Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14
Martın 9-da gənc fəal Etibar Salmanlı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində olub.

Bu barədə AzadlıqRadiosuna Etibar Salmanlı ilə birlikdə polis bölməsinə gedən vəkili Xalid Bağırov məlumat verib. Vəkil bildirib ki, son günlər polis bölməsindən Etibar Salmanlıya davamlı zənglər edərək onu bölməyə çağırıblar: “Etibar Salmanlını polis bölməsinə bir əməliyyat müvəkkili çağırmışdı. Etibar Salmanlı da qərara aldı ki, polis bölməsinə mənimlə getsin. Bizi bölmənin rəisi qəbul etdi və bildirdi ki, onlar Etibar adlı başqa şəxsi axtarırlar. Etibar Salmanlı səhvən polisə çağırılıb”.

Etibar Salmanlı AzadlıqRadiosuna bildirib ki, bir neçə gündür polis bölməsinin əməkdaşları onun yaşadığı evə gələrək ailəsindən onun yerini soruşublar.

Sonuncu dəfə polislər Salmanlıların evinə martın 9-da gəliblər:

“Mən də məsləhətləşdikdən sonra qərara aldım ki, polis bölməsinə vəkillə gedim. Bölmənin rəisi dedi ki, biz taksi sürücüsü olan başqa Etibarı axtarırıq. Ancaq mən rəisin səmimiyyətinə inanmıram. Düşünürəm ki, əgər polis bölməsinə o biri gənclər kimi vəkilsiz getsəydim, mənə də bir bəhanə ilə 5-10 sutka verəcəkdilər”.

Suraxanı rayon Polis İdarəsinin 31-ci bölməsinin növbətçi hissəsində əvvəlcə Etibar Salmanlının bölməyə gəlməsi xəbərini təkzib etsələr də, sonradan etiraf etdilər ki, Etibar Salmanlı polisə səhvən çağrılıb.

Bundan əvvəl Etibar Salmanlı AzadlıqRadiosuna bildirmişdi ki, Bakının Bülbülə qəsəbəsindəki evinə gələn polis onu axtarıb və səbəbini hansısa qadına sataşmaqla izah edib.

Etibar Salmanlı bildirirdi ki, evinə gələnlər məhz 31 saylı polis bölməsinin əməkdaşlarıdır. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə onun bu iddiasını təkzib edirdi.

Etibar Salmanlı hesab edir ki, bütün bunlara səbəb martın 6-da şəhərin mərkəzi küçələrində «11 mart –Böyük Xalq Günü» adlı «Facebook» kampaniyasına qoşulmaq üçün vərəqələr yayması və bloqqer kimi fəallığı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG