Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:44

Gənclərin aksiyasını dağıdan mülki geyimlilər


Gənclərin 11 mart aksiyasında gəncləri saxlayanlar daha çox mülki geyimlilər idi.

Martın 11-də gənc fəallar Bakının bir neçə yerində aksiya keçirtməyə cəhd etdilər. “Facebook” sosial şəbəkəsində irəli sürülən “11 mart- Böyük Xalq günü” adlı təşəbbüsə qoşulan gənclərin Bakıda etiraz aksiyası keçirməsinə polis imkan vermədi.

Təkcə metronun «28 May» stansiyasının yaxınlığında polisin özünün dediyinə görə, 10-a qədər gənc saxlanılıb. Metronun “Nizami” və “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında da aksiyaya cəhdlər zamanı saxlanılanlar olub.

YENƏ DƏ MÜLKİ GEYİMLİLƏR

Gənclərin həbsində mülki geyimli şəxslərin fəallığı nəzərə çarpırdı. Bəzən onların sayı aksiya iştirakçılarından da çox olduğundan kütləvilik mənzərəsi yaranırdı. Mülki geyimlilərin kimliyi barədə DİN-dən yeni bir şey öyrənə bilmədik.

Xatırladırıq ki, əvvəllər mülki geyimlilərin etiraz aksiyalarında həbslər həyata keçirməsini DİN sözcüsü Ehsan Zahidov belə şərh etmişdi:

“Azərbaycanda ictmai asayişin keşiyində polis əməkdaşları dayanıb, başqa qüvvə yox.
Polis əməkdaşları da qanunsuz aksiyaların qarşısını polis formasında alırlar”.

Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov da vaxtilə AzadlıqRadiosuna bildirmişdi ki, mülki geyimli şəxsin vətəndaşa qarşı zor tətbiq etməsi qanun pozuntusudur və əlavə etmişdi: “bu, pozuntudur və bunu araşdırmaq lazımdır”.

FƏZAİL AĞAMALI DEYİR AZƏRBAYCAN DEMOKRATİK DÖVLƏTDİR

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, iqtidaryönlü AVP sədri Fəzail Ağamalı hesab edir ki, bir qrup gəncin təşəbbüs göstərdiyi «11 mart - Böyük Xalq Günü» aksiyası əslində müxalifət partiyalarının mətbəxində hazırlanan layihədir. Deyir o necə böyük xalq günüdür ki, səsləndirilən şüarlar AXCP və Müsavatın niyyətlərindən ibarətdir?

“Sürətlə tarixin arxivinə getməkdə olan AXCP və Müsavat bir-biri ilə rəqabət apararaq belə layihələrlə status- kvonu saxlamağa çalışırlar. Təəssüf ki, ölkə miqyasında və beynəlxalq səviyyədə özlərinə diqqət çəkmək üçün hazırlanan bu layihələrin arxasında dövlətin, xalqın maraqları dayanmır. Burada önə çıxmaq, donor təşkilatlardan qrantlar almaq uğrunda yarış, korporativ maraqlar güdülür».

Fəzail Ağamalı deyir ki, Azərbaycan demokratik dövlətdir. Gənclər bu və digər aksiyalarda iştirak etmək istəyirlərsə, bunu ayrı –ayrı sosial şəbəkələrin arxasında gizlənməklə etməsinlər. Fikirlərini mənsub olduqları partiyaların sıralarında açıq şəkildə aksiyalarda iştirak etməklə desinlər.

O düşünür ki, gənclərin bu hərəkəti ərəb ölkələrində baş verən siyasi proseslərin, kataklizmlərin və inqilabların dalğasını kor- koranə, heç bir əsas olmadan Azərbaycana transfer etmək istəyidir və effektli olmayacaq.

ƏLİ KƏRİMLİ AKSİYANI "UĞURLU BAŞLANĞIC" SAYIR

AXCP sədri Əli Kərimli isə “11 mart Böyük Xalq Günü” aksiyasını keçirməyə cəhd edənlərin müstəqil gənclər olduğunu deyir. Onun fikrincə, bu məsələyə həddən artıq polis cəlb olunduğu üçün gənclər istədikləri kimi toplaşa bilmədilər.

“Məlum oldu ki, Azərbaycan hakimiyyətindən narazı olanlar yalnız rəsmən müxalifət partiyalarında təmsil olunanlar deyil. Heç bir partiyanın üzvü olmayan müstəqil gənclik artıq belə yaşamaq istəmir. Ölkədə dəyişiklik, azadlıq, ciddi islahatların həyata keçirilməsini istəyir. Və başa düşür ki, özünün birbaşa iştirakı, fəallığı olmadan bu islahatları həyata keçirtmək mümkün olmayacaq” – deyə Ə.Kərimli bildirdi.

Onun sözlərinə görə, iqtidar özünü inamlı göstərməyə çalışsa da, qorxu içərisində olduğunu büruzə verdi. Bunu hakimiyyətin “11 mart- Böyük Xalq Günü” aksiyasının qarşısını almaq üçün ölkənin hər yerindən nəinki polis, daxili qoşunları səfərbər etməsi, hətta mülki geyimli, başqa qeyri- qanuni dəstələri belə cəlb etməsi də təsdiqləyir.

Əli Kərimli hesab edir ki, bu, bir başlanğıcdır. Özü də uğurlu başlanğıc. Onun fikrincə, belə silsilə aksiyalar cəmiyyətin ən müxtəlif təbəqələrindən yenə olacaq. Cəmiyyətin bütün təbəqələri bütövlükdə belə ümummilli aksiyalara hazır olanda onlar da öz qərarlarını verəcəklər.

Şərhləri göstər

XS
SM
MD
LG