Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:33

«Texnikabank»ın 1 milyonluq kreditinin izi ilə


Birinci krediti bağlayıblar, ikinci dəfə təkrar 600 min dollar götürüblər
Birinci krediti bağlayıblar, ikinci dəfə təkrar 600 min dollar götürüblər
Sumqayıt şəhər Məhkəməsində Qubadlı köçkünü Seyfəli Familbəyli və onun dayısı Lətif Əhmədovla «Texnikabank» ASC-nin Sumqayıt şəhər filialının qarşılıqlı iddiasına baxılır.

MÜBAHİSƏLİ PUL KREDİTİ

Seyfəli Familbəyli deyir ki, Qubadlının keçmiş icra başçısı, bir il əvvəl intihar etmiş Əvəz Hüseynquliyevlə «Texnikabank»ın Sumqayıt şəhər filialının rəhbəri Müsənnif Salahov əlbir olaraq onun adından istifadə ediblər. Yəni, iddiaya görə, saxta yolla onun adına bir dəfə 450 min manat, ikinci dəfə 600 min ABŞ dolları məbləğində pul krediti götürüblər. Birinci dəfə kredit borcu ödənilib. 2010-cu ilin yanvar ayında Əvəz Hüseynquliyev intihar etdiyinə görə ikinci kredit borcunun ödənilməsi yarımçıq qalıb. İndi borc faizləri ilə birlikdə 710 min manatı ötüb. Kredit Seyfəli Familbəylinin adına rəsmiləşdirildiyindən bank ondan borcu ödəməsini tələb edir. Seyfəli Familbəyli məhkəmədə hakimin suallarını cavablandırarkən bankdan adına kreditin necə götürülməsindən danışıb:

«ƏVƏZ MÜƏLLİMƏ AĞSAQQAL KİMİ ETİBAR EDİRDİK»


Hakim:

- «Texnikabank» Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər filialında olmusunuzmu, ərizəylə müraciət edib kredit müqaviləsi bağlamısınızmı?

Seyfəli Familbəyli:

- Xeyr. Rəhmətlik Əvəz dayı mənə zəng elədi, universitetdəydim, «Texnikabank»ın həyətinə çağırdı, orda görüşdük, danışdıq, dedi ki, sənin adına bankdan pul krediti götürüləcək. Ailəmizin ağsaqqalı olduğuna, etibar etdiyimizə görə mən nə qədər və hansı məqsədə pul götürülməsi ilə maraqlanmadım. Getdik notariat kontora, Lətif dayımın arvadı da gəldi, bankın işçiləri də ordaydılar, dayımın adından mənə etibarnamə alındı. Bankın işçiləri göstəriş verirdilər ki, ora qol çək, bura qol çək, mən də çəkirdim. Ondan sonra qayıtdım universitetə, sonrasını daha bilmirəm.

Seyfəli Familbəyli məhkəmədə dedi ki, adına kredit pullar götürülərkən 1-ci kurs tələbəsi olub. Qubadlının keçmiş icra başçısı Əvəz Hüseynquliyevə bir ağsaqqal kimi ailəlikcə hörmətləri olub. Əvəz Hüseynquliyev onu sonralar bir neçə dəfə banka aparıb və o, bankda müəyyən sənədlərə imza atıb. Deməsinə görə, onun işi imza atmaqdan ibarət olub, sənədlərdə yazılanlardan xəbəri olmayıb. Məhkəmədə hakimin ona göstərdiyi bank sənədlərinə baxarkən isə Seyfəli Familbəyli imzaların çoxunun ona məxsus olmadığını dedi.

Hakim:

- Deyirsiniz ki, notariat orqanına, banka çağırıblar, müəyyən sənədlərə qol çəkmisiniz. Ancaq sənədləri sizə göstərirəm və soruşuram ki, bu imzalar sizindi, deyirsiniz ki, yox. Bunu necə başa düşək?

Seyfəli Familbəyli:

- Orda elə imzalar var ki, bank işçiləri məndən soruşurdular bu imzalar sənindir? Demişəm yox. Deyiblər ki, soruşan olsa deyərsən ki, bu imzalar sənindir. Bu imzaların çoxu mənim deyil.

«QUBADLI» ŞADLIQ EVİ ƏLİNDƏN ÇIXMAQ ÜZRƏDİR

Lətif Əhmədov
Qeyd olunduğu kimi, Seyfəli Familbəylinin dayısı Lətif Əhmədov da məhkəmədə iddia qaldırıb. O, iddiasında göstərib ki, bankirlə keçmiş icra başçısı onun adına külli miqdarda kreditləri sənədləşdirərkən o, özü ölkədə olmayıb. Çində olduğu halda onun adından bacısı oğlu Seyfəli Familbəyliyə əmlakına dair saxta etibarnamə alınıb. Bütün saxtakarlıqlar da bu saxta sənəd əsasında aparılıb. İndi bankda girov qoyulmuş «Qubadlı» şadlıq evi əlindən çıxmaq üzrədir:

«BU SAXTAKARLIĞI BANKİRLƏ KEÇMİŞ İCRA BAŞÇISI EDİB»


- 28 avqust 2007-ci ildə Bakı-Urumçi reysiylə Çinə getmişəm, 23 oktyabrda ölkəyə qayıtmışam. İki ay ölkədə olmamışam, bu, Dövlət Sərhəd Xidmətindən sorğuma cavab olaraq mənə verilmiş cavab məktubunda da qeyd olunub. Mən ölkədən çıxandan iki gün sonra – avqustun 30-da Xızı rayon dövlət notariat kontorunda bacım oğlu Seyfəli Familbəyliyə mənim adımdan saxta etibarnamə alınıb. Bu saxtakarlığı «Texnikabank»ın Sumqayıt filialının müdiri Müsənnif Salahovla Qubadlının keçmiş icra başçısı Əvəz Hüseynquliyev edib. Bu etibarnamə ilə həmin bankdan guya bacım oğlunun mənim əmlakımı girov qoyaraq 450 min manat götürməsi ilə bağlı müqavilə bağlanıb. Guya bu qədər pulu 1-ci kurs tələbəsi olan bacım oğluna ev tikmək üçün kredit veriblər. Mən xaricdən qayıdandan sonra da xəbərim olmayıb ki, əmlakım bankda girovdadır. Birinci krediti bağlayıblar, ikinci dəfə təkrar 600 min dollar götürüblər. Yenə həmin saxta etibarnamə ilə, mənim əmlakımı girov qoyaraq. Bu dəfə də kredit guya eyni səbəbə görə verilib bacım oğluna – ev tikməyə görə. Harada görülüb ki, bank kiməsə üst-üstə 1 milyon 200 min pul kredit versin ev tikməyə görə? İkinci dəfə kredit götürüləndən bir müddət sonra Əvəz Hüseynquliyev özünü güllələyərək intihar edib. Bundan sonra bankda faizlər yığılmağa başlayıb. Bir gün şadlıq evinə məktub gəldi ki, bankın pulu ödənilməsə, şadlıq evi banka keçəcək. Getdim Müsənnif Salahovun yanına ki, bu nə məsələdir, dedi narahat olma, özümüz düzüb qoşacağıq. Əvəzin götürdüyü puldur, öldüyünə görə ödəniş olunmayıb, faizlər yığılıb, həll olunacaq. Ancaq sonradan Müsənnif Salahov başladı ki, gətirin pulu ödəyin. Biz də verdik məhkəməyə. Bank gördü məhkəməyə müraciət etmişik, o da məhkəmədə qarşılıqlı iddia qaldırdı.

«ORA-BURA GETMƏKDƏNSƏ, DÖVLƏTİN PULUNU ÖDƏMƏK BARƏDƏ DÜŞÜNSÜNLƏR»

«Texnikabank»ın Sumqayıt filialının müdiri Müsənnif Salahov ittihamlarla razılaşmır. O, deyir ki, «Texnikabank» ASC ilə Seyfəli Familbəyli arasında bank-müştəri münasibəti olub.

Müsənnif Salahov:

- Sizə tamamilə yanlış məlumat veriblər, o iş indi məhkəmədədir. Əvəz Hüseynquliyevin kredit alınmasına heç bir aidiyyəti yoxdur. Krediti vaxtında qaytarmadıqlarına görə bank tələbin girova yönəldilməsi üçün məhkəməyə müraciət edib. Dövlətin pulunu alıblar, zəhmət çəkib qaytarsınlar. Özlərini iş adamı hesab edirlər, yollar axtarıb pulu qaytarmaq haqqında düşünməkdənsə, boş bir işlə məşğuldurlar. Bankla onların arasında bank-müştəri münasibəti olub.

Müsənnif Salahov deyir ki, kimin haqlı, kimin haqsız olduğunu məhkəmə qiymətləndirəcək.

Hakim Şövkət Nəcəfova bank sənədlərindəki imzaların Seyfəli Familbəyliyə məxsus olub-olmadığının müəyyənləşdirilməsi üçün xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərar qəbul edib. Bu səbəbdən də məhkəmənin işində qeyri-müəyyən vaxtadək fasilə verilib.

Buna da bax:

XS
SM
MD
LG