Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30
Qarışqalar

Axşamdan qalan boyat çayı elə soyuq haldaca başıma çəkib küçəyə çıxdım.

Nəhəng bir qarışqa yuvasına bənzəyirdi şəhər.

Yekəbaş, iribuynuz qarışqalar başlarından böyük, bədənlərindən ağır yüklərini çiyinlərinə alıb o yana – bu yana tələsir, bir-birlərinə ilişir,bir-birlərinə mane olur, bir-birlərini itələyirdilər. Hər birisi o birilərinkindən daha ağır yükün altına girməyə can atırdı.

Beli bükülənlər, çiyinləri qısılanlar, başları boyunlarına keçənlər daha inadlı, daha məğrur idilər.

Mənsə, yük altında yaşamaq istəməyən qarışqalardan idim və bu şəhər də, bu qarışqaların ağır-batman həyat tərzi də mənə yad idi…

Dinməyən, yükünün ağırlığını, belinin ağrısını bircə dəfə də olsun dilə gətirməyən, həyatı boyunca heç nəyə və heç kimə etiraz eləməyən qarışqa olmaq mənlik deyildi.

Şəhərin küçələrini, divarlarını qaradan qara bir rəngə boyamış bu qarışqa sürüsünə bağırmaq, onları ayıltmaq, həyatda daha başqa rənglərin, daha başqa həyat tərzlərinin olmasına inandırmaq istəyirdim.

Özüm kimi dostlarım, tanışlarım vardı, biz mütəmadi olaraq bir yerə toplaşıb sabah şəhərin hansı yerində aksiya keçirməli olduğumuza qərar verirdik və toplaşdığımız zaman həmən yaxınlıqdakı divarları qırmızı rəngə boyayır, şüarlarımızı səsləndirməyə, qarışqalara eşitdirməyə çalışırdıq.

Qarışqa həyatına yox!

Qara rəngə yox!

Ağır yüklərə etiraz edirik!

Susmağa yox!

Mütiliyə yox!

Miskinliyə qarşı çıxırıq!

Biz – insanıq, bizi yükləməyə, bizi tapdalamağa kimsənin haqqı yoxdur!

…Və döyülürdük, və həbs olunurduq, və təqiblərə, təzyiqlərə məruz qalırdıq.

Oxuduğumuz, işlədiyimiz qarışqa məkanlarında canımıza daraşırdılar həyatlarının ritmini dəyişmək istəməyən yekəbaşlar və iribuynuzlar…

Naturaçımız

Naturaçımızı bəyənmədim.

Hardasa 30-35 yaşlarında arıq, ortaboylu, uzun saçları qaraya boyanmış sarışın bir qadın idi.

Əynindəki bir-birindən qara paltarlarını soyunub dostumun çarpayısının üzərinə atdıqca ətimin ürpəndiyini, ürəyimin sıxıldığını hiss elədim.

Döşləri boş və sallaq idi, elə qarnı da, budları və qolları da.

Bunu hardan tapmısan deyə dostumun üstünə qışqırmaqdan özümü zorla saxladım.

Amma deyəsən elə dostum da mənim halımdaydı, pərtliyi-pərişanlığı gözlərimə girirdi.
Qadın otağın ortasında dimdik dayanıb gah mənə, gah dostuma baxırdı.

- Bir az tez eləyin, başqa müştərim də var, – dedi.
İlahi! Elə bil əsrlərdir qıfıllanıb paslanmış bir darvazanı ağır-ağır araladı kimsə.

Qadının səsindən ürəyim bulandı. Dostum:

- Elə bizim də başqa işlərimiz var, – deyib gülərək mənə göz vurdu və mətbəxə keçdi.

- Dayan, – ardınca qaçdım az qala, onu qapının ağzında yaxaladım, – sən hara gedirsən?

- Bir şey alım içməyə, gələcəm, həm də sən məndən bir ay böyüksən axı, birinci sən başla, mən də gəlib çatacam indi, – cavabımı gözləməyərək qapıdan küçəyə qaçdı.

Otağa döndüm.

Qadın dostumun çarpayısında oturub ayaqlarını bir–birinin üstünə aşırmışdı:

- Çəkməyə nəsə var? – soruşdu.

- Siqaret?

- Nə olsa, – gülümsədi, – başımı buladığımı görüb, – eybi yox, onsuz da tez gedəcəyəm, di başla görüm, – ayaqlarını bir-birindən ayırıb mümkün qədər aralı saxlayaraq belini dikəltdi və başını arxaya verib gözlərini üstümə dikdi.

Baxışları bomboş idi…

Ona yaxınlaşdım. Yaxınlıqdakı tabureti çəkib qarşısında oturdum:

- Axırıncı dəfə nə vaxt sevişmisiz? – soruşdum.

- Biz? Yox, biz birinci dəfədir görüşürük, mən burda da heç olmamışam.

- Elə demədim, – mən anladım onu, “siz” müraciətinə qulağı alışmadığı üçün çaşmışdı, – sən axırıncı dəfə haçan sevmisən?

- Sevmişəm? – onun gözlərindəki boşluğun lap uzaq bir dərinliyində nəsə tərpəndi elə bil, bu mənim gözümdən yayınmadı və o, aralı saxladığı ayaqlarını qeyri-iradi olaraq bir-birinə yaxınlaşdırdı, sanki uzaq-uzaq illərin o tərəfində qalmış yeniyetmə bir oğlanın onu indicə görə biləcəyindən xəcalət çəkdi birdən-birə, – nə bilim, uşaq vaxtı bəlkə, məktəb vaxtı…yox, məktəbi bitirmişdim…niyə soruşursan?

- Heeç…onunla sevişdinmi heç? Sevdiyinlə yəni.

- Yoox, – qadının tarım çəkilmiş bədəni yumşalıb qabağa əyildi, dizlərini qucaqlayıb nəzərlərini mənim ayaqlarıma dikərək dayandı, artıq bu gözlərdə bayaqkı boşluqdan əsər-əlamət qalmamışdı, əməlli-başlı dolmuşdu onlar, bədəninin, üzünün çirkinliyi məni çəkindirməsə, yaxınlaşıb başını dizlərimə sıxacaq, ovunduracaq, gözlərini öpəcəkdim bəlkə…

- Niyə? – mən qalxıb rəngləri açdım və fırçaları bir-bir masanın üzərinə düzməyə başladım.

- Mən kifirəm axı! O isə yaraşıqlıydı, bütün qızlar ölürdülər ondan ötrü, mənə heç gözünün ucu ilə də baxmırdı. Sonra əsgər getdi, sonra da qayıtmadı əsgərlikdən.

- Bəs ilk dəfə kiminlə oldu bu? – mən yaxınlaşıb onun qolundan tutaraq ayağa qaldırdım, – burda beləcə dayan,saçlarını verək arxaya…bax belə…hə, kiminlə oldu deyirsən?- fırçalardan birini götürüb rəngə sıxaraq ona yaxınlaşdım.

- Qonşumuzla. O, anamla yatırdı, bilirsənmi, atam yox idi mənim, lap əvvəldən yox idi, anamı mən doğulmamışdan da qabaq atmışdı…hə…o adam…qonşumuz…bizə gəlirdi öz evinə gəlirmiş kimi,anam işdə olanda da gəlirdi…bir gün də belə oldu…sonra yenə oldu,sonra yenə…anam biləndə çox gec idi, mən artıq onun bizə gətirdiyi dostlarıyla da yatırdım…

- Kimin gətirdiyi? – mən fırçanı onun döşünün giləsinin ətrafında fırlayaraq soruşdum.

- Qonşunun…mən yatmazdım onlarla, anamın canı üçün, yatmazdım, amma o məni qorxutmuşdu ki bunu anama deyəcək…

- Nəyi deyəcək? – mən onun o biri döşünün giləsinin ətrafını rəngləməkdəydim.

- Mənimlə yatdığını…utanmışdım, qorxmuşdum həm də…bir də ki, onlar mənə hədiyyələr gətirirdilər, şirniyyatlar da…çətin vaxtlar idi, müharibə gedirdi ölkədə…biz…erməniydik axı…..

- Nəə? – mən əlimi bir anlıq saxlayıb onun gözlərinin içinə baxdım. İndi birdən-birə dəhşətli bir qorxuyla dolmuşdu onlar, özümü ələ alıb onun birdəncə mənim biləyimi sıxan titrək əlini kənara çəkdim, – qorxma, bu sadəcə fırçadı, – dedim.

- Bağışla…- o, başını aşağı salıb sakitçə ağlamağa başladı, göz yaşları yanaqlarından sürüşüb çənəsinin yanındanca döşlərinə yuvarlanır, səliqə ilə çəkdiyim qırmızı dairələrin üzərində qıprırmızı rəngə boyanaraq onun ayaq barmaqlarına düşürdü. Mən əyilib onları da rənglədim…bunu niyə elədiyimi belə anlamırdım, bu qadının rəsmini çəkməliykən, nə üçün bədəninin orasını-burasını qırmızıya boyadığımı özüm də başa düşmürdüm, qadın da itaətkarcasına dayanıb astaca hıçqırır, titrəyirdi…

- Məni…başdan ayağa rənglə…xahiş eləyirəm…- pıçıldadı…- qıpqırmızı, ipisti bir damla düşdü sağ əlimin üstünə, sonra biləyimə qədər iz buraxdı…

- …

Bir azdan evin ortasında saçlarının ucundan dırnaqlarına qədər qan rənginə boyanmış qadın dayanmışdı…o, hələ də hıçqırır, hələ də titrəyirdi…

Dostum

- Dəli olmusan??? – dostumun bağırtısına döndüm, bu nədi belə? Nə deməkdi bu??? Hə???

- Belə alındı..mən onu başqa cür çəkə bilmədim…təsəvvürümə gəlmədi, həm o özü bunu istədi.

- Ağlın başındadı? Necə yəni özü istədi?

- Özüm istədim, – qadın qupquru səslə hissiz-duyğusuz bir halda dedi.

- Pahoo…mənim günümə bax bir, ağlını itirmiş dostum və qıpqırmızı fahişəylə avara qalmağıma bax! Oğlan, mən sənə dedim onnan yat ya şəklini çək?

- Nəə? Sən demədin ki naturaçıdı o?

- Naturaçı özünsən! – diqqətlə hələ də otağın ortasında qıpqırmızı dayanıb tərpənməyən qadına baxdı, – indi bu, necə yuyunacaq, harda çiməcək…bizim suyumuz da yoxdu…pul da azdı…

- Mənə heç nə lazım deyil! Mən fahişə də deyiləm! Anlayırsan? Eşidirsən? Fahişə deyiləm!!! Belə gedəcəyəm! Çəkil qabağımdan!

Qadın dostumu itələyib elə necə vardısa, o cür də qapıdan çıxıb küçəyə götürüldü.

İlk saniyələrdə nə baş vediyini anlamasaq da, sonrakı dəqiqələrdə nə eləmək lazım olduğunu belə bilmədən ikimiz də onun ardınca küçəyə qaçdıq.

O, dəli kimi qaçırdı, qarşısına gələn hər kəsi itələyir, hər kəsə sürtünür, hər kəsdə qıpqırmızı rəng izi saxlayıb yolu gözlərinə yığaraq irəliləyirdi.

Adamlar dönüb baxır, maşınlardan siqnal səsləri gəlir, söyüşün, gülüşün sayı-hesabı bilinmirdi.

Qız qalasına yaxınlaşıqca hər tərəfdən gələn qırmızı kepqalı, qırmızı futbolkalı gənclərə qarışmalı olduq.

Bunlar bizim dostlarımız, məsləkdaşlarımız idi, aksiyanın tam dəqiq zamanında bir araya toplaşmaqdaydılar.

Evdən bura qədər ardınca qaçdığımız qadın qorxudan başını tamam itirmişdi deyəsən, nə eləyəcəyini bilmədən qaçıb-qaçıb qalanı qucaqlamaq istəyirmiş kimi qollarını yanlara açaraq bütün bədəni ilə divara qısıldı.

Hər tərəfdən ona sarı axışan qırmızı kepqalı,qırmızı köynəkli oğlanlara, qızlara gözlərinin bir ucuyla baxınca da çevrilib üzü şəhərə sarı dayandı, birdən də tükürpədici səslə qışqırmağa başladı…

Səsindən bütün şəhər yerindəcə donmuşdu.

Ona ən yaxın məsafədə biz idik – Qırmızı aksiya iştirakçıları.

Bizdən sonrakı dalğa ardımızca maraq xatirinə qaçıb başımıza toplaşan şəhər camaatı idi – Qara qarışqalar yəni.

Üçüncü dalğa isə qara geyimliləri bizim, bizi isə qadının üzərinə sıxışdıran polislər idi – qara-bozumtul rəngdə…

("Namə" romanından)

Günün bütün mövzuları

XS
SM
MD
LG