Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:46

Dilqəm Əhməd. Atəşin soyuqluğu, Pişik kimi, Saqi...

















Atəşin soyuqluğu


Yalnızlığımı paylaşdığım
Hücrələri ilə doğmalaşdığım bir yerdəyəm
Boş olan hücrələrə dalıram
Onlar da mənim kimi yalnız
Kim bilir, bir zamanlar insanlar
Nə ümidlərlə doluşarmış
Nə istəklərlə, nə arzularla dualara dalarmış.
Amma indi hər tərəf bom-boş
İçimdəki sənsizlik kimi
Hücrələrin yalnızlığı boğur məni
Qızınammıram oduna, qovuşammıram Tanrıma.
Bir möbid tək səcdəyə dalıram
Gözlərim alovun atəşi ilə toqquşur
Sənin gözlərinin atəşi gəlir xəyalıma
Qorxmuram alovdan,
istər Tanrı atəşi olsun
İstər cəhənnəm odu
Qorxuram ancaq
Ürəyimə düşən atəşdən
Daha isitmir məni, nə ruhumu, nə cismimi
Artıq atəşdən soyuqluq duyuram.
Boş qalan hücrələr kimi
Artıq odunda soyuqluq var atəşgahın.
Ümidsizliklə dönürəm geriyə…
Buz bağlamış əllərimin, buza dönmüş ruhumun
Ancaq əllərimi tutan, gözlərimə baxan
Bir sevgilinin atəşinə ehtiyacı var.

13.11.2010


Pişik kimi

Buralar çox soyuqdur, titrəyirəm
Divarlar buz kimi,
söykənəcəyim yox
Qış soyuğunda blok künclərinə
Sığınan
Bir pişiyin taleyini yaşayıram

Künclərdən dünya necə fərqli
Rəngarəng həyatlar,
Sevinclər.
Dünyadan künclər isə
Təkredilmişlər, səfillər kimi
Görsənir.

Mən bumbuz tənha evimdə
O, pişiksə, öz küncündə
Mən sənin yoxluğundan
üşüyürəm
O isə həyatın acımasızlığından

Eyni taleni yaşayırıq
Birlikdə üşüyürük
Tanrı bizi bir gündə yaradıb
Bəlkə də eyni ruhu paylaşırıq
.
Dünən gözlərinin içinə baxdım
Özümü pişik kimi gördüm
O da özünü insan kimi
Mən artıq soyuqlara dözməyərək
Pişik kimi olmuşdum
O isə, künclərin soyuğuna
Sinə gələrək
Əzmli bir insan olmuşdu.

24.09.2010


Saqi

Bir Edip Akbayram türküsü dinləyəcək haldayam
Aldırma gönül deyəcək haldayam
Bir siqaret tüstülədib, Ömər Xəyyamdan
Status yazacaq haldayam.
Saqi , çarə tapdınmı zavallı Ömərin halına
Kədər şərabıyla unutdurdunmu dərdini
Yoxsa sən də o gözəl kimi
Xəyanət mi etdin o şairin eşqinə.
Saqi, sən heç şərabdan içmədən
Sevgilinin üzünə baxarkən
Sərxoş olan birini gördünmü?
Saatlarla bir rəsmə baxan
Gözünü qapadıqda o rəsmi görən
O, rəsmlə danışan, o rəsmlə uyuyan
Yuxusuna daşıyan
Sabahını onunla açan
Bir sərxoş gördünmü?
Saqi, sən heç sevdinmi?
Bunca , ümidsizlərə şərab süzərkən
Meyin sevgilini əvəz etdiyinimi sandın?
Bizə xoş olan bir yalana inanmışıq, saqi
Özümüzü meyxanələrə verməklə
Qəmli türkülərə qulaq asmaqla
Uzaqdan sevməklə, söyləməməklə
Biz yanlış yapmışız saqi.

12.10.2010


Sevgi mələyi

Gecənin üçü,
pəncərədən boylanıram
Bir Tanrı oyaq, bir də mən
O görür məni,
amma mən onun üçün deyil
Sənin üçün oyağam.
Mən Tanrını sən varsan deyə
sevdim
O sevgimi yaratdığı üçün
böyükdür
Mənim Tanrım
insan yandırmaz
Mənim Tanrım sevgidir, yaşamdır.
Pəncərədən boylanıram ona,
mənə səs versin deyə
Öz yaratdığı ilə bircə dəfə
danışsın deyə
Artıq susmasın, özünü gizlətməsin…
Soracaqlarım var Tanrım sənə
Başlamadan bitən sevgilər
Günəşi görməyən yaşamlar
Qaranlığa məhkum ömürlər
Bunlar səninmi, yoxsa bizim əsərimiz…
O deyilən böyük gün gələndə
Mələklərin bizə heç bir soru soramayacaq
Öncə onlar bizə hesab verəcəklər
Bu qədər sevgilər puç olarkən
Arzular, ümidlər yox olarkən
Onlar haradaydı…
Gecənin üçü, pəncərədən boylanıram
Tanrım mənə mələk ver
Günah, savab yazmayan
Zamanı gəlindiyində
Canımı almağa qalxmayan
Məni qiyamət günü surla oyandırmayan
Bir mələk ver Tanrı
Sadəcə sevgi mələyi.

04.10.2010

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG