Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:27
Jurnalist Azər Qaraçənli azadlıq mövzusunda yazılarından ibarət elektron kitabını buraxıb: “Azadlıq kitabı”. Müəllif kitabı pulsuz yayır.

Kitabı hər bir şəxs bu link vasitəsilə öz kompüterinə yükləyə bilər.

Kitabda müəllifin 2007-2010-cu illərdə azadlıq hüququ, azadlıq mübarizəsi, azadlıq təcrübəsi və azadlıq hissi haqqında yazdığı yazılar dörd bölmədə (“Azadlıq təklifləri”, “Azadlıq nitqləri”, “Azadlıq hekayələri”, “Azadlıq duyğuları”) təqdim edilib.

Bölmələrin hamısı bu kitaba qədər ayrı-ayrı yazılar kimi "Mediaforum.az" saytında işıq üzü görüb.

“Azadlıq təklifləri”ndə müəllif azadlıq hüququnun genişləndirilməsi üçün imtiyazları kütləviləşdirmək, həbsdən mühakiməyə keçmək, günahların və günahlandırmaların sayını azaltmaq, qanunlara əməl eləyib-eləməməyi insanların ixtiyarına buraxmaq, azad insanın əxlaqını, həyat tərzini tətbiq eləmək və bütün bunları reallaşdırandan sonra insanlar arasında bərabərliyi pozan başqa fərqləri də aradan qaldırıb, bütün mühakimələri dayandırıb, bütün günahlandırmalardan əl çəkib, dövlətin bütün formalarına son qoyub, bütün qanunları ləğv eləyib ictimai prosesi sona çatdırmaq kimi ideyalar irəli sürüb.

Müəllifin fikrincə, azad insanın əxlaqında dünyanın yeni nizam-intizamını qurmaq üçün lazım olan hər şey var.

“Azadlıq nitqləri” – azadlıq üçün təhlükəli olan bir mühitdə heç kimi qızışdırmadan, heç kimə ziyan vurmadan, təmənnasız, təvazökar, məsuliyyətli, insaflı və tamamilə dinc mübarizə metodlarını tapmaq cəhdidi. Müəllif bu silsiləni hardasa nitq kimi söylədiyinə görə yox, yazı üslubuna görə nitqlər adlandırıb.

“Azadlıq hekayələri”ndəki üç hekayət - ənənəvi hekayələr deyil. Müəllif bu üç yazını yazılmamış, yəni mövcud olmayan hekayələr haqqında hekayətlər üslubunda qələmə alıb.

“Azadlıq hekayələri”ndə müəllif olmayan hekayələrdən danışır, özündən hekayə adı və hekayə süjeti uydurub onu oxucuya həm nəql, həm də şərh eləyir. Bu baxımdan “Azadlıq hekayələri” həm bədii, həm də publisistik əsərlərdi.

“Azadlıq hekayələri” – cəmiyyətin azadlıq təcrübəsi haqqındadı və müəyyən qədər avtobioqrafik xarakter daşıyır.

“Azadlıq duyğuları”nda müəllif özün kimi olmaq, öz harmoniyanı tapmaq, vicdanın oyandığı anları buraxmamaq, mənəvi münasibətə köklənmək kimi məsələlərdən söz açır:

“Duruşumdan yalançı mənəvi pozanı, üzümdən saxta mənəvi ifadəni götürüb dünyayla həqiqi mənəvi münasibətdə olanda özümü yüksəkdə duyuram, kaş həmişə belə olaydım deyirəm.

...Bu zirvə göydən düşmür, bilirəm. Bundan ötrü özünü mənəvi münasibətə kökləmək, bir daha kökdən düşməmək lazımdı”.

Azər Qaraçənli (Əliyev Azər Ağa oğlu) 1973-cü ildə Bakı şəhərində doğulub. 1995-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib.

1993-cü ilin sonlarından jurnalistika sahəsində çalışır. “Azadlıq” (1993-1995, 1998), “Yeni Müsavat” (1998-2000), “Avropa” (2000-2003) qəzetlərində işləyib.

2004-cü ildən “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsi olan “Mediaforum.az” xəbər saytının baş redaktorudur.

Həmçinin oxu
"Elmara yas saxlayırsan, amma Elmar kimi yazmırsan"

Günün bütün mövzuları

XS
SM
MD
LG