Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45
Yeni fəaliyyətə başlayan ANN.Az oxuculara "Tanınmnışların kitabxanası" adlı layihəsini təqdim edir.

"İlk həmsöhbətimiz millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa oldu. Onunla Milli Məclisdəki iş otağında görüşdük. Fazil bəyin üç kitabxanasından biri də məhz burada yerləşir. Biz otağa daxil olanda masanın üzərində açıq şahmat taxtası vardı. "Siyasət bir şahmat oyunudur" deyimini xatırlayıb, millət vəkilinin "rəqibi" ilə maraqlandıq".

- Fazil bəy, masanın üstündə yarımçıq qalmış şahmat oyunu var. Kimlə oynamısız?


- Hə (gülür), bayaq oynamışıq. Qüdrət Həsənquliyevlə oynadıq. Özü də qalib tərəf mən oldum. Ümumiyyətlə, boş vaxtlarımda şahmat oynamağı çox sevirəm.

- Kitabların sizin həyatınızdakı rolu nə qədərdir?

- İnsanlar var ki, darıxanda bərbərə gedir, restorana gedir və ya digər əyləncə vasitələrinə müraciət edir.


"Gənc yazarlarımızın yazdığı kitabların arasında bəyəndiklərimiz var. Ancaq, ümumilikdə gənc yazarlarımızın yazdığı kitablarda zəiflik var.

Stefan Sveyqin "Magellan" əsərini oxuyanda elə bil gəmidə Magellanla bir yerdə səyyahət edirsən. Bu qədər güclü ədəbiyyatı oxumaq oxucuya zövq verir. Gənc yazarlarımızın isə əsərlərində bu cür canlılıq yaratmasına rast gəlmək bir az çətin məsələdir".
Mən isə sıxılanda iki şeyi çox sevirəm. Birincisi kitab rəflərimi töküb yığmaqdır.

Kitabların yanında sıxılmıram. Mənimçün dincəlməyin ən yaxşı vasitəsi kitablardır. İkinci isə, futboldur.

Boş vaxtlarımda çalışıram ki, futbola da vaxt ayırım. Elə futbol da uşaqlıqdan əyləncə dünyamın içindədir.

- Kitabxananız böyükdür?

- Dəqiq rəqəm deyə bilmərəm, amma onu deyə bilərəm ki, sayı 10 mindən çoxdur.

Bu kitabları bir neçə kitabxanada, yazıldığı sahələrə görə bölmüşəm. Hüquq ədəbiyyatı burda- parlamentdə gördüyünüz kitabxanadadır.

Siyasi kitablar, partiya tarixinə aid kitabları partiyanın ofisindəki kitabxanada, bədii ədəbiyyat bağ evində, qalan kitablar isə, qaldığım evdədir.

Bu bölgünü ona görə aparmışam ki, kitabların hamısını bir arada tutmaq bir az çətindir. Hər bir ədəbiyyatı oxuduğum yerdə saxlayıram ki, əlçatan olsun və oxumaq istədiyim kitab yanımda olsun.

- Hansı janrlarda kitablarınız var?


- Kitabxanam rəngarəngdir. Əsasən fəlsəfi, sosioloji, dini, tarixi, bədii ədəbiyyat üstünlük təşkil edir.

Ancaq digər mövzularda da ədəbiyyata rast gəlmək olar. Dini ədəbiyyatdan Əli Şəriətinin bütün nəşr olunan kitablarını almışam.

Məlumat üçün deyim ki, Əli Şəriəti, İran islam tarixində liberal islam düşüncəsinin tərəfdarı olan və özündən ortaya yeni düşüncə konsepsiyası qoyub gedən bir düşüncə adamı idi.

Sosioloji və fəlsəfi mövzuda olan kitablarımı daha çox Türkiyə və Rusiyadan almışam. Hər iki ölkədə kitabları olduqca nəfis tərtib edirlər. Təəssüflər olsun ki, bizdə bu cür tərtibatlar olduqca azdır.

İstanbulda "kitabçılar" adlı yer var. Orada Türkiyədə olan istənilən kitabı tapmaq olar. Maddi imkanlarım daxilində çalışıram ki, İstanbula gedəndə maksimum çox kitab gətirim.

Osmanlı tarixinə aid cild-cild kitablar almışam. Ənvər Paşadan, Fuad Paşadan, Osmanlı sultanlarından bəhs edən kitablarım da var.

Xarici ədəbiyyat kitabları da az deyil. Kitabxanamın bir bölməsi də müxtəlif mövzularda olan ensiklopediyalardır.

Bunların arasında sovet ensiklopediyası və qlobalistikaya dair ensiklopediya da var. Sovet ensiklopediyası 12 cilddən ibarətdir və tam çap olunmayıb.

Sovet ensiklopediyasının redaktorunu o vaxt güllələdilər və tam çap olunmadı. Məhşur insanlar haqqında Rusiyada çap olunan seriya kitablar var.

Bütün seriyalarını almışam. Fəlsəfə kitablarından əksər filosofların da kitablarını almışam.

Müasir ədəbiyyat kitabları da var. Bu kitabların da böyük bir qismini Rusiyadan və Türkiyədən almışam. Bunlarla yanaşı milli ədəbiyyatımızla bağlı kitablar da az deyil.

Elə ədəbiyyat kitablarımız da var ki, onları kitab rəfindən yığışdırıb, yeşiklərə yığmışam. Bu, kitabların zamanla səsləşməməsi ilə bağlıdır.

- Maraqlıdır, bu yeşiklərdə Azərbaycan yazar və şairlərindən kimlərin kitabları var?

- Kitabları yeşiklərdə olan yazarlara misal olaraq, Əkrəm Əylislini, Rəsul Rzanı, Məmməd Səid Ordubadini, Anarı və başqalarını göstərə bilərəm.

Bilirsiz, bəzən elə düşünürlər ki, bu yazarlar Azərbaycan ədəbiyyatına heç bir şey bəxş etməyiblər. Bu tamamilə absurd fikirdir.

Rəsul Rzanın ədəbiyyatımıza gətirdiyi yeniliklər bu gün də hiss olunur. Ancaq, yeşiklərə qoyduğum kitabların arasında vaxtı keçdiyini düşündüyüm və bu günlə səsləşməyən əsərlər də var.

Misal üçün "Şamo romanı", "Budağın xatirələri" və s. bu kimi kitabların dövrünün keçdiyi düşünürəm.

- Bayaq dediniz ki, müasir dünya ədəbiyyatı ilə də maraqlanırsız. Azərbaycanda "Ən yeni ədəbiyyat" seriyası ilə müasir yazarlarımızın kitabları çıxır. Bu seriyadan çıxan kitablardan hansıları bəyənirsiz?

Əli Şəriəti (1977-ci ildə dünyasını dəyişib)
- "Ən yeni ədəbiyyat" seriyası ilə kitablar çıxdıqca oxuyuram. Aralarında bəyəndiyim yazarlar çoxdur.

Aqşinin "Cənnətdə terror aksiyası" adlı kitabını, Sevinc Pərvanənin "Şəhər" romanını və Həmid Herisçinin şeir kitabını çox bəyənirəm.

Gənc yazarlarımızın yazdığı kitabların arasında bəyəndiklərimiz var.

Ancaq, ümumilikdə gənc yazarlarımızın yazdığı kitablarda zəiflik var. Stefan Sveyqin "Magellan" əsərini oxuyanda elə bil gəmidə Magellanla bir yerdə səyyahət edirsən. Bu qədər güclü ədəbiyyatı oxumaq oxucuya zövq verir.

Gənc yazarlarımızın isə əsərlərində bu cür canlılıq yaratmasına rast gəlmək bir az çətin məsələdir. Canlılıq yaratmaqdan əlavə gərək nəyi hədəflədiyini müəəyyən edəsən.

Belə olmayanda, həmin yazarlar Bakı bağlarında kökü gilə dayanan ağac kimi məhv ola bilərlər.

- Sizcə, bir çox gənc yazarlarımızın ortaya ciddi kitab qoya bilməməsinin səbəbi nədir?


- Bilirsiz, Azərbaycan dili olduqca zəifdir. Azərbaycan dilində ciddi kitabların yazılmamasının bir səbəbi də budur. Dilimizin arealı olduqca zəifdir.

Belə olan halda isə, Azərbaycan dilində ciddi ədəbiyyat yazmaq çox çətindir.

Bunun səbəbi dilimizə yeni sözlərin gəlməməsi, dildə islahatın aparılmamasıdır.

Azərbaycan dilinin daxili imkanlarından maksimum istifadə edə bilən iki mütəfəkkir tanıyıram.

Bunların biri Xudu Məmmədov, digəri isə Azad Mirzəcanzadə olub.

Hər ikisi Azərbaycan dilinin ifadə imkanlarına gözəl bələd idi. Baxmayaraq ki, ixtisasca dilçi deyildilər.

Dilimizdə istifadə etdiyimiz sözlərin azlığı tərcümə ədəbiyyatına da təsirini göstərir. Bu ən çox fəlsəfə kitablarının tərcüməsində özünü göstərir.

Hansısa sözün dilimizdə qarşılığını tapa bilmiyəndə, ya məna dəyişir, ya da ki xarici sözlərdən gen-bol istifadə edirlər.

-Kitab kolleksionerlərində adətən nadir kitablar olur. Bəs sizdə necə?

-Kitabxanamda elə kitablar var ki, Azərbaycanda demək olar rast gəlməmişəm. Bunlar uzun illər öncə çap olunmuş kitablardır. Bu kitabları xarici ölkələrdən gətirmişəm.

Misal olaraq deyim ki, Burtonun 1911-ci ildə çap olunan kitabı nadir sayılacaq bir kitabdır.

Sonra, 1859-cu ildə Rusiyada çar fərmanı ilə çap olunan "Müsəlman qanunlarının şərhi" kitabı da çətin tapılan kitabdır.

-Kitab hədiyyə eləməklə aranız necədir?

-Kitab hədiyyə eləməyi xoşlamıram. Kitabxanamdan kiməsə kitab hədiyyə verəndə, narahat oluram. Ancaq, kitab hədiyyə almağı çox xoşlayıram.

-Daha çox hansı janrda mütaliə edirsiz?

-Sosioloji, fəlsəfi və dini mövzularda oxuduğum kitablar daha çoxdur.

Quran Kitabını hər gün oxuyuram, İranlı Əli Şəriətinin kitablarını tez-tez oxuyuram. Şəriətinin kitablarında islamla müasir həyatın bir-birinə zidd olmadığını görmək olar. Fəlsəfi ədəbiyyatdan Hegeli, Marksı,

Engelsi oxuyuram. Sosioloji kitablar da mütəmadi oxuduğum ədəbiyyatın arasındadır.

Bilirsiz, fəlsəfi kitabların böyük bir qismi insanları hansısa idealogiyaya kökləmək istəyir.

Ancaq, ideologiya insan təbiətinə qalib gələ bilmir.

- Siyasi janrlarda hansı əsərləri oxuyursuz?

- Siyasi ədəbiyyatdan da tez-tez mütaliə eləyirəm. Bu sahədə çox kitab oxusam da, Zbiqnev Bjezinskinin kitablarını daha çox bəyənirəm.

Əsas da "Böyük Şahmat Taxtası" kitabını. Ancaq, digər geopolitiklərin də kitablarını oxumuşam.

Henri Kissincer, Samuel Hantinqton, Madlen Olbrayt və s. geopolitiklərin kitablarını oxumuşam. Duginin "Siyasətin fəlsəfəsi" kitabı da bəyəndiyim kitabların arasındadır.

- Kitabsevərlərə hansı kitabları oxumağı məsləhət görürsüz?


- Müdrük birisindən soruşurlar ki, kamil olmaq üçün nəyi oxumaq lazımdır? Cavab verir ki, “lazım olmayanları oxumamaq lazımdır”.

Kiməsə kitab məsləhət görmək çox çətin və cəsarət tələb edən işdir. Ancaq elə kitablar var ki, onları cəsarət edib məsləhət görmək olar.

Misal üçün Stefan Sveyqin əsərlərini, Ayn Randın fəlsəfi məzmunlu bədii əsərlərini, Amerikalı yazar Toflerin kitablarını məsləhət görə bilərəm. İstərdim ki, gənclər bu müəlliflərin kitablarını oxusunlar.

- Demək istədiyiniz, ancaq soruşmadığım nə qaldı?


- Kitab haqqında çox danışmaq olar, deyiləsi çox şey var. Ancaq, düşünürəm ki, əsas şeyləri danışdıq.

- Təşəkkür edirik.

- Mən, təşəkkür edirəm...

Hazırladı:
Tural Qurbanlı
ANN.Az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG