Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

«Prezident Obamaya deyəcəyəm ki, Azərbaycanla elm və təhsil sahəsində daha yaxşı əlaqələrin yaradılması vacibdir»

Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ Prezidenti Barak Obamanın elmi məsələlər üzrə elçisi Alice Gast deyib.

Bakıya martın 8-də gələn ABŞ rəsmisinin səfəri martın 11-də başa çatır. Amerikanın tanınmış kimyaçı-mühəndisi və «Lehigh» Universitetinin prezidenti olan xanım Gast deyir ki, Azərbaycana təhsil və elm sahəsində əməkdaşlıq və tərəfdaşlığı genişləndirmək məqsədilə gəlib. Bildirdiyinə görə, texnika, elm, təhsil sahəsində hər iki ölkənin ümumi maraqları var.

Alice Gast Milli Elmlər Akademiyasının nümayəndələri, Elmin Milli İnkişaf Fondunun nümayəndələri və Dövlət Neft Fondunun nümayəndələri ilə səmərəli görüş keçirdiyini deyir. Və prezident İlham Əliyevlə görüşəcəyinə ümid edir.

ALTERNATİV ENERJİ

Xanım Gast hesab edir ki, Azərbaycanın alternativ enerji sahəsində imkanları çoxdur.

“Xüsusilə günəş və külək enerjisindən istifadə imkanları. O cümlədən, neftə əsaslanan enerji, məsələn hidrokarbon enerjidən istifadə də edilə bilər”.

Obamanın elmi məsələlər üzrə elçisindən “bəs neft qurtarandan sonra necə olacaq?” deyə soruşuruq. Yerli iqtisadçılar neft bitəcəyi gündən narahatdırlar. Çünki Azərbaycan büdcəsinin hazırda əsas hissəsi neft gəlirlərinə əsaslanır.

NEFT BİTƏNƏCƏN ALTERNATİV ENERJİ EHTİYATLARI İNKİŞAF ETDİRİLMƏLİDİR

Xanım Gast deyir ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında alternativ enerji ehtiyatların əhəmiyyəti böyükdür:

“Neft ehtiyatları bitənə qədər alternativ enerji ehtiyatlarının inkişaf etdirilməsi çox vacibdir. İnanıram ki, bu, Azərbaycanın uzun müddətli inkişafına öz töhfəsini verə bilər. Mən eşitmişəm ki, Azərbaycanda da informasiya texnologiyaları irəliləyir. Bu sahənin inkişafı da Azərbaycanın inkişafında öz rolunu oynaya bilər”.

GƏNCLƏRİN HƏBSİ MƏSƏLƏSİ

Alice Gast alternativ enerji ilə bağlı öz fikirlərini bölüşsə də, Azərbaycanda başlanan antikorrupsiya tədbirləri, son günlər Harvard məzunu Bəxtiyar Hacıyev də daxil olmaqla bir neçə gəncin həbsinə şərh vermək istəmədi.

O həm də Azərbaycanda QHT-lərın qeydiyyat problemlərindən xəbərsiz olduğunu bildirdi.

Amerika prezidentinin xüsusi elçisi AzadlıqRadiosuna bildirib ki, ölkəsinə qayıdanda Barak Obamaya mesajı olacaq:

“OBAMAYA MESAJIM OLACAQ”

“Mən belə bir mesajla qayıdacam ki, Azərbaycanla elm və təhsil sahəsində daha da yaxşı əlaqələrin yaradılması vacibdir. Və bu əlaqələri mübadilə proqramları vasitəsilə etmək olar. Prezidentə informasiya texnologiyaları, təmiz su problemi, kənd təsərrüfatı barədə söhbət edəcəm”.

Xanım Gast bildirir ki, Amerikada Azərbaycanla bağlı bir o qədər də məlumat yoxdur. Qayıdanda həm gördüklərini, həm də təəssüratlarını amerikalılarla bölüşəcəyini dedi.

Şərhləri göstər

XS
SM
MD
LG