Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:12

Mənə biraz Allahdan danış















Əsəd QARAQAPLAN


Mənə biraz Allahdan danış


mənə biraz Allahdan danış
insanların çoxaldığı yer üzündə
mənə bir ağ kağız gətir gözlərimi silməyə
getməyə bir yol gətir adamların arasından..
burax o dilənçi uşaq ömrü boyu dilənsiz
burax o uşaq qalsın - dilənçi olsa belə
o hamilə qadına vur uşağın salıversin
doğmasın yer üzünün gələcək diktatorun..

mənə biraz Allahdan danış
o qoca kişinin pulunu al əlindən
aylıq təqaüdünü
çırp üzünə - bu çirkab parçasının yeri qalsın
çəliyini çək yıxılsın
yeriməyin belə adi olmadığın anlasın..

o qarını yolun otrasında burax
maşınlar əzsin onun o ruhsuz bədənini..
ələ-ələ gəzən sevgili cütlüyünü
gülllələ bir-birinin gözlərinin qabağında
bu insanlar
sonu faciəylə bitən hər şeyi sevmirmi, dost..

mənə biraz Allahdan danış
bu heyvan sürüsünü Allah yaradıb demə
Allah bu sürünü çölə çıxıb - söylə
qadınlara qızlara yazığın gəlməsin heç
körpələri çölə tulla
mərhəmət diləyən kəsin içində qəddarlıq var
hamı mərhəmət diləyir
hamı qəddardı qəddar..

mənə biraz Allahdan danış
qəzəbim soyusun biraz
mənə bir ağ kağız gətir bu şeiri yazmağa
getməyə bir yol gətir - hara gedirsə getsin..


Həyat seviləcək qədər kədərli

həyat seviləcək qədər kədərli
durma - qollarımı bağla köksünə
gedərkən gərəkirsə
bir xəncər də vur qandalın üstündən
çək - qanım axsın Bakıya
gecə vaxtı qan da sudu
bir doktor da çağır göz yaşlarını
bundan sonra geri qalan ömrümü
çək bu qala divarında çarmıxa
həyat seviləcək qədər kədərli..

yağışı kəsmiş göy üzünün buluduna yaz adımı
mənə başqa qadınlardan sual ver
nə vaxtsa sevişdiyim qadınlardan
körpələrindən biraz danış
ana olduğunu xatırla
ağla - şəhər işıqları çoxalsın
burax - həyat belə hüzünlü qalsın
həyat seviləcək qədər kədərli..

yer islaq.. üzün islaq
ütüsüz köynəyimin sol cibində qan ləkəsi
nəqarətsiz bitmiş öpüş
durmadan sümürdüyün siqaranın yad qoxusu
söykəndiyim soyuq qala divarı
bir də bir addımlıqda sən
həyat seviləcək qədər kədərli..

uzaqdan çox uzaqdan ruhumuza ağır basan
italyan musiqisinin imperalist təsiri..
unudulmuş.. atılmış.. yarım qalmış taleyimiz..
hərdən məhşur şairlərdən söylədiyim şeirlər..
qala divarlarının dibindən keçən xırda
adamların sulu addım səsləri..
hüzünlü sevgi qoxan İşərişəhər küçələri
keçən polislərə kölgə salan işıq dirəkləri
Bakı o qədər aydın əlimizin içində
fikirlərimiz qatmaqarışıq
həyat seviləcək qədər kədərli..

nə mənim evim var bərabər getməyə
nə sənin evinə dəvət həvəsin
qadınsızlığa..
kişisizliyə söykənmişik qala divarlarına
Bakının sevgisini qoruyuruq qala pəncərəsindən
görünən hər şey hüzünlü..
aramızda bir söz salxım sallayıb
“həyat seviləcək qədər kədərli”


Qorxulu yaz

o qədər qorxulu bu yaz
qışı belə gecikdirmək niyyətində
qar yağsa saçlarım ağarmaz – deyir mənə
əllərim şaxtalı yazın həyətində..

o qədər qorxulu bu yaz
nəfəsimi dondurmuş bir ayrılığa
bir də içindən sel axmaz – deyir mənə
bir də yol açılmaz çıxıb getməyə
bir də yer qalmayıb - deyir ayrılığa..

o qədər qorxulu bu yaz
gəlişində gedişimin anlamı yox
hanı çıxıb gedəcəkdim uzaqlara - yola çıxmaz
hanı hər şey bitəcəkdi
yeni həyat başlayacaq
hanı çox sevəcəkdim çox..

o qədər qorxulu bu yaz
qapımdakı qışa durmaz
qar yağmadan gəlmək istər sən gedincə
o qədər qorxulu bu yaz
qar yağsa saçlarım ağarmaz – deyir mənə
hanı çıxıb gedəcəkdim uzaqlara – yola çıxmaz..


Sən biraz da özünü sev

sən biraz da özünü sev
əllərini çək dünyanın üstündən
kimsənin göz yaşına baxmadan ruhuma bax
üzüqoylu uzan öz çarpayına
ağla için boşalsın
bir neçə şeir ölsün axan göz yaşlarında
bu adamlar səni yazmadığın qədər çox sevər
bu adamlar..

sən biraz da özünü sev
dur bir siqara alışdır
duman dağılsın başından
biraz daha dumanlansın ətrafın
gözəgörünməz olsun sənə əzab verən hər şey
bir qədəh şərab süz iç
bir şeir yaz – qoy öz xoşuna gəlsin
qoy hamı söysün səni
bircə özün rahat ol
adamlar səni adam yerinə qoymasa sevin
yoxsa evin-eşiyin - dərd eləmə
yoxsa küçədə qalmaq səni ruhdan salmasın
yoxsa genişlərə dünyanın hər yeri evdi..

sən biraz da özünü sev
zibil yeşiklərinə gül qoxulu burun uzat
su iç əllərindən orda bomjun
bir “eqoist” ətrinin şüşəsində bax üzünə
atılmış hər şey tənhadı Bakıda
otel otaqlarında atılmış fahişələr var
öz evində ərsiz qalan qadınlar
gecələr yorğanını
qucaqlayıb yatan subay oğlanlar..
həyat daha istidi tənhadı – inan mənə
adamların soyuqluğu çökməyibsə canına
qaç o küçə soyuğuna
o zibil yeşiyinə - o bomjun yanına..

sən biraz da özünü sev
atan səni sevib öldü
anan sevib xəstələndi
qardaşların - ətrafın sevmədilərsə - boş ver
bacılarından danışma
heç kəs səni sənin qədər sevə bilməz
bu dumanlı halınla
sevdiyindən gələn məktub
səni ayağa qaldırmasın
həmişə ayaq üstə ol..
..həmişə getməyə yol var
həmişə qalmağa bir ev
sən biraz da özünü sev..


Qara yolcu dərvişin dedikləri

“sən Əsəd Qaraqaplan” – deyir mənə
günün günorta çağının qara yolcusu dərviş
“bax günəş göy üzündən
qürurunu gizlətmədən axıb gedir qüruba
gecə dan işığının zülmətində boğulmağa
məhkumsa da yenə gəlir
ulduzlar bir neçə saat görünməyə
ay da on dörd gecəliyə məhkumsa da..”

“sən Əsəd Qaraqaplan” – deyir mənə
“hansı günü öz adına çıxmağa layiq adam
hansı gecəni şeirə köçürməyə layiq şair
hansı yolun yolcusu
hansı eşqin sahibisən..
məni yollar vurmaz - bu yol mən özüməm
məni sözlər vurmaz - xəyanət etmədim
heybəmə götürdüklərim
bir gözəlin sevdasından daha ağır
əlimdəki əsa bir dövlət yaradan gücə dəyər..”

“sən Əsəd Qaraqaplan” – deyir mənə
“yorğun olduğun gecələr Tanrıya üsyan etdin
sifətimə çizilmişdən sir saxlanmaz - söylədin
təkliyin tənhalıq deyil – anladınmı..”

“sən Əsəd Qaraqaplan” – deyir mənə
“indi bu getdiyim yollar
göy üzündə uçan quşlar
kölgəsində oturduğum ağaclar
su içdiyim bulaqlar
bələdçim olan dağlar
rast gəldiyim adamlardan oluşuram
yer üzündən göy üzündən
mən Tnarıdan oluşuram
mənim tənhalığım Tanrı tənhalığı
mənim eşqim Tanrı eşqi
mənim özüm Tanrıyam”

“sən Əsəd Qaraqaplan” – deyir mənə
“səni kim anlayan indi Tanrısız tənhalıqda
yol vurmazmı – getmədiyin yol səni
söz vurmazmı – xəyanət etdiyin söz..
məni Tanrı yollara bağışlamış” – deyir mənə
günün günorta çağının qara yolcusu dərviş

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG