Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:18
- Elçin bəy, 12 mart mitinqi ilə bağlı bir neçə məhkəmə işinə çıxmısınız. Neçə aparılırdı məhkəmə? Hansısa pozuntu hallarına rast gəlmisizmi?

- Hansısa pozuntu halları yox, ümumiyyətlə, məhkəmə başdan ayağa pozuntu ilə keçdi. Mənim iştirakımla keçirilən 2 proses, mənim iştirakım olmadan keçirilən digər proseslərin hamısı faktiki olaraq qapalı şəraitdə keçirildi. Kimsənin iştirakına icazə verilmədi. Hətta mən vəkil kimi çıxdığım işlərin ikisində buna görə etiraz etdim. Amma məhkəmə müşavirə edib belə qərara aldı ki, guya məhkəmə digər şəxslərin iştirakına ehtiyac görmür.

AÇIQ MƏHKƏMƏNİN QAPALI İCLASI

- Məhkəmə qapalı idi, yoxsa sadəcə hakim icazə vermirdi başqalarının içəri daxil olmasına?

- Bütün bu işlərin hamısında hakimdən mən soruşdum ki, qapalı keçirtmirik ki? Dedi ki, yox, qapalı deyil. Dedim onda niyə kiminsə içəri gəlməyinə icazə verilmir? İki nəfərin işində digərlərinin zala buraxılmağına nail oldum. Onlardan birində böyük mübahisələrdən sonra məhkəmə inzibati qaydada işinə baxılan adamın atasının zala daxil olmasına icazə verdi. Məhkəmənin qərarlarında göstərilir ki, guya proses açıq keçirilir. Faktiki olaraq isə qapalı idi.

RAPORTU YAZAN BAŞQA, İMZA ATAN BAŞQA...

- Çıxdığım 4 işin yalnız 2-də məhkəməyə raportu və protokolu göndərmiş şəxslərin iştirakına nail oldum. Mənim apardığım işlərin ikisində və orda baxılan digər işlərin hamısında bir qayda olaraq tərəf yox idi. Yəni bir hakim idi, bir də inzibati qaydada barəsində işə baxılan adam. Kim raportu yazıb, kim protokolu yazıb, bunlar nə ediblər və s. sübutlar ortada yox idi. Yalnız raporta əsaslanırdılar, hansı ki, orda göstərilirdi ki, düzdür biz aksiyaya qoşulub iştirak etmişik, bu bizim konstitusiyanın verdiyi hüquqdur, amma orda kimsənin «polisə tabe olmaması» olmayıb. Çünki bu şəxslərin hamısı bildiriblər ki, bu şəxslərin hamısı mülki geyimlilərdir. Əhəd Məmmədlinin və İlkin Əlisoyun işində raport yazanların məhkəməyə gətirilməsinə nail oldum. Bəlli oldu ki, məhkəməyə çıxan şəxslərin heç birini raport yazanlar saxlamayıblar. Əhəd Məmmədlinin məhkəmə iclasında raport yazanın biri etiraf etdi ki, bu adamı tanımır, raportu gətiriblər, qol çəkmişəm.

- Bəs hakimin mövqeyi necə oldu polisin bu cavabına?

Hakimlərin mövqeyi bundan ibarət idi ki, bu məsələlər araşdırılmır, saxlanan şəxslər özləri deyirlər ki, biz mitinqdə olmuşuq. Tək məsələ mitinqdə olmaqla bitmir axı. Bunlara həm də «polisin qanuni əmrinə tabe olmamaq» verilib.

KİMƏ TABE OLMALI?


- Əgər polis mülki geyimdədirsə və aksiyaçı ona tabe olmursa, bu da “polisin qanuni əmrinə tabe olmamaq”dır?


- Yox, qətiyyən. Təsəvvür edin ki, yola getdiyim zaman biri deyir ki, burdan getməyin, ordan gedin. Mən düşünməliyəm ki, bu birdən polis ola bilər, deyər mənim əmrimə əməl etmədi, məni həbs edə bilər, elə nə deyirsə, onu da edim. Yüzlərlə, minlərlə adamlar var küçədə, hamısı bir-birinə yaxınlaşıb belə əmrlər verə bilməz ki. Bu insanlar da fikirləşir ki, sən də mənim kimi geyimdə olan adamsan, kimsən ki mənə göstəriş verəsən. Sonra da bu işi sənədləşdirirlər ki, bizim qanuni əmrimizə tabe olmadı. Həm də həmin şəxslər yox, hadisələrdən xəbərsiz şəxslər sənədləşdirir.

QIŞQIRANLARLA SAKİT GƏZƏNLƏRİN FƏRQLİ CƏZALARI

-Pozuntulardan biri də odur ki, məhkəməyə kimə hansı cəza veriləcəyini göstərən kağız göndərmişdilər. Hamısının adının qarşısına yazılıb. Və bir qayda olaraq hamısına 8 sutka yazılıb. Raportu gətirənlər dedilər bunu.

- Aksiyada hər kəs eyni vəziyyətdə saxlanılıb. Həbs olunan, cərimələnən, xəbərdarlıq edilənlərin maddələri arasında fərqi üzə çıxartmaq üçün hansı araşdırma aparılıb? Necə müəyyənləşdirilib ki, tutalım, Tural Abbaslıya 8 sutka, Əhəd Məmmədliyə 7 sutka, Nəsrulla Məmmədliyə isə 10 sutka verilsin. Bu fərqi nəyə əsaslanaraq müəyyənləşdiriblər?

- Heç nəyə. Sadəcə onların aksiyadakı iştirakının fəallığına yanaşılıb. Sakit tərzdə aksiyada tutulanlar ki var, onların heç birinə həbs verilməyib. Qışqıranların, şüar deyənlərin hamısına sutka yazılıb. Konkret, Nəsrulla Məmmədli digərlərindən daha aktiv olub, 10 sutka verilib. Əhəd Məmmədlininsə prosesi həddən artıq gərgin oldu. Hakimlə mübahisələrimiz oldu, dedim gedin araşdırın, aksiyada bu nə edib, polisin əmrinə tabe olmama varmı... Proses hətta gecə 12-dən sonraya qaldı. Məhkəmə qayıtdı, mənə dedi ki, narahat olma, sənin çıxışını nəzərə aldım və 1 sutka azaldı. Yəni Əhəd Məmmədliyə mənim müdafiəçi kimi faydam cəmi 1 sutka oldu. O kağızda isə ona da 8 sutka yazılmışdı.

POLİS SERJANTI MƏHKƏMƏYƏ SİFARİŞ VERİR?


- O kağız sizdə varmı?

- Yox, onu təbii ki, bizə verməzlər. 2 polis serjantı bunu dedi. Orda kimə nə qədər verilməli olması göstərilib. İstəyirsiniz özünüzü asın, kəsin, əgər kağızda xəbərdarlıq yazılıbsa, xəbərdarlıq, sutka yazılıbsa, sutka veriləcək.

- O kağızı kim yazıb göndərib məhkəməyə, sizdə varmı məlumat?

- Bunların hamısını aparıblar müvəqqəti saxlama məntəqəsinə. Xətai rayon 37-ci polis bölməsinin yanında. Bakı Şəhər polis idarəsindən kimsə onların hərəkətlərinə uyğun şəkildə tərtib edib məhkəməyə göndərib. Görün məhkəmələr nə vəziyyətə düşüb ki, polis serjantı kağız yazıb məhkəməyə sifariş verir ki, bunu bu qədər həbs elə. Özü də məhkəməyə saymazyanalıq edib gəlmir. Adi polis serjantı məsələnin siyasi xarakterinə arxayın olub məhkəməyə gəlmir.

- Bu pozuntularla bağlı məhkəmə qərarlarından şikayət vermək fikriniz varmı?

- Əlbəttə, hazırda mən onların şikayətlərini hazırlayıram. Bir neçə gündə 9 inzibati qaydada işinə baxılan adamın məhkəməsində vəkil kimi iştirak etmişəm. Hər birinin məhkəməsində başqa-başqa məqamlar və çox ciddi qanun pozuntuları var. Hamısıyla bağlı apelyasiya şikayəti verəcəyik.

Şərhləri göstər

XS
SM
MD
LG