qoruyub saxlamaq lazımdır, yoxsa biz onu ötürə bilmərik.

«ƏL VURMAYIN, ELƏ BU BƏSDİR!»


Folklorşünas deyir ki, Novruz bayramının tarixi laylarında bir çox dövrləri görmək olar. Bəs XX əsrin bu bayrama töhfəsi olubmu? Atəş Əhmədli deyir ki, əksinə, bu əsrdə bayram hakimiyyət təzyiqi olduğundan bəzi ayinlər unudulub:

- Əvvəllər martın hər çərşənbəsi ayinlərlə, mərasimlərlə keçirilirdi. Sovet ideologiyası bayramı sıxışdırdıqdan sonra bu mərasimlər İlaxır çərşənbə ilə Novruzun üstünə yükləndi.

XXİ əsrin izi neçə qalacaq bu bayramda? Atəş Əhmədli deyir ki, XXİ əsrin ən böyük töhfəsi bu bayramı qədim ayinləri, simvollarını qoruyub gələcək nəslə ötürmək olardı.

TEATRLAR DA NOVRUZA KÖKLƏNİB

Gələcək nəslə ötürmək üçün teatrlar bayram günlərində öz tamaşalarını Novruza kökləyib. Gənc Tamaşaçılar Teatrından Hüsniyyə Musaquliyeva deyir ki, kiçik tamaşaçıları Kosa ilə Keçəl qarşılayacaq və onlarla “bəs” deyincə əylənəcək. Sonra isə tamaşaçılar «İfritin kələyi» tamaşasından bir səhnəyə baxa biləcəklər. Biletin qiyməti isə 5 manatdır.

Heydər Əliyev adına saray isə «Şən qoğalın Novruz səyahəti» adlı musiqili tamaşa hazırlayıb. Amma bu tamaşa yalnız bir gün, martın 22-də göstəriləcək. Qoğalı bu səyahətdə hansı sürprizlərin gözlədiyini isə, rəqs kollektivlərinin ifasındakı tamaşaya baxsanız, görə biləcəksiniz.

Kukla teatrı da martın 21-dən 27-nə kimi «Gözəl bahar» adlı tamaşa hazırlayıb. Təbii ki, bu tamaşalarda da Kosalla Keçəlin öz yeri olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG