Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:13

Arif Məlikov: 'Gələcəyinə inandığım gənclər bəstəkarlığı atdı'


AzadlıqRadiosunun arxivindən. 2011

QÜRBƏTDƏ QALAN MƏHƏBBƏT ƏFSANƏSİ

Bəstəkar Arif Məlikovla söhbəti hara fırlasan gəlib «Məhəbbət əfsanəsi»nin üstündə durur. Hərçənd nə bəstəkar bu haqda danışmaq istəyirdi, nə də mən. Danışılmış mövzudur deyə.

Amma əfsanə baletin martın 23-də 50 yaşı tamamlanırsa necə?..

77 yaşlı Arif Məlikov yarım əsrdə dünyanın nüfuzlu səhnələrində oynanan, vizit kartına çevrilən «Məhəbbət əfsanəsi»nin ona xoşbəxtlik gətirdiyini deyir. Onu dünyanın tanınmış neçə sənətkarıyla dost etdiyini söyləyir.

Söhbətə körpü salmaq üçün «Yusif və Züleyxa»dan başlamaq istədim. Soruşdum ki, Arif bəy, sizin son baletinizi- «Yusif və Züleyxa»nı nə zaman səhnədə görəcəyik?

Əsəbiləşdi. Dedi ki, illərdir «Məhəbbət əfsanəsi» Azərbaycanda qoyulmursa, «Yusif və Züleyxa»nı qoyacaqlar? Haqlıydı da...

«TEATRIN «MƏHƏBBƏT ƏFSANƏSİ» SƏVİYYƏSİNDƏ TAMAŞA QOYMAĞA POTENSİALI, GÜCÜ YOXDUR»

-«Yusif və Züleyxa» Bakı teatrında necə qoyula bilər ki, ondan qabaq yazdığım üç baletin birinin iyi də yoxdur o teatrda. O teatrın heç mümkünatı da yoxdur ciddi səviyyəli tamaşa qoymağa... «Məhəbbət əfsanəsi» layiqli əsər deyilsə, niyə dünyanın 60 teatrında səhnələşdirilib? Dünyanın bir nömrəli teatrında – Böyük Teatrda, Leninqradın Marinskiy Teatrında, Praqada, Helsinkidə, Bolqarıstanda, Türkiyədə... Sovetlərin bütün teatrlarında oynanılıb. Bu yaxınlarda Qazaxıstanda, Ukraynada yenidən qoyduq. Azərbaycanda da qoyublar 1962-ci ildə. Tamaşanı saxlaya bilməyiblər.

- Arif müəllim, niyə Azərbaycanda «Məhəbbət əfsanəsi», «İki nəfər», «İki ürək dastanı» tamaşaya qoyulmur? Səbəb nədir?

- Teatrın «Məhəbbət əfsanəsi» səviyyəsində tamaşa qoymağa potensialı, gücü yoxdur. 50 ildir İmperator Teatrında «Məhəbbət əfsanəsi» gedir. Martın 23-də 50 ili tamam olur. 50 il tamaşanı saxlamaq bilirsiz nə deməkdir? Ona dəfələrlə quruluş vermək, məşqlər, solistlər... 50 ildə nəsillər dəyişib, yeni nəsillər tamaşaya cəlb olunur. Dünyada ikinci sağ bəstəkar yoxdu ki, 60 teatrda tamaşası səhnəyə qoyulsun. Dünyanın elə böyük ölkəsi yoxdur ku, «Məhəbbət əfsanəsi» qoyulmasın. 5 minlik, 15 minlik zallarda göstərilib. Qastrollara çıxır. Bu xoşbəxt insan mənim millətimin oğludur. Mən xoşbəxt insanam.

«PREZİDENT GƏLİB TEATRDA İŞLƏYƏSİ DEYİL Kİ...»

- Mən 50 ildir musiqi yazıram. 8 simfoniyanın müəllifiyəm, kantatalar, oratoriyalar, kamera musiqisi. Şikayət edə bilmərəm ki, mənə respublikada başqa münasibət var. Sənət aləmində qısqanclıq görürəm. İndi prezident gəlib teatrda işləyəsi, onun səviyyəsini qaldırası deyil ki... Azərbaycan xalqının təqsiri nədir ki, onu bu əsərləri görməkdən məhrum ediblər?

- Bəlkə prezidentlə görüşdə bu məsələni qaldırasız?

- Canım, bunu mənsiz bilməlidirlər. Mənsiz həll eləməlidirlər. Mən gəlib deməliyəm ki, teatrın səviyyəsini qaldırın, orda tamaşa qoyaq?..

«ZÜLEYXANI SEVƏN YUSİF MƏRD DEYİLDİ...»

- Bəs niyə Yusif və Züleyxa mövzusuna müraciət etdiz? Yüz illərdi bu dastan danışılır. Əsas ideya da odur ki, insanın surəti yox, qəlbi, ruhu gözəl olmalıdır. Siz vurğunu nəyə vurursuz? Əsas ideya nədir?

- Orda böyük insan sevgisi də var. Patifarın yoldaşı Züleyxa Yusifə vurulur. Amma Yusif daxildə mərd deyildi. Qorxudan sevgisindən də imtina edir. (Dini kitablarda isə Yusifin Züleyxadan imtina etməsi onun qorxaqlığı kimi yox, nəfsinə hakim olması və Patifar qarşısında oğulluq borcunu yerinə yetirməsi kimi təqdim edilir. Sadəcə Arif Məlikovun librettosunda Yusif bir qədər fərqli təqdim edilir - Ş.B) Misirdə firondan sonra ikinci adam olanda Yusif ürəyini ona açır. Züleyxa deyir ki, mən o Yusifi sevmişdim, bu Yusifi yox. Mən librettonun bütün incəlikləri danışa bilmərəm. Maraqlı librettosu var, maraqlı mövzudur. Həm də müasir mövzudur. Vəzifə pilləsində qalxmaq üçün insan bəzən hər şeyi pozur, sevgisinə də xəyanət edir. Yusif də belələrindən biriydi. Bu gün də görün nələr olur dünyada, millətlər qırılır, vəzifədə otursun deyə millətini gülləbaran edənlər var.

- Bu baxımdan Azərbaycanda vəziyyət necədir?

- Şükr Allaha ki, bizdə sabitlik var, bizdə üsyan, gülləbaran... Bizim öz dərdimiz var – Qarabağ. Bu problemi həll etməyincə Domokl qılıncı kimi başımız üstündən sallanacaq. Sual verdiz ki, neyçün yuxarılarla danışmıram. Respublikanın Qarabağ dərdi olan yerdə ar bilirəm ki, tamaşa məsələsini qaldırım.

«HEYDƏR ƏLİYEV FACİƏVİ İNSANDIR»

-Arif müəllim, Azərbaycanın bu gününü yazsaydız, yəni onu musiqiyə gətirsəydiz, orda hansı səslər, notlar üstünlük təşkil edərdi?

- Sizinlə danışmaq o zaman asan olardı ki, heç olmasa bir dəfə Heydər Əliyevə həsr olunmuş «Əbədiyyət simfoniyası»nı dinləyəydiz...

Heydər Əliyev məni özüylə Səudiyyə Ərəbistanına aparmışdı. Mədinədə Məhəmmədin qəbrinin üstündə namaz qıldıq. Orda mənə dedi ki, bilirsən səni niyə gətirmişəm. Səni gətirmişəm ki, buraları görəsən, ruhlanasan, bir böyük əsər yazasan. Gələndən sonra simfoniyanı yazdım. Yenə də Nazim Hikmətə müraciət etdim. Onun altı fəlsəfi, tragik şeirlərini seçdim.

İkinci bölümdə faciə o dərəcəyə qalxır ki, Filarmoniyanın orkestri mənə bəs eləmədi, ikinci və üçüncü orkestri banta aldım. Bir orkestr səhnədə çalırdı, o biri orkestrlər də dinamiklərlə birləşirdi ona. Faciəni o səviyyəyə qaldırmışdım, Heydər Əliyev də faciəvi insandır, faciəvi dövrdə respublikaya gəlmişdi.

- Niyə faciəvi? Dövrü başa düşdüm, bəs, Heydər Əliyev özü faciəvi fiqur idimi?

- Canım, necə ola bilər, onun faciəsi olmasın? O boyda Qarabağ əldən gedib. Kimsə bunu faciə saymırsa, onun nə zövqü, nə düşüncəsi, nə də ürəyi var.

Bir dəfə sual verdilər ki, dördüncü simfoniyada niyə bu qədər faciə var. Dedim ki, mən Azərbaycan bəstəkarıyam. Bax, çörəyim də var, ailəm də var, evim də var, əsərlərim də gedir, xoşbəxt adamam. Amma mən bir insan kimi düşünməyə bilmərəm ki, Afrikada bu gün acından ölən uşaqlar var. Bu mənim faciəmdir, ya deyil? Demək olarmı ki, bu sizin faciənizdir, gedin özünüz də çəkin. Canım, elə şey ola bilərmi?..

İLHAM ƏLİYEV HAQDA ƏSƏR YAZMAQ FİKRİ YOXDUR

- İlham Əliyev haqda simfoniya yazsaydız, necə olardı? Heydər Əliyevlə bağlı dediz ki, daha çox faciəvi səslənirdi...

- Bu gün belə əsər yazmaq fikrim yoxdur. Bir şey deyə bilmərəm. Bir əsərin yetişməsinə illər gedir. Mən Heydər Əliyevə simfoniya həsr elədim. Baxmayaraq ki, bizim aramızda mənfəət söhbəti olmayıb. Məni dəfələrlə Türkiyəyə, Orta Asiyaya da aparırdı.

Bir dəfə Orta Asiyada olanda sual verdim ki, Heydər Əliyeviç, «Məhəbbət əfsanəsi»nə Moskvada, Leninqradda baxırsız, «İki ürək dastanı»na Özbəkistanda. Bəs Azərbaycanda haçan baxacaqsız? «İnşallah o da olacaq» dedi.

Heydər Əliyevlə belə söhbətlərimiz olub. Münasibəti mənə həmişə yüksək olub. Bu mənim üçün dəyərlidir. Başqa şeyləri mən özüm əldə etmişəm, Böyük Teatrın qapısını özüm açmışam, Leniqradın da, Praqanın da, başqalarının da. Xaricə getmədiyim dövrlərim olub, onun maneçiliyinisə Azərbaycanda eləyiblər (bunu deyib gülür).

«İLHAM ƏLİYEV BİR NEÇƏ MİLYONA İMPERATOR TEATRINI BURA GƏTİRDİ»

- İlham Əliyev haqda deyim. Mənim 75 illiyimi keçirmək istəyirdilər. Mən istəmirdim. Necə yubiley keçirəsən ki, sənin millətin nə «İki ürək dastanı»nı, nə «Məhəbbət əfsanə»sini, nə başqasını görüb. Onda İlham Əliyev dedi ki, Arif özü danışsın, Leninqrad teatrını bura iki tamaşaya dəvət etsin. Bilirsiz nə deməkdir? Bir neçə milyon pul xərcləmək lazımdır. 400 adam orkestrlə, truppayla, dekorasiya ilə bura gəlir. Burda mehmanxanada yaşayır, böyük məbləğdə qonorar alır. Onlar bura ancaq mənə görə gəldilər. Bunu da elədi İlham Əliyev. Necə yanaşa bilərəm ona? İlk dəfə atasının adına mükafat yaratdı, qızıl medalıyla-zadıyla, onu mənə də verdi. Xanımı da aldı. Deməli, münasibəti yaxşı olmasaydı eləməzdi. Sağ olsun. Mən imtina eləmirəm. Heç kəsdən də heç nə istəmirəm.

-Prezident kimi necə qiymətləndirirsiz onu?

- İlk dəfə Nazim Hikmət Bakıya gələndə yanına getdim. İnturist otelində qalırdı (onu da dağıtdılar). Dedim ki, əfəndim, sizin pyesiniz əsasında balet yazıram. «Çox gözəl, çox gözəl»dedi. Mən arxa-arxaya getdim. Bir stulu da yıxdım. Demişdi ki, o yazacaq, onun böyük üstünlüyü var, o cavandır. Bu gün prezidentin cavan olması da böyük üstünlükdür.

«GƏLƏCƏYİNƏ İNANDIĞIM GƏNCLƏR BƏSTƏKARLIĞI ATDI»

- Musiqi Akademiyasında bəstəkarlıq kafedrasının müdirisiz. Özünüz Qara Qarayevin tələbəsi olmusuz, sizin tələbələr kimlərdi? Azərbaycanı dünya miqyasında tanıdanlar olacaqmı?

- Ceyhun Allahverdiyev var. Assistentimdir və buranın dosentidir. Çox talantlıdır, mən onu yetişdirmişəm.

Həyat o qədər qəlizləşib ki... O gənclər ki, gələcəyinə inanırdım, gözəl bəstəkar olacaq deyirdim, bəstəkarlığı atıb. Həyat məcbur edib. Bir neçəsi gəldi yanıma ki, çətindir vəziyyət, yaşaya bilmirik. Mən neyləyim? Onların əsərlərini almırlar, çalmırlar. Bu adam nəylə yaşasın? Dedim ki, gedin dil öyrənin, bir də kompyuteri. Bir il də vaxt verdim. Ikisi də dili də öyrəndilər, kompyuteri də. Indi ikisi də böyük məbləğdə pul alırlar, xaricə gedib-gəlirlər, amma bəstəkarlığı atası oldular.

- Əməyinizə heyfiniz gəlir?

- Təbii ki. Bəstəkar olmaq üçün bircə talant azdır. Fədakar olmaq lazımdır. Çətinliklərə dözmək lazımdır. Hərdən bəxtin də gətirməlidir. Həyat hərəkətdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG