Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:08













Axı demişdim sənə...


Məsələn,
Dahiyanə yazmaq arzusuyla
sadələrdən başlamaq hər şeyə...
bütün xəzinələr
xarabalardadı,
axı...
Elə
ilk sətirlərə
sənin itirdiyin xəzinədən, başlamaq...
Bir az Nazimi dinləmək,
Bir az da,
“Şimdi sen de her kes gibisin” –
Deyib,
Çaydan bir qurtum almaq...
Sadə şeylər düşünmək...
Çox sadə...
Məsələn,
Qəndsiz çay kimi
Misraları acı içmək...
Bir az şəkillərə baxmaq...
Maskalarını saymaq...
İçindəki məxluqu
üzə çıxartmaq.
Axı nə qədər gülmək olar yalandan?..
Özünü yoxluğa vermək,
Sətirlərdə ərimək
kimi bir hisslə
Düşünmək...
axı demişdim sənə...
sözlər itmir...
hardasa bax elə orda
başımızın üstündəki
o göylərdə
sözlər buludu var...
sözlər yağış kimi
yağır evlərin damına
şairlərin qələminə...
axı demişdim sənə...
demişdim axı, şairlər bədbəxt olur...
demişdim axı tanrının
yer üzündəki zərrələridir, onlar...
bir gün o zərrələr birləşəcək...
tanrı gələcək....
...sus,
Bax elə indi...
Tanrı nəsə deyir mənə...


Sadədir hər şey...

Acı qəhvəylə başlayar sabahlarım...
Palçıqlı küçələr,
hay-həşir dolu
Siqaret dumanlı,
metro keçidləriylə davam edər...
Sevgilisinin qolundan
Bərk-bərk yapışan
Əyalət adamları.
Qorxa-qorxa öpüşər,
Burda sevgililər...
Bir az gülümsəyərəm,
Öpüşməyi qadağan olunmuş,
Sevgisi haram şəhərin küçələrinə...
Sadədir hər şey...
Limon satan qadınlar...
Ağızbüzən həyatlar...
Sümüyə dirənmiş bıçaqlar,
Sərgilənər hər gün...
Yanlış düşüncələr,
Yanlış adamlar...
Üzümə gülüş qonar,
Ürəyimə kədər...
Bir az sol tərəfim ağrıyar,
Bir az uzaqdan baxaram yaxına...
Adamı dəli edər hıçqırıqlar...
Bax belə...sadədir hər şey...


Elə bilirsən asandı?

Elə bilirsən asandı?
Çıxıb getmək...
Bu şəhərin
Hər küncündən
Uşaqlığım sızıldayan
Xatirələri,
Söküb getmək...
Elə bilirsən asandı,
Səni sevmək...
Bu şəhərin yağışını,
Başqa şəhərin
Baharına dəyişib,
Payızının rənglərinə
Üz çevirmək...
Yağışının cızıltısını
Küləyinin vıyıltısını
Qulaqlarımdan sökmək,
Kədərinin bozumtulunu,
Dənizinin mavisini,
Yarpağının sarısını
Gözlərindəki zülmətə batırıb
Çıxıb getmək,
Elə bilirsən asandı?
əllərinin istisini,
gözlərinin qorxusunu,
dodaqlarının pıçıltısını
götürüb getmək,
Elə bilirsən asandı,
Səni sevmək?...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG