Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:33
Ucları gərilmiş qanadı xatırladan hündür, gümüşü elektrik dirəklərinin gur işığında gündüz olduğundan heç də az parıldamayan qara rəngli iri avtomobilin qapısı açıldı.
Ordan düşən adam - o, şıq geyimli, ucaboy, gənc bir qadın idi - yaxşı işıqlandırılmış kimsəsiz xiyabanı ötüb hündürmərtəbəli iki təndürüst binanın arasındakı qaranlıq, ensiz keçidə doğru yönəldi və çox çəkmədi ki, yaraşıqlı, qısaboğaz çəkmələrinin taqqıltısı ilə birlikdə gecənin zülmətinə qarışıb yox oldu. O, qonşuların o qədər də dərindən bələd olmadığı, bu yerlərə təxminən dörd il əvvəl köçüb gəlmiş xəstə Fəzlin gəlini idi.

Maşın yalnız o, gözdən itəndən sonra gediş-gəliş olmayan yolda tükürpədici fitəbənzər xırçıltı ilə geri döndü və yağ içində hərəkət edirmiş kimi səssizcə, amma iti sürətlə şəhər camaşırxanasına doğru istiqamət aldı.

*******

Qapının zəngi çalındı, astanada dayanan gəlin özü ilə içəri sopsoyuq və tərtəmiz qar havası da gətirdi. Ondan boynu xəzli, qət təzə dəri plaşın iyi qarışıq bihuşedici ətir qoxusu da gəlirdi. Üz-gözlərində xəstəlikdən əsər-əlamət qalmayan balalarının bir-birinə aman vermədən, sevincək halda qabağına yüyürməyindənmi idi, qayınatasının gözə gümrah dəyməyindən, ya özgə bir səbəbdən, o özü də bu gün həmişəkindən daha şən və qıvraq görünürdü.

Fəzl hər dəfə qapını açanda özünü heç nədən xəbəri olmayan kimi aparır və bir dəfə də olsun gəlinin gözünün içinə baxmırdı. Bilirdi ki, onun bildiklərini qadın da bilir. İntəhası nəinki ona gözün üstə qaşın var, deyir, hələ üstəlik hər gün işə gedəndə səhər-səhər yaxşı yoldan savayı, xeyir-dua da arzulayırdı. Daha işin o məqamı deyildi ki, durub hələ bir xəcalət də versin. Onu bu yola sürükləyən kim olmuşdu? Təkcə biqeyrət oğlumu?

Həmişə də haqq-hesab dəqiqələri gəlini günortalar işə gedəndən, bir də gecələr hamını yuxuya verib, dərd-qəmiylə iç-içə qalandan sonra başlanırdı. Özü də necə? Yəni, doğrudan, onların ayrı bir yolu yox idi? Yəni, doğrudan, gəlin indi bu ailənin çörək ağacı idi? O olmasa, milçək kimi ailəlikcə acından qırılardılar? Daha onda nə dağa-daşa düşür? Deməli, bəla allahdan gəlib. Heç özünü yormağına dəyməz.

Olub-keçənlərə dinməzcə və şərəfsizcəsinə göz yummalıdı, vəssalam! Onsuz da bilən bilir, iş nə yerdədi.

Nə müddət idi, qoca bu minvalla ömür sürür, canüzən sorğu-sualın əlindən baş tapmayanda isə daha çox ona közlənirdi ki, niyə axı başqaları qeyrətdən dəm vuranda o ya ağzına su alıb durur, ya da səssiz-səmirsiz sivişib aradan çıxır ki, xoşagəlməz söz eşitməsin. Bəyəm o, başdan-binadan belə idi? Bəyəm anadan elə-belə, dilsiz-ağızsız doğulmuşdu? Beş-on il əvvəl nəriltisindən, gurultusundan yer-göy titrəyən, bəlkə, heç o olmamışdı?

Tərslikdən də, bu çək-çevirlər bir qayda olaraq, həmişə taleyə boyun əyməyə gətirib çıxaran sonluqla bitirdi: "Niyə yıxılıb ölmürsən, qoca əbləh?! Hansı günçün yaşayırsan? Onu gözləyirsən ki, cəmdəyinə tüpürsünlər?" Neçə illəridi bu səs, onu dəng eləyir, səhərəcən yatmağa qoymurdu.

Ailənin qara günləri başlananda iş söhbətini gəlin özü ortaya atdı. Daha nə eləməli idi: ev satılmışdı, ər türmə, qayınata çarpayı dustağı idi, baldızlarından savayı, bir adam qapılarını döyüb demirdi ki, burda ölən-qalan var, ya yox? Bir isbatlı güzəranları olmaya-olmaya neçə il idi, qarışqa yuvasına yem daşıyan kimi, əllərinə düşəni dədə evinə daşımaqla məşğul idilər. Söz yox, er-gec bunun bir sonu olmalı idi. Hələ vaxtaşırı türməyə ayaq döymək, itin-qurdun saqqalının altından keçmək, dəmir qapıları açmaq üçün də nə qədər pul tərləməli olurdular. Əslində, onlara fərsiz qardaşın damda oturmağından da çox, atalarının yatağa düşməyi yer eləyirdi.
Nə qədər ki, Fəzl ayaq üstə idi, ehtiyacın nə olduğunu hiss eləməmişdilər. O özünü oda-közə vurar, qılınca çapar, balalarının arzu-istəyini yerinə yetirməyincə dinclik tapmazdı. Hamı allah şahidi idi ki, Fəzl kasıbca canı ilə üç övladı oxudub boya-başa çatdırana, ev-eşik yiyəsi eləyənə qədər onlara gözünün yağını yedirtmişdi. Veysin toyundan isə, ümumiyyətlə, danışmağa dəyməzdi. Hələ də var ki, o ziyafətin söz-söhbəti dillərdə gəzir.

Dost-tanış, qohum-qardaş məsləhəti Fəzldən alar, elçiliyə onu aparar, barışıq lazım olan yerdə birinci onu axtarıb tapardılar. Amma bu adam indi nələrə möhtac deyildi? Allahın işinə bax ki, onu bir başqası yox, öz nankor övladı diz üstə qoymuşdu. Ona görə də onu damdan qurtarmağın davası gedəndə buna ən çox müqavimət göstərən Fəzl oldu. Haramzada oğulun layiq olduğu cəzanı almasını hamıdan çox o özü istəyirdi. Deyirdi bəs belə ola, ağlı başına yığıla, yoxsa o düzələn deyil. Di gəl, həmişə olduğu kimi, el qınağı bu dəfə də hər şeyi üstələdi...
Birinci evi satdılar. Ancaq tezliklə məlum oldu ki, oğlanın qapısı allahdan bağlanıb. Deyən olmuşdu ki, işi birdəfəlik xətm eləməkdən gözlərini çəksinlər. Az işlə qurtara bilsələr, şükür eləsinlər.

Bəli də, həngamə qabaqda imiş ki! Həm evdən-eşikdən ol, həm də istəyin gözündə qalsın. Fəzl iş işdən keçəndən sonra başa düşdü ki, ondan ayrı yolla pul qopara bilməyəcəkləri üçün tovlayıb evini satdırıblar. Əlində pul ola-ola nəyi bəhanə edə bilərdi? Yoxdan allah da bezardı. Amma ola, qızırqalanıb, uşağı əlinlə dama yollayasan, bunun adı tamam başqa şeydi.

Satlıqdan qalan pulun bir qəpiyi də ələ gəlmədi. Necə deyərlər, saqqaldan götürüb bığa qoydular. İntəhası iş bununla da bitmədi. Oğul dama, onlar isə yeni yurda köçdülər. Di gəl təzə ev Fəzlə düşmədi. Gözdən-könüldən uzaq olmağı bir yana, havalar soyuyan kimi küncləri kif basdı. Nəmişdən qaralan divarların təkcə kağızı yox, boyası da soğan tək soyulub töküldü. Evi geri qaytarmaq söhbəti də qeylü-qalsız ötüşmədi. Payızda yatağa yıxılan kişi şeytana lənət oxuya-oxuya bir də novruzdan sonra ayağa qalxa bildi. Kaş təzə məhəllənin dərdləri elə bununla qurtaraydı: günlərlə su, saatlarla işıq üzü görmürdülər. Olub-qalanları da dava-dərmana gedirdi. Yazda iki dəst yorğan-döşək, bir cüt xalça satıb qarını müalicəyə göndərdilər. Dəyəri olan xırda-xuruş nə varsa, onun da axırına çıxdılar. Arvad növbə ilə həmail, boyunbağı və üzük-sırğası ilə də vidalaşmalı oldu. Hələ üstəlik nə qədər də xərc-borc elədilər ki, bəlkə, Veysin köhnə borclarını bağlaya bilsinlər. Bir qarın yemək tapmağın özü belə ailənin ən qəliz işlərindən birinə çevrilməkdə idi.

Ehtiyac qapını indi elə-belə yox, ən zəhlətökən qonaq kimi döyməyə başlamışdı. Özü də günü-gündən daha şiddətlə.

-Boyun əti-zad deyiləm ki? Niyə işləmirəm? Kimdən əskiyəm?-gəlin ailənin təəssüb və qayğısını çəkmək növbəsinin ona çatdığını hiss edən gün demişdi bu sözü.

-Nə qədər ki, mən ölməmişəm, elə şey olmayacaq,-hələ bıçaq sümüyə dirənməmişdi deyin, Fəzl təslim olmaq fikrində deyildi. Qəhərdən boğula-boğula pıçıldasa da, o bu sözləri bu balaca ailənin qanunu kimi qəbul olunsun deyə, söyləmişdi. Amma kor da görərdi ki, onları hansı aqibət gözləyir? Qəpiyə güllə atmaqları azmış kimi, o yandan da Veys ismarıcı ismarıc üstən yollayırdı ki, təzə evi də satmalı olsalar, onu o xarabadan qurtarsınlar. Bir qələtdi eləyib. Başını daşın yekəsinə döyüb. Gəlib onlardan ötrü nələr eləyəcək, o bir allah bilir. Arvadını da yaddan çıxarmayan boşboğaz qayıdan gündən onun başına parvanə tək dolanacağını vəd eləyirdi.

Gəlin bircə həftə işə getdi və çörəkpulundan başqa, evə xırda-para xərclik də gətirdi. Evdə elə bilirdilər, daha əppəkləri quyudan çıxıb. Hər şey bir yana, heç olmasa acından ölməzlər. Gözü son beş-üç ildə xəstəlikdən ayılmayan qarı boyuna təzəcə uşaq düşmüş qız anası kimi sevinir və elə bilirdi, həbi-kinəsi vaxtında çatsa, əldən gedən cavanlığı da yenidən qayıdacaq. Amma o fərəhin ömrü gəlin bir daha işə ayaq qoymayacağını bildirən növbəti səhərlərdən birinəcən çəkdi. O, Fəzlin aramsız suallarını səbrlə dinləsə də, bir kəlmə də dillənmədi.

-Allah bizi bu günə salanın evini yıxsın,-deyən Fəzl həyatın bərk-boşunu görməyən bu gözəl qızın zərif al yanaqları ilə axan isti damlaları köksündən gətirənin nə olduğunu qəfildən başa düşdü. Xeyli keçəndən sonra özünü cəmləyib, dodaqları əsə-əsə:

-Bağışla, qızım,-deyə bildi,-hər şeyi mən elədim! Sən o qədirbilməzin yemi deyildin. Elə oğulun boyunu yerə soxum. Gərək sən bu evin nazəndə xanımı olaydın.

Veys tutulanda çox az adam tapılardı ki, buna təəssüflənsin. Elə gəlin özü də. Əri daha nə qanlar qalmışdı onlara uddurmasın? Hər gün özünü dəlioğlanlığa vurur, əlinə düşəni içkiyə verib tuluğuna yığır, evdəkiləri incidir, nə bildi, eləyirdi. İllah da son vaxtlar hamını dərdəcər eləmişdi. Qarı ilə qoca səhərdən-axşama deyinir, təkcə günlərinin deyil, yeyib-içdiklərinin də zəhər olduğundan yana-yana danışırdılar.

Yalnız gəlin qorxusundan cınqırını çıxarmır, səbr və hövsələ ilə hələ də yaxşı nəsə olacağını gözləyirdi. İndiyədək elədiyi bütün cəhdlər boşa çıxmış, əvəzində o, ərindən yalnız hərbə-qadağa və təhqir görmüşdü. Elə birinci dəfədən - bu, ilk övladları dünyaya gələndən bir ay sonranın söhbəti idi - başqasının yanında olduğundan şübhələnən qadın ərköyünlənib qapını onun üzünə gec açdığına görə yumruq yeməli olmuşdu. O vaxt qız döyülüb-söyülməyinə razı idi, təki aradakı pərdə götürülməyəydi. Yarızarafat-yarıgerçək həmişə əri üzünə vururdu ki, onu atası bəyənib alıb. Elə eləməsin, hər şeyə birkərəmlik tüpürə. Onsuz da yaşayışı bir yaşayış deyil. Bəlkə də, o bunu sözgəlişi deyirdi, bəlkə də, yox, bu, onun həqiqi ürək sözü idi, sadəcə ayrı cür demək sərf eləmədiyindən, bu yola əl atır, bəhanə gəzirdi görsün, necə eləyə bilər ki, arvadı onun haralarda olduğu ilə maraqlanmasın, qazancının hara getdiyindən bir kimsə xəbər tutmasın.

Fəzlə olan hörməti dilinin kilidi olsa da, gəlin bu sözləri bir dəfə qulaqardına vuranda o biri dəfə mütləq ürəyinə salır, günlərlə üzü gülmürdü. Bir hoqqa da, bu tərəfdən çıxmış olsaydı, heç kim deyə bilməzdi ki, bundan sonrakı taleyi necə olacaq. Uzun sürən ixtilaf axırı ona gətirib çıxardı ki, Veys qoca ata-anasının ürəyinə əməlli-başlı şübhə toxumu səpdi: "Bu da sizin şirindilli mələyiniz"
Əslində Veys bu sözü bir başqasına yox, məxsusi olaraq atasına eşitdirirdi. Bəs nədi? Evə bivaxt gəlməyin üstündə də qanqaraçılığı salarlar? Görünməmiş şey! Axı o, kişidi, özgələrindən fərqi də orasındadı ki, nə vaxt gəlib, nə vaxt getməyi o özü müəyyən eləyir. Bu barədə bir kimsə ilə məsləhətləşməyə fikri-zadı da yoxdu, onu bilsinlər. Axı nə istəyirlər? Ac qalmırlar, çılpaq qalmırlar. Beş nəfərdən pis olsa da, on nəfərdən ki, yaxşı dolanırlar. Qaldı ki, bu məkrli qadına, qoy çox da özündən çıxmasın. Elə bilir, gözəldi, qabağında mil duracaqlar. Ondan da gözəlləri var. Bahh, bilməmişdik!

-Nə var axı beləsinə, sabah da başqa bir şey uydurub danışacaq,-deyəndə dünyanın bütün vələdüzna adamları kimi onun da məqsədi ata-anasını indidən eşidəcəkləri hər hansı xəbərə hazırlamaq idi. Yəni çox da avam olmayın. Adama çox şey deyərlər, daha hər deyilənə inandın, nə oldu?

Fəzl dünyanın hər üzünü görmüş adam idi. Lap son anda başa düşdü ki, dəyənəyin fırıldağı nədi. Bununla belə yalnız onuca dedi ki, gəlinə şər atmasın. Bu da o dəfəki deyil...

O şey ki, atası eyham vururdu, o, Veysin sarı simi idi. Bircə o barədə söz düşəndə dilini farağat qoyur, dinib-danışmırdı. Yoxsa kəsik baş kimi susmaqla işi yox idi. O vaxt, yəni birinci dəfə evlənmək söhbəti ortaya çıxanda nə az-nə çox, düz bir il evdəkilərin burnuna duzlu su qoyub, zor-xoş, axırı dediyinə yetmişdi.

Dava da nə dava? Fəzl oğul yapışan yerin onlarlıq olmadığına işarə ilə demişdi ki, bu biz girən boyunduruq deyil. Yoxsa, guya, o, nə deyirdi ki? Oğlunun evlənməyini istəmirdi?

Veys hər deyiləni peysərə verir, heç kimlə razılaşmır, hamı ilə hədə-qorxu dilində danışırdı. Çox nəm-nümdən sonra axırı Fəzl də sözünü geri götürəsi oldu. Binəva qorxurdu, oğlu gedib başından yekə qələt eləyə, el içində biabır-caiz olalar. Oğlanın da ehtiyatı ondan idi ki, köhnəlik hələ də damarından çıxmayan atası orda-burda boyunduruq-zad söhbəti sala, el-aləm qarışa bir-birinə. Bəs nədi, olmadı elə, oldu belə, birdən o köntöy söhbət qız evinin qulağına çatsaydı, deməzdilərmi, ay filan-filan şüdə, bu cür sanballı yerə girişməyiniz bəs deyil, hələ bir artıq-əskik də danışırsınız? Yoxsa onlar kimi? Hər şeyi öz kəndli arşınları ilə ölçürlər. Daha fikirləşmirlər, bir ad-sanları yox, çıxdıqları yerə bax, amma rişxənd eləməklərindən də qalmırlar. Əcəb işdi, vallah!

Fəzlin dedikləri yerini aldı: Veysin evlənməyi ilə ayrılmağının arası vur-tut bir neçə ay çəkdi və o müddət oğlanı dəyişib, eyzən başqa bir adam elədi. Pişik kimi kürəyini yerə verməsə də, necə peşman olduğu göz qabağında idi. Cəmi bircə dəfə qeyrətə gəlib özündən çıxmağının da axırı o oldu ki, iki dişindən keçməli oldu. Aparıb dərsini elə verməmişdilər ki, bir də o cür qələtlər eləyə. Bütün günü qanıqara gəzər, evdə tapılmaz, yüz sualdan birinə cavab verər, ya verməzdi. Nə qədər olmasa, Fəzlin də gözünün odu alınmışdı. Ona görə yox ki, bu sevdanın sonu olmadığını əzəl başdan bilirdi və sözünü də demişdi. Qorxusu ondan idi ki, aparıb uşağı təzədən danaboyun eləyələr, o da gedib xəcalətindən özünə qəsd-zad eləyə. Geri qayıtmağa üzü, irəli getməyə isə yolu olmayandan bunu gözləməyə nə vardı ki? Özü də yaşın o dəli-dolu dəmlərində.

-Papağınızı göyə atın ki, siznən evə şəriklik söhbəti eləmirəm,-evdən gedən gün o fitnə-fəsad dağarcığının dediklərini eşidəndə Fəzl hər şeyin belə sakitçiliklə qurtardığına min yol şükür elədi. Bu gedişin səbəbinin oğluna ikilikdə deyildiyini də bilsəydi, heç dərdi olmazdı: "Başına yaylığım. Ə, sən də kişisən, payını o-bu yeyən xoşqeyrət!"

Fəzl il yarım ərzində baş verənlərin sonunda oğlundan cəmi bircə şey soruşdu:

-İndi bildin, boyunduruq nədi?

Bir ildən sonra o, dədə-baba kəndinə, indiki gəlininin elçiliyinə gedəndə gözəl günlərin hələ irəlidə olduğuna ümidli idi. Axı doğrudan da: nə olmuşdu, bəyəm hər şey bitib tükənmişdi? Nəyə görə yaxşı nə varsa, hamısı keçmişdə qalmalıydı? O özünü də, evdəkiləri də inandıra bildi ki, xoşbəxt günlər hələ qabaqdadı, ümidlərini itirməsinlər. Oğul ona deyərəm ki, büdrəsə də, yıxılmasın, özünü cəmləyib ayağa qalxa bilsin. Dost var, düşmən var. Min yerdən adama göz qoyurlar. Nə olub, dünyanın sonu-zadı deyil ki!

Bir müddət hər şey necə də yaxşı oldu! Hamı Fəzldəki ağıla və iradəyə heyran olduğundan söz açır, ailəsini daim yumruq kimi saxladığından danışırdı.

-Elə bilirsən, goruna qurban olduqlarım o sözü havayı deyiblər ki, elini hürküt, axsağından yapış?!-Fəzl bu sözü çoxdan görmədikləri, amma həmişə həsrətini çəkdikləri günlərə işarə ilə Veysə demişdi. Orasını da demişdi ki, əgər vaxtında onu eşitsəydi, başları bu qovğaları çəkməzdi də.

Əgər o yalan deyilsə ki, nəzər deyilən şey var, onları, doğrudan, gözə gətirdilər. Özü də bu dəfə tüstü od olmayan yerdən çıxdı: Veys qumara qurşanıb... Düzdü, o, evdən heç nə aparmırdı, amma o var ki, daha evə də gətirmirdi. Ailənin bütün dərd-sərini Fəzl özü çəkirdi. Özü də elə-belə yox, kotan kimi...

Onun hiss elədiyinə görə, hər dəfə uşağı ütüb buraxırdılar. Gec də olsa, bunu hərifin öz iştəklərindən başa düşdü: evə yetər-yetməz araya şuluq salar, dilxor olduğunu gözə soxar, qəsdən hay-küy qoparardı ki, heç kim onunla haqq-hesab çəkməsin. Arvadıyla ilk yumruqlaşmadan sonra isə bu, adicə vərdişə döndü. Veys bu fağır qızı yola vermir, incidir, həftə səkkiz, mən doqquz gözlərinin altını göyərdirdi. Fəzl çox sonralar bildi ki, arvadının qır-qızılını, daş-qaşını evdən əkişdirən də odu. "Belinə çöpdən dirək, a belə oğul!" Fəzl deməyə ayrı söz tapmadı. Bir az da dərinə getsəydi, kim boyun ola bilərdi ki, ortaya ayrı bir qəmbərqulu çıxmayacaq, onsuz da münasibətlər günü-gündən qəlizləşirdi. Fağır, olub-keçənə tüpürüb susmağa qərar verdi. İstəmirdi, ailəsinin sirri aləmə car olsun.

Yalandımı o söz ki, itin yiyəsi varsa, qurdun da allahı var? Axırda onu elə bu dilsiz-ağızsız, gözəl qızın da ahı tutdu: Veys adam bıçaqlayıb dama düşdü.
Fəzl həm də ona yanırdı ki, niyə hər şeyin növrağı belə tez və heç nədən pozuldu? Özü də yenə naxələf oğulun ucbatından. Bir nəfərlə bir kəlmə sözü olmayan bu adamı niyə axı itin-qurdun ayağına verdi bu nankor övlad? Niyə qoymadı öldüyü yerdə ölə? Bu qoca çağında lazım idi ora-bura ayaq döyüb, qapılarda can çürütsün?

O yalnız ehtiyac ailəni dilənçi kökünə salanda - onda qarı yarım il idi, ömrünü onlara bağışlamışdı - dilə gəldi və gəlinini arxayın saldı ki, onu özündən də etibarlı dostunun yanına aparacaq. Qoca indi təkcə ona darılmırdı ki, gəlinini öz əlilə odun içinə itələyirdi, həm də ona közlənirdi ki, niyə axı ən əcaib işlər, həmişə onun başına gəlir? Bu uzun ömründə ilk dəfə eşidirdi ki, gözəlliyi də insanın başına bəla ola bilərmiş! Əksinə o vaxt bu qızın dalınca ata yurduna üz tutanda məhz gözəllik eşqilə o uzununda yolu basıb gəlməyi ilə fəxr etdiyini bir kimsədən gizlətməmişdi.

Gerçəyi, ürəyinin dərinliklərində heç kimə demədiyi ayrı bir niyyət də vardı: qoy köhnə qudaları bilsinlər ki, elə gözəllər var, tərifli qızları əlinə belə su tökməyə layiq deyil. El-aləm gördü verdikləri tərbiyəni. Mərifətsizlər! Camaatı avam yerinə qoyublar. Elə bilirlər, heç kim heç nə başa düşmədi. Ay hayy!…

Qocanın budəfəki cəhdi çarıq yırtdı; o gözəl dostunun yanından da suyu süzülmüş halda qayıdıb gəldi; sən demə, "dost"un işlərini aparanlar quşu gözündən vuran cayıllar imiş, gözəl qızları əl-əl gəzirmişlər. Handa qalmışdı beləsi öz ayağı ilə gəlib çıxmış ola! Özü də çörək möhtacı! Ər də on illik gedər-gəlməzdə!

-Bəlkə, qayıdaq kəndə?-ay yarım sonra süfrə başında gəlininin dərdi açılanda Fəzl hiss elədi ki, kəsiləcəyini duyan qurbanlıq quzu kimi qızı necə qəm tutub.

-Bəs Veys? Ev-eşik? Deyirsən, dost-düşmən içində xar olaq?-xəbər alan qoca yaxşı bilirdi, gəlini ona xəcalət verdirməmək üçün soruşmur ki, o cür xar olmaqmı yaxşıdı, ya onları gözləyən biabırçılığa öz əlləri ilə qol qoymaq?

-Barı bilirsən ki, orda hamı özününküdü, adama adam gözüylə baxırlar,-gəlin başıaşağı, sakitcə dilləndi,-yoxsa burdakı kimi? İt də yiyəsini tanımır.

-Ayağı yer tutan, hamı şəhərdədi,-gətirdiyi səbəblərin nə qədər gülünc, mənasız olduğundan qoca özü də xəcalət çəkdi və o saat da hiss elədi ki, heç bir inadlı təkid bir daha onu iş yerinə qaytara bilməyəcək.

-Həəə,-bircə anda gözünün yaşı çörəyinə yavanlıq olan qoca nimçəni kənara itələyib, son dörd ildə, bəlkə də, min dəfə dediyi sözü bir daha təkrarladı,-düz deyiblər ki, ilana balası qənim olar.

Hərçənd bundan daha ağır anları olmuşdu, amma Fəzlə nə oldusa, o vaxtdan oldu. İndi nə haqla fikirləşəydin ki, onu sındıran qurbansız ötüşməyəcəklərini birdəfəlik dərk etməsi deyil; insan yalnız o zaman yenilir ki, məğlubiyyətlə birinci öz içində barışır...

İndi bu qapıya həkim həkim dalınca gəlir, onlar Fəzli iki günün biri xəstəxanaya aparır, on-on beş gün yatızdırıb, sonra evə yazırdılar. Bir-iki aydan sonra hər şey yenidən təkrar olunur, beləcə qoca evlə xəstəxana arasında ömür sürürdü.
Bir dəfə isə... Elə hər şey də onda oldu...

Tən gecəyarı qan təzyiqi və şəkəri qalxmış qoca üçün çağrılan həkim arıqlıqdan saralmış körpələri - qardaş-bacı öskürə-öskürə qapıdan iynə vurulan babalarına sarı boylaşırdı - nəzərdən keçirəndən sonra:

-Qocanın şəmi çoxdan sönüb,-dedi,-uşaqlardan muğayat olun. Nəsə gözüm su içmədi. Müayinə lazımdı, özü də təcili! Bu da ünvan.
Gəlin astanada anlaşılmaz təlaşla pıçıldayan həkimin, bunu xəstə eşitməsin deyə, etdiyini düşünsə də, əsl həqiqəti ertəsi gün şəhərin qurtaracağındakı beşmərtəbəli daş binanın qapısına vurulmuş lövhədəki qara hərfli yazını görəndə başa düşdü: "Respublika vərəm dispanseri"

-Təcili!… Təcili!…-sanki yüzlərlə adam ağız-ağıza verib, xorla təkrarlayır və usanmaq nədi bilmirdi. Bəlkə də, belə deyildi, sadəcə o səs başına düşmüşdü:

-Təcili!… Tə-cili!… Tə-ci-li!…

Özünü evə ölü kimi salan gəlin tərs kimi qocada da heç vaxt görmədiyi qəribə bir halət sezdi. Deyirdin bəs binəva ölüb, ölümdən qayıdıb. Sifətində qan nişanəsi belə yox idi, quruca nəfəsi gedib-gəlirdi. Sanki həkimin dediklərindən ondan da əvvəl qoca özü xəbər tutmuşdu. Hardansa ağlına batdı ki, əgər o bu adamı da itirsə, biryolluq yapyalnız qalacaq. Onda neylər, kimə umud olardı?

-Onlara gələn mənə gəlsin. Allah mənim ölümümü onların qabağında eləsin,-nəvələrinin xəstəxanada saxlandığını bilməyi ilə qocanın arıqlıqdan qapqara qaralmış yanaqları elə sürətlə islandı ki, sanki onlar hardansa nəm çəkirdi. Xoş halına ki, körpələrin ora hansı dərddən düşdüklərindən həmin dəqiqə xəbər tutammadı.

Gəlinsə hiss etdirmədən, bir qulağı ara-da qırıq-qırıq nəsə deyən qayınatasında gümanı gələn nə var, töküşdürüb baxır, pula gedən fərli bir şey axtarırdı. Amma evdə diş qurdalamağa belə çöp qalmamışdı. Olub-qalanı Veysin yolunda satıb-sovmuşdular. Fəzl onları ta inişil, küləkli payız günlərində domuşa-domuşa, öz əli ilə binanın tinindəcə dəyər-dəyməzinə xırıd eləmişdi: büllur külqabı, qədimi şam- dan, zəngli saat, bir cüt qızıl sancaq, zərli mücrü, mürəkkəblə yazan Çin qələmləri, ağır fiqurlu iri şahmat taxtası...

Nəsə tapacağına ümidli deyildi, amma fəhm eləyə bilmədiyi tamam başqa şey idi: bu qədər illacsız və naümid günə qaldıqlarını yazı yazan, doğrudan, görmürdü?

Dayandı, baxdı, gözləri yaşla limhəlim günc-bucağı bir daha nəzərdən keçirib, ixtiyarsız halda əlini qulağına apardı. Bir cüt sırğa indi necə də dərdinə dərman idi! Neçə il əvvəl, Fəzl onun nişanına dünyanın ən bahalı boyunbağı, üzük və sırğalarını alıb gətirəndə daha kimlər ona həsəd aparmamış, paxıllığını kimlər eləməmişdi; Bakı kimi yerə gedəsən, elə təmiz ailəyə, o cür də daş-qaşın ola?…
Nə biləsən ki, bu, göz-nəzər deyildi: indi o adamın ağappaq və enli sinəsi, mina gərdəni, namnazik və zərif barmaqları dünyanın ən kasıb adamından da kasıb idi!

Onların bər-bəzəyini Veys su qiymətinə vermişdi. Bir dəfə evə dəm gələn qumarbaz özü boynuna almışdı bunu.

Otağın altı üstünə çevrildi, sonra o biri otaq gəldi. Növbə paltar şkafına, kitab rəflərinə də çatdı. Ola bilsin, nəsə yaddan çıxıb qalmışdı; qat kəsməsin və şax qalsın deyə, Veys çox vaxt iri pulları vərəqlərin arasında gizləyərdi...

Axırda yükü də aşırdıb ələk-vələk elədi. Xəyalında da o ki, axı hansı bəd əməlin, pis niyyətin yiyəsidi ki, iki balası gözünün qabağında sağalmaz dərdə tutulub, o isə yadların yadı kimi durub baxır, görsün nə olacaq? Kömək ummağa, imdad diləməyə də bir kimsə yoxdu! Daha qonşuları da zara gətiriblər. Uzaqdan görən kimi dərhal yollarını dəyişirlər ki, üz-üzə gəlməsinlər; bilirlər axı, söhbət nədən gedir-getsin, axırı mütləq gəlib borc məsələsinə çıxacaq.

Dilənmək! Əl açıb, qapı-qapı düşmək! Başqa çarə yoxdu. Özünü şilliyə-şikəstliyə qoyacaq, abır-həya nədi, bilməyəcək, dilənib uşaqları, elə Fəzlin özünü də ölümün pəncəsindən qurtaracaq. Lap qulluqçu, süpürgəçi olmağa belə hazırdı. Təki ona inansınlar, bilsinlər ki, ağır xəstəsi var. Onların ölüb-qalmağı yalnız bu insandan asılıdı. Nə bilmək olar, bəlkə, yar-yaraşığı burda karına gəldi, onu da adam yerinə qoyan oldu.

Amma ona pul bu saat lazım idi, sonra yox... İndinin qəpik-quruşu illər sonranın milyonlarından qat-qat dəyərli idi; heç bir xəstəlik və həkim dayanıb onu gözləmirdi.

Tapdı! Axır ki, tapdı!

Ümidi hər şeydən, hər yerdən üzülən bir anda. O vaxt ki, iki saat əvvəl dərmanla hazır, xəstəxanada olmağa söz vermişdi. O isə başını pəncərəyə söykəyib, əli qoynunda küçədən ötənlərə baxa-baxa için-için hıçqırır, hərflərinin hər biri bir ox olub didələrinə sancılan o üç kəlməni təkrar-təkrar göz önünə gətirir və fikirləşirdi ki, gündə ondan-bundan min cür şirin söz eşitməkdənsə, kaş bir az eyibli olaydı, təki bəxti gətirəydi. Lazımıdı ona bu hüsn? Kiminsə qibtə və həsədi? Yalanmış o söz ki, allah insana yalnız çəkə bildiyi qədər dərd verir. Hansı axmaq deyib bu sözü? Bu evə ayaq basalı zəlalətdədi. Bu qədər canmı üzmək olar, o üzür? Əvvəl-əvvəl ev-eşik üzü tanımayan ərin yersiz bəhanələrinə dözmək... Sonra mənasız söz-söhbət, dedi-qodu, şübhə və inamsızlıq... Sonra da dava-dalaş, söyüş və təhqirlər... Axırı da onunla qurtardı ki, ac-ləlöyün günlər başladı. O vaxt ən çox ondan qorxurdu ki, ailəyə heç nədən nifaq düşə və bunun günahını onda görələr...
İndi də qorxusu ondandı ki, dalınca artıq-əskik danışıb, olmayan şeyi də ayağına yazalar. Sözü-söhbəti tanıyanların ağzıyla bir ola. Deyələr ki, azar candan gələr, ərinin dama düşməyi də bir bəhanə imiş.

-Yox! Yox! Yox!-təkcə Fəzlin eşitməməsi üçün deyil, həm də içindəki qorxu və tərəddüdü dəf etməkdən ötrü qışqırır, hönkürür, dəli kimi divarları yumruqlayırdı. Artıq qəti yəqini idi: ya uşaqlarının ölümünə razı olmalı, ya da Veysin itirdiyini satmağa aparmalıydı!…

Veysin itirdiyi! Əclaf bundan da əvvəl öz inam və etibarını itirmişdi. Qeyrətli, qədirbilən, hər şeyi düşünən oğul niyə razı olurdu onun yerinə kimsə qərar qəbul eləyəsi olsun?! Biqeyrət! Binamus! Öz halalını it-qurd ayağına verən şərəfsiz!

-Cəhənnəmə ki!-səsi aləmi başına alsa da, irəlidəki miskin və rəzil həyatın xofu indidən canını almışdı; ya elə, ya belə, hansı ağıllı ona haqq qazandırardı?
Cəmi bir saniyədən sonra tamam ayrı fikrə düşdü, özünü inandırmaq istədi ki, heç də hər şey o düşünən kimi deyil. Hərə öz dərd-çoruyla məşğuldu. Bəlkə də, o adda adam tanımırlar. Kor-zaddılar ki, bir cüt körpənin taleyi onun əlindədi? Bir az başısoyuqluq eləsə, gözünü biryolluq çəksin. Ölüncə ev üzü tanımayacaqlar.
Təmiz ad! Amma uşaqlarsız! Hansı daha əziz idi? Onlarsız, doğrudan, yaşaya bilərdi? Gör nə qədər qanısoyuqdu ki, hətta bu barədə düşünür də. Hətta bu, mümkün olsa belə, bu səhvi ölüncə özünə bağışlamayacaq. Nədi, allahın qismətidi, taleyinə çıxan budu. Ürəyini buz kimi saxlasın, günü sabah gedib bir qələt eləmiş olsa belə, heç kim onu ləkəli ada görə qınayan deyil. Guya, bilmirlər, bu namərd dünya büdrəyənlərin qənimidi? Yoxsa kimə xoşdu o cür həyat tərzi? Sırğa eləyib assın qulağından, nə bu yola qədəm qoyan ilk qadınıdı o, nə də sonuncu olacaq. Heç onu da bilmək olmaz ki, həmişə yana-yana gileyləndiyi gözəlliyi başının bəlasıymış, ya dərdlərinin çarəsi? Şükür eləsin ki, kərəm yiyəsi əlini üstündən çəkməyib. Bəyəm hər gözəl olan çörək tapır? Azdımı qızıl teşti olan? Arasın görsün, neçəsi içinə qan qusmur onun? Heç bir saat əvvəl gümanı gələrdi ki, Veysin düz dörd il əvvəl itirdiyini tapacaq və o adamın hüzuruna gedəcək ki, ondan ötrü var-yoxundan keçməyə hazır olduğu onu işdə görən gündən dilindən düşmür. Elə bir həftə irəli telefonda o nə idi, deyirdi o? "Canımdan ayrı gəzən bir parçamsan, bil bunu, səni can kimi sevdim" Veys haçan ona belə odlu-alovlu sözlər demiş, adam kimi bir nəvaziş göstərmişdi? Heç onu ürəkdolusu oxşayıb, əzizlədiyi də yadına gəlmir. Nə əvvəllər, nə də indinin indisində anlaya bilmir ki, bir insan kimi onları bağlayan nəymiş? Yoxluğu hiss olunmadığı kimi, innən belə varlığı da heç nəyi dəyişən deyildi - daha birdəfəlik əmin idi buna.

-Müayinə lazımdı, özü də təcili!-o səs yenidən qayıdıb gəldi, eynən o cür: birağızdan, xorla... Sanki indi hər şey ondan ötrü idi ki, vaxt itirməyin nə demək olduğunu anlasın...

Daha heç nə barədə düşünmək belə istəmirdi. Nə müddətdən bəri onu üzən hər şey: qorxu, səksəkə, həyəcan, vahimə birdəfəlik arxada qalmışdı, heç nə qərarını dəyişən deyildi. Hətta Veys özü qapını bu dəqiqə açıb içəri girsəydi də, qarşısını kəsməyə qüdrəti çatmazdı.

...Az sonra küçələrdən necə xəcalətlə keçəcəyini, tinləri necə xəlvətcə dönəcəyini, arxasınca baxa-baxa hara üz tutacağını düşünəndə xısın-xısın güldüyü, ya ağladığı bilinməyən bir səslə elə uzun-uzadı qəhqəhə çəkdi ki, heç deməzdin, havalanmayıb...

Bu, artıq son idi... Hər şeyin sonu... Niyəsə məhz bu məqamda bir anlığa da olsa, ona elə gəldi, bu işi xəlvətcə eləyə və ustalıqla hamının gözündən yayına bilər. Bununla belə onu, Veysin itirdiyini indiyəcən əyninə almadığı təzə, ipək və soyuq köynəyə əsə-əsə bükdü. Gözəl və qənirsiz bədəninə, eybsiz baldır və ayaqlarına, maili, yaraşıqlı çiyinlərinə heç olmasa son dəfə baxmaq hissi onu bədənnüma güzgü ilə üz-üzə qoyanda da hələ tir-tir titrəyirdi. Cəmi bir-iki il əvvələcən bütün əzəmət və gözəlliyi ilə cilvələnən varlığın əvəzinə, indi onun qarşısında şax qaməti əyilib, gözlərinin odu sönən bir qadın dayanmışdı. Hanı vurğunlarını candan eləyən o qəşəng çöhrə, iri, badamı gözlər? Uca qamət, düz qədd, mütənasib bədən?
Yoxsulluğun acı nəfəsi onun gözəlliyini özü də hiss etmədən çiçək kimi soldurmuşdu. Bəlkə də, hər şey daha çox ona görə belə idi ki, bir daha bura indiki kimi qayıtmayacağını bildiyi üçün qorxunun gətirdiyi həyəcandan tamam özgə bir adama dönmüşdü. O indi nə üç, nə də bir saat əvvəlki insan yox, tamam başqa bir məxluq idi. "Bilirmi ki, bura bir daha indiki kimi qayıtmayacaq? Bilirmi onu? Bilirmi?"

-Müayinə lazımdı, özü də təcili!-sorğu-sual anında o səs bir daha qayıdıb gəldi, heç bir fərq olmadan: yenə xorla, təkrar-təkrar, birağızdan...
Özünü nə qədər təmkinli aparmaq istəsə də, tapdığını çox sevdiyi dona bürüyəndə də hələ dişi dişinə dəyirdi. Taqəti, bəlkə də, ona görə kandara qədər getməyə ancaq çatdı.

Bu nə idi? Yenə bədrəng, nimdaş palto? Yenə dabanları yeyilmiş, enliburun, yöndəmsiz başmaqlar? Bu geyimlə adam içinə çıxmaqmı olar? İllah da heyranlarının qarşısına. O gözəllikdə canı bu cür köhnə-kürüş əyin-başın içində çürütməyi, görəsən, yazmağa necə əli gəlmişdi fələyin? Özü də bir qədirbilməzin və etibarsızın yolunda... "Onu bilirmi ki, hər şey tamam başqa cür olacaq? Bir daha gözəl və müqəddəs şeylər barədə danışmağa haqqı və ən əsası da dili olmayacaq? Bilirmi onu?..."

Gözləri qocanın aman diləyən nəzərlərinə yenidən tuş gələndə nədənsə elə güman elədi, bu adamı sonuncu dəfə görür. Yorğanın altından heysiz-halsız baxışlarını ona dikən Fəzlin yaş tutmuş gözlərində sönmək bilməyən həyat eşqinin son közərtiləri işarırdı...

-Həkim yazıb, sənə nə almaq lazımdı. Elə uşaqlara da,-səsi titrəyən gəlin xəcalətdən əli ilə üzünü qapasa da, elə candərdi yeriyirdi ki, yalnız ölümə o cür gedərdilər,-bir allah şahiddi ki, mən belə istəmirdim, istəmirdim, mən belə...

O səsdəki yad xalları duysa da, Fəzl dərhal anlaya bilmədi ki, gəlin tövbə kimi səslənən o sözləri qapıdan çıxaçıxda üzünü və əllərini göyə tutuban deyəcəklərinin gözünə qatmaq üçün elə pıçıldayır:

-Keç günahımdan, xudaya-pərvərdigara!…

mart, 2006

Günün bütün mövzuları

XS
SM
MD
LG