Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54
Gülməşəkər girişə-zada ehtiyac yoxdu. Ölkədə allah qoymasa, qəzet-kitab açanların hamısının ordumuzdakı murdarlıqdan xəbəri var.

“Yeni Müsavat”ın bir az da şüvən janrında təqdim etdiyi rəzillik hamının dilində-dişindədi.

Bu, təzə söhbət deyil. Təkcə bizim ordumuza xas olan bir şey də deyil.

Hər orduda var belə şeylər - demokratiya paylayan Amerika ordusundan tutmuş, Zimbabve milli ordusuna qədər.

Qadın nəfəsinə həsrət kişi yığnağından bundan artıq nə gözləmək olar?

Söhbət onda deyil. Mənim eyzən elədiyimiz kimi, “alın, bu da sizin azərbaycanlılar!” deyib, bizə təqdim olunan bu iyrənc faktlardan mentaliteti, milliliyi, azərbaycanlılığı ittiham üçün istifadə etmək fikrim-zadım yoxdur! Məsələ başqadır.

Ey, bizim mentalitet düşkünü, millilik ölüsü, türkçülük keşikçisi, azərilik qarovulçusu, vətənpərvərlik mühafizəçisi, milli-mənəvi dəyərlər “teloxranitel”i olan ziyalılarımız, ictimai xadimlərimiz, “türk oğlu türk”, “milli mentalitet” mövzusunda danışanda ağzına çullu dovşan sığışmayan siyasətçilərimiz!

Ey tabeçiliyindəki əsgəri zorlayan bu “qeyrətli” zabitləri böyüdüb, boya-başa çatdıran, dinəndə şalvar geyən qızları bəyənməyib, oğluna uzun ətəkli qızı gəlin seçmək istəyən ağbirçək-qarabirçək analar, ağsaqqal-qarasaqqal atalar!

Ey bu millətin millətpərəst yazıçısından tutmuş, milli fahişəsinə qədər bütün nümayəndələri!

Mənim bir sualıma cavab verin: tabeliyindəki əsgəri zorlamağı, onu süründürüb, telefonuna kontur yüklətməyi, ana-bacısını söyüb, sifətini şillələməyi danışanda ağzının qatığını tökəcək qədər savadsız olan bu zabitlərə kim öyrətdi?

Ömürlərində sizin allı-güllü Azərbaycanınızdan kənara çıxmayan, doğma ana dilinizdən başqa dil bilməyən, bağır-badaş həmvətənlərinizdən başqa millət üzü görməyən bu qeyrətli vətən oğulları belə şeyləri hardan öyrəndi?

Bəlkə bunların hamısını onlara sizin nifrət elədiyiniz Avropa dəyərləri, Avropa cəmiyyəti, ya da rus mədəniyyəti-zadı öyrətdi?

Soruşmaq ayıb olmasın, bu zabitlərdən neçəsi Qərbə meyllidir, Avropaya inteqrasiyanın tərəfkeşidir, “Dalğa”çıdır, postmodernistdir, ya da heç olmasa, rusdillidir?

Sizin ordunuz ki qapalı yerdir, burada özünüzünkülərdən başqa heç kim yoxdur. Bəs niyə bu “türk oğlu türk”lərdən, “qeyrətli Azərbaycan oğullarından” ibarət “kişi cəmiyyəti”ndə rəzil fahişəxanalarda belə rast gəlinməyən murdarlıq var?

Bəs hanı keşiyində əlibaltalı, yabalı, dəhrəli dayandığınız, uğrunda baş kəsməyə hazır olduğunuz qiymətli, şərəfli mentalitetiniz?! Hanı?!

Bəs niyə o mentalitet burada, sizin fahişə hesab elədiyiniz savadlı qadınların, mavi hesab elədiyiniz

Avropa düşüncəli gənclərin olmadığı bir yerdə, allah heç qoymasa, vətənin müdafiəsini həvalə elədiyimiz bir qurumda özünü göstərmir?

Niyə bu mentalitet əsgər yoldaşlarının təhqirlərə məruz qaldığını görəndə yığışıb, bu rəzaləti törədən zabitlərin başını it qibləsinə kəsmək qərarını vermir?

Hə, bəlkə bu üsul sivil deyil?

Axı belə şeyləri qanunvericiliklə, konstitusiya ilə, hüquqi müstəvidə həll eləmək lazımdır… Bə nədi?!

Axı sizin mentalitetiniz həmişə rütbəcə özündən yuxarıdan qorxub, iki quruşa satılıb, özündən zəifi əzməyin, iş bərkə dirənəndə hüquqa, qanuna əl atmağın qoçağı olub!

Bilirsiniz nə var?

Yüzlərlə Azərbaycan kişisi bir yerə düşür və orada rütbəcə böyük özündən kiçiyi zorlayırsa, döyüb, təhqir edirsə və qalanlar bu mənzərəyə heç nə olmamış kimi baxır, özünə hələ ki dəxli olmayan şeyə burnunu soxmadan il yarımını salamat qurtarıb, evinə dönmək haqqında düşünürsə, tüpürüm sizin mentalitetinizə, milli-mənəvi dəyərlərinizə!

Azərbaycan kişisi! Yox bir, Azərbaycan çaqqalı!

2009
http://www.sozunduzu.com/?p=%202680

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG