Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:49

Dilqəm Əhməd. Almılanın gözləri, Getmə başımdan, Bütün sevdiklərm, Qoca, Sükut...


















Bütün sevdiklərim

Orda bir yol yoxdur artıq, yolumuzu bağlamışlar
Dörd tərəfimizi daş hörgülərlə hörüb
Həbsxanaya salmışlar.
Yığışın bütün sevdiklərim, ən gözəl anılarınızı
Ən şirin yuxularınızı, ən atəşli hisslərinizi
Alın yanınıza.

Cocuqlarınızın əllərinin istisi ilə qızının
Analarınızın bu məmləkət kimi
Qocalmış yanaqlarından öpün.
Yığışın bütün sevdiklərim
Tauna yoluxmuş Oran şəhəri tək
Min bir mikrob içində, çirkab içində
Üzən bu şəhəri tərk edəlim.

Orda bir yol yoxdur artıq, orda sürgün həyatlar var
Orda Vətəni bir başqa cür sevmək var
Orda sevgililər üçün darıxmaq var
Orda öncələri duymadığımız
Şirin bir ayrılıq var.
Əl sallayın
daşa dönmüş məmləkətin daşlarına
Bakirəliyi pozulmuş Qız qalasının şəffav dam örtüyünə
Əl sallayın artıq kim üçün dalğalandığını bilməyən
Babil qülləsinə bənzər Bayrağınıza.

29.11.2010


Sükut

Bu gün bir başqalıq yağır səndən
Kiçicik əllərini ovuclarımda gizlərkən
Dalğalanan saçlarını oxşarkən
Gülümsədin üzümə…
Danışmadıq heç,
söz vermişdik.
Bu dünyada sevgisiz ölən bütün ruhlar üçün
Yarım saatlıq sükuta dalacaqdıq.

16.12.2010


Qoca

Bu gün səni gördüm, qoca…
Üçü bir manata satdığın limon kimi
Rəngin sapsarı idi, dişlərin illərin sarısı.
Ən ucuz siqareti çəkməyin,
Qocalıqda həyatın ağır yükünü çəkməyin
görüntüsüydü o.
Diqqət etdim qoca,
sənin dərdin limon satmaq deyil.
Atılmışlıqdır, kimsəsizlikdir sənin dərdin.
Söykənəcəyi olmayan bir yaşamdır dərdin.
Limon satmaq bəhanəsi ilə
İnsanlarla danışmaqdır sənin dərdin.

Yoxsa kimsə dindirməz səni
Miyonlarca atılmışlar kimi
Bir yolun kənarında, bir daxmanın küncündə
Ya donvurmadan, ya ürəktutmadan
Savrulub gedəcəksən…
Kimsəsizlər məzarlığında
Torpaqla doğmalaşacaqsan…

15.12.2010


Getmə başımdan

Hər sabahdan öncə
Günəşin yuxudan ayılmadığı vaxtda
Möminlərin sübh namazına daldığı vaxtda
Mən də səcdədəyəm.
Onların üzü qibləyə,
mənim üzüm sənin rəsminədir.
Onların hərəsinin bir istəyi,
mənim istəyim yalnız sən.
Onlar günahlardan arınmaq
Mən səninlə günaha batmaq istəyirəm.
Mənim günahım ol, mənim sevincim ol
Hər kəsin qaçmaq istədiyi bu şəhərdə
Mənim yanımda ol, getmə başımdan.

12.12.2010


O üzdən

Biz zülmətin cocuqları kimi
doğduq bu ölkədə
Günaydınla qarşılandığımız
sabahlarımız heç olmadı
Biz çizilmiş bir yola məhkum edilmiş
gəncliyi yaşadıq.
Seçimlərimiz olmadı…
O üzdən
İçimdən bolluca tüpürmək gəlir
Bu şəhəri tüpürcəklər arasında
bir adaya çevirmək gəlir
İçimdən bolluca avara keçən illəri
Boşuna savaşdığm günləri
Qazandığım Pirr qələbələrini
Birdəfəlik süpürmək gəlir.

06.12.2010


Almılanın gözləri

Sakit bir külək əsir ulu bozqırda
Keçmişdən gələcəyə anılar yenilənir
Savaşlar canlanır, min bir duyğular yaşanır.
Son kərə sevdiyinə sarılır igidlər .
Uzun bir yolçuluq başlanır
Kim bilir bəlkə də son gediş.

Son gedişdən öncə, bir daha baxdım
Almılanın gözlərinə
Nə qəmli bir duyğular, nə getmə deyə bir yalvarış
Görmədim.
Çox savaşlara, çox yolçuluqlara alışmışdı
O gözlər.

Ulu bozqırda “Özgürlük” deyə hayqırmanın
Sevincini gördüm o gözlərdə
Dənizin bitdiyi yerdə,
Üfiqdə səma ilə öpüşdüyü yerdə
Sonsuzluğa qovuşmanın həsrətini gördüm
O gözlərdə.

Savaşmaqmı çətin, o gözlərdən ayrılmaqmı çətin
Ölməkmi çətin, sevgiliyə həsrət qalmaqmı çətin
Bozqırın rüzgarında savrulmaqmı çətin…

Bitəcək Almılam, bu savaşlar
Rüzgarların bizə özgürlük gətirdiyi
Mas-mavi səma altında, bizi salamladığı gün
Bitəcək Almılam.

03.11.2010

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG