Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

TELLİ. Şeirlər
















Daha heç nə incitməz məni
Baxışlarınızın incitdiyi qədər...
Gözəl sözlərin yalan olduğunu bilirəm
İltifatların çox zaman saxta olduğu qədər...
Özümü bilirəm, ən azı sizi bildiyim qədər...
Sizin gözünüzdə çox cəsuram,
Yıxılmaram gözünüzdə...
Amma bilirəm-
mənim cəsarətim -
küncə sıxılmış pişik cəsarətidir...


* * * * * *


Məni unutma…
Qatlanıb atılmağa layiq bildiyin
bir kağız olsam da,
Məni unutma…
Keçmişdən dəyərsiz bir xatirə kimi qalsam da,
Həyatına toz-torpaq gətirən
Bir əsim külək olsam da,
Ayaqlar altına düşən bir yarpaq olsam da,
Məni unutma…

Qaranlıqda cəlb edən işıq olmasam da,
Günəşim, baharım, rəngim olmasa da,
Cənnətdən qovulub, cəhənnəmlik olsam da,
Məni unutma…

Mən heç kimi unutmadım…
Unutmadım ayağımı isladan yağışı,
Unutmadım ayağımı üstünə qoyduğum torpağı,
Göylərdə gəzdim, yerləri unutmadım…
Varlar həmişə yadımdadı,
Yoxları da unutmadım…

Özüm üçün demirəm…
Sənin qəlbində boşluq olmasın deyə,
Məni unutma… Unutma!!!


* * * * * *


Zaman otağıma soxuldu...
Mənə aid nə vardısa, hamısını oğurladı...
Kitabımı apardı.
- Aparma...
Maraqsız olduğunu görüb bağlayacaqsan...
Qələmimi götürdü.
- Xəttin pisdi, mürəkkəbi bitirmə...
Dəftərimi götürdü.
- Qaytar geri! Vərəqlərini cırıb gəmi güzəldəcəksən,
Nə gəldi yazacaqsan,
Həyatımın ağ üzünə ləkə salacaqsan...
Çantamı götürdü.
- Ağırdı, apara bilməyəcəksən,
Həyatımın çətinliklərini özüm daşımalıyam...
Rəngli karandaşlarımı götürdü.
- Çəkəcəksən ağlından keçənləri...
Ağ-qara qoyma mənim əsərlərimi...
Pozanımı götürdü:
- Pozacaqsan mənim həyat rəsmimi,
Qırıntıları ilə üst-başımı bulaşdırma,
Həyatımdan pozmaq istədiklərinin izi qalacaq...
Zaman, geri qaytar oğurladıqlarını!...


* * * * * *

Sən mələk ol,
Mən əlçatmazlığından danışım...
Uşaq kimi hıçqırıqla ağla,
Hər şeyi sındır, dağıt.
Mələklər də ağlayır-
Amma şəkillərdəki qara və sakit axan
göz yaşlarıyla yox-
Uşaqlar kimi...

Uşaqların gözündə
səmimiyyət görüb gülümsəyirsən,
Onlar bizdən heç nə ummur güləndə...
Mələklər də elədir -
Bizim üçün sevinəndə
Onların gülüşüdü
bizi səmimi güldürən...

Uşaqların qisasını görmüsən?
Topuna bıçaq vuran kişinin
Maşınının təkərinə təpik vurur.
Elə bilir qisas aldı...
Mələklər də elədir -
İnsana xoşbəxtlik yaşatmaqla qisas alır...

Uşaq hamını sevir,
Bu əsl sevgidi – təmənnasız və səbəbsiz...
Xoşuna gəlməyənə “dil çıxaranda” səhv eləmir,
Çünki qarşı gözlərdə hirs görür, hikkə sezir...
Mələklər də elədir -
Hər əməlimizdən xəbərdar olurlar...

Mənim yalansız,
Səmimiyyətlə ağlayan,
Gülüşlərində heç nə ummayan,
əlçatmaz mələyim -
Məni varlığınla yaşat,
Yoxluğunla cəzalandırma...


* * * * * * *


Bağlı bir kitabam
Vərəqləməyə vaxtın yoxdur.
Başa düşmürsən məni,
Bilmirsən acığım çoxdur,
Amma tez sakitləşirəm.
Boğuluram yoxluğunda
Mənim ola bilmirsən,
Səni də unuda bilmirəm.
Sevdiyini də demirsən
Bəlkə əsəblərim sakitləşə.
Qısqanmağı da qadağa etmisən,
Məcburam hər şeyə gülüb keçim.
Yuxuda da oynayırsan mənimlə
Gecə gəlib, səhər yoxa çıxırsan.
Yoxsa xoşuna gəlir əsəblərimlə oynamaq?!


* * * * * * *


İstəmirəm Sənin üçün adiləşim,
Adiləşməsin səsim, qısqanclığım,
Yormasın, incitməsin Səni sevgim…

Hər gün bir az ümid edirəm-
Sabah, sabah, sabah sevəcək deyə…
Hərdən unudacağıma söz verirəm-
Bu gün, bu gün, bu gün mütləq…
Səhər dediyim sözü unuduram-
Dünən, dünən, dünən unuda bilmədim…

Hər tində ümidə qəbir qazmaqdan yoruldum,
Yoruldum Sənsizlikdən...
Artıq Səni sevirəm deməyi də tərgitmişəm,
Qorxuram Səninçün hisslərim də adiləşə...

Sənsizliyin acısıyla intiharlar edirəm,
Sanki içimdə can verirəm...
Cismimi göylərə hədiyyə edəcəm,
Məhv olsun olanım da, qalanım da...
Məni heç kimə vermək istəməyən,
Amma özü də yanımda olmaq istəməyən,
Cismimi göylərə hədiyyə etsəm də,
Qəlbim Sənə əmanətdir ...


* * * * * *


Səni sevə bilərəm...
Qısqana bilərəm səni,
Ürəyimdən səni öpmək keçər,
Bərk-bərk qucaqlamaq istəyərəm
heç buraxmadan.
Saatlarla gözlərinə baxa bilərəm
gözlərini yorana qədər.
Özümü sənə sevdirə bilərəm
Nifrət edəcəyin qədər.
Səni sevə bilərəm
Hər şey öz əlimdədir...

Sənə nifrət edə bilərəm.
Səni unutmaq yox,
Yadımdan çıxara bilərəm.
Beynimdən olmazın fikirlərin keçirərəm
Sənin barəndə pis fikirdə olum deyə.
Adını başqa adla dəyişə bilərəm,
Səsini dəyişə bilmərəm...
Sənə nifrət edə bilərəm,
Hər şey öz əlimdədir...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG