Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45













MÜHARİBƏ ƏLİLİ


Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…

***

Başının uğultusu
alnında şırım açan
kotandandı…
Səni
qoluna girməyə çağıran
Vətən-dəmdi…

Narı sümürürsənsə,
süddən yanıqsan…
Gözünlə qaşının arasındakı
qapı açılan gün…
o yanlıqsan…

Meşələr
qışda Günəşə
odun atmaq üçündü…
Yaydan çıxan oxlar
payıza çatmaq üçündü…

***

Qələt eləyərəm desəm:
Hamı qələt eləyir…
Allah bizi xəlq eyləyib,
Yoxsa lənət eləyib?!

Qaç bu xain yuvasından
Əri, yox ol havada.
Qorx ki, yenə yerdən çıxa
Buluddan dama adam…

Baş açmazsan:
yaşdı, ya da daş?! -
Damarında qan durar.
Gözündən düşən nədisə,
Ayağını sındırar…

Bu da axır…
bu da xilas…
Son gecə…
səhər ertə…
Qoşulub göyün quşuna
Üstündən saat ötər…

***

Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var
rahatlan, uyu…
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş?
körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…
yandır özünü…

***

Bəlkə bu,
qanundu,
kim bilir?! -
Həmişə:
cəsurlar sevirlər,
qorxaqlar sevilir…

Nə çəkir
göylərə,
nə çəkir?! -
Adamı boynundan ip təki…

Haradı
dünyanın
əvvəli, axırı?! -
Azanda
bir dostu
köməyə çağırım…

De görək, neynəyək,
neynəyək, de görək?! -
Nə ölək, nə olaq,
nə olaq, nə ölək…

***

Ağaclar hamısı kürəkən, qayın
Hansı paxıldısa yamacın, şişdi.
Meşə görməmişdim belə arxayın
Mən belə narahat dağ görməmişdim…

O yalı adlayan dumandı, tüstü
Siqaret zəhrimar qoyurmu görək?!
Elə sərindi ki, torpağın üstü
Altı cənnət olsun…
nəyimə gərək?..

Hardasa quzutək mələyir ilan
Deyir, bəlkə səsi xoşuma gələ.
Bu tüstü-dumanın içində, inan
Bir eşq havası var…
başına gələ!

Meşəni əynindən soyunub burda,
İlan vuran kimi oyanıb burda
Təzədən yatasan…
Ağacın altında, torpağın üstdə,
Yağış damcılaya yarpağın üstdən…

Yatasan torpağa, yatasan dağa
Əzrayıl minnətə gələ, durasan.
Bir ağ kağız ola quş qayırmağa
Bir şey tapmayasan tələ qurasan…

***

Yanvar adında oğlan
Noyabr adında ay
Əli süpürgəli park
Xəzəl qızılı -
lay-lay…
Yalın ayaqlarına
ocaq çatıb cocuq
Bir ayağı üstdə yatıb cocuq…
Üzündə
yay uzunu həsrət qaldığı
sevinci, gülüşü
Əlindəki dondurma
əriyib ocağa düşür…

***

Rum rəqəmiylə onuncu
Tövbə qapısının dirəyindən qayıdıb
ən böyük suçu.
Doğulduğu yer yaşıl meydan
ayağı quş ayağı
kəlləsi zindan.
Topu bacısı kimi sevdi
Zinəddin Zidan…
Ömründə bir kərə
topa yox,
topçuya kəllə atdı
Rum rəqəmiylə onuncu
Rumi rəqəmiylə ölçdü zamanı:
«Artıq vaxtdı!..»
Onu aylarla axtaran,
idman tumanını göz yaşlarıyla batıran
xanımlar ağlayıb-ağlayıb kiridi.
İndi
ancaq öz arvadıyla yatır Zidan
öz arvadıyla yatmaq
öz qapısına vurduğu qol kimidi…

***

Nə olar, bir səhər durub görəsən,
Divarlar üstünə Allah yazdırıb.
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…

Başını yelləsən, odu közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…

Kultaz.com
XS
SM
MD
LG