Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:16
Martın 9-da həbsdə olan AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalan ilə bağlı Respublika Narkoloji Dispanserin keçirdiyi ekspertizanın rəyi açıqlanıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib.

Vəkil bildirib ki, ekspertiza rəyi ziddiyyətlidir. Rəydə Cabbar Savalanın narkomaniyadan asılı olmadığı bildirilsə də, onun narkotiklərdən istifadə etməsinin istisna olmadığı göstərilib. Vəkil Anar Qasımov:

«CABBAR SAVALANDA NARKOMANİYADAN ASILILIQ MÜƏYYƏN OLUNMADI. AMMA...»

«Rəyin təsviri hissəsində yazılır ki, müşahidə zamanı Cabbar Savalanda narkomaniyadan fiziki və ya psixi asılılıq müəyyən olunmadı, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Amma ekspertlər ora belə bir cümlə də yazıblar ki, onun narkotik vasitələr qəbul etməsi istisna olunmur. Nəyə görə istisna olunmur, hansı əlamətlərə görə bu nəticəyə gəliblər, bunu rəydə əsaslandırmayıblar».

Vəkil deyir ki, rəyə etirazlarını bildiriblər. Vəsatət təqdim ediblər ki, iş üzrə təkrar ekspertiza keçirilsin. Həmçinin, rəy vermiş ekspertlər şahid qismində istintaqda dindirilsinlər və rəylərini əsaslandırsınlar.

«ALTERNATİV EKSPERTİZA TƏLƏB EDİRİK»

Anar Qasımov bildirib ki, Cabbar Savalan həbs olunan gün vəkillər onun narkotik istifadəçisi olub-olmadığını dəqiqləşdirmək üçün alternativ ekspertiza tələb ediblər. Ancaq məlum olub ki, bu iş üzrə əvvəlki müstəntiq Orxan Quliyev həmin vəsatəti rədd
Anar Qasımov
edib:

«Vəsatətin rədd edilməsi ilə bağlı indiyədək bizə hər hansı qərar verilmirdi. Bu gün bəlli oldu ki, iş materialları arasında belə bir qərar var. Qərarda yazılıb ki, qanunda alternativ ekspertiza keçirilməsi nəzərdə tutulub, vəkillər özləri bunu müstəntiqin qərarı olmadan da edə bilərlər. Ancaq müstəntiqin bu fikri absurddur. Çünki xüsusilə də narkotiklə bağlı ekspertizanı heç bir ekspertiza institutu istintaqın qərarı olmadan aparmaz. Qərarın rəsmi şəkildə bizə verilməsini xahiş etdik və yenidən vəsatət verdik ki, alternativ ekspertiza keçirilsin. Cabbar Savalandan qan nümunələri və ekspertiza üçün digər zəruri olan nümunələr götürülərək qablaşdırılsın, möhürlənsin, bizə verilsin ki, biz özümüz alternativ ekspertiza keçirək».

Vəkillər ziddiyyətli ekspertiza rəyləri ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara şikayət göndərəcəklər.

Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sumqayıt şəhər Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG