Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:03

400 manatlıq buket


«Sən ilk cümləni nədən başlayardın?» Bayram təəssüratlarımı bir sapa yığmaq məqamında yolboyu mənə videokamerası ilə yoldaşlıq etmiş həmkarım Cavanşirdən soruşdum. O fikirləşmədən dedi: «400 manatlıq gül buketindən».

Hə, bayaq paytaxtda brend mağazalardan birinə girəndə bir-birindən gözəl, rəngbərəng, cürbəcür gül buketlərini görmüşdük. Müxtəlif dizaynlı və ölçülü səbətlərdəki gül buketlərinin hər birinin də öz qiyməti vardı. Ən bahalısının 370, ən ucuzunun 22 manat qiyməti vardı. Əslində bu qiymətlər də güzəştli idi, bunu buketlərin üstünə yazılmış əvvəlki, üstündən xətt çəkilmiş rəqəmlərdən görmək olardı.

Budur, şıq geyinmiş orta yaşlarında bir kişi satıcı ilə gül buketi seçir. Onun seçimi 200-300 manatlıq buketlərin arasındadır.
- Hansı yaxşıdır?
- Bunun dizaynı fərqlidir, maraqlıdır, bəlkə bunu seçəsiz.
- Onda bir az əl gəzdirin, üstündəki qurumuşları dəyişin.
- Əlbəttə, dəyişəcəyik.

Satıcı səbəti aparır, mənsə kişidən buketi kimin üçün aldığını soruşuram.
- Əlbəttə ki, həyat yoldaşım üçün.

Bir də soruşmaq istəyirdim ki, orta aylıq əmək haqqı 350 manat olan ölkədə 310 manatı bir gül buketinə vermək onun üçün ağır xərc deyil ki? Amma müsahibim daha danışmaq istəmir. Buketlərin başında dayanıb 22 manata olan kiçik səbəti əlinə alan cütlüyə yaxınlaşıram. Deyirlər buketi xalaları üçün almaq istəyirlər. Qiymətdən isə elə də narazılıqları yoxdur:

- İndi elə vaxtdır ki, fikirləşirsən, elə belə də olmalıdır.
- Neçə manata qədər gücünüz çatır gül almağa?
- 100 manata qədər gücümüz çatır.

Kassanın qabağında dayanmış oğlan isə borcunu ödəyir, aldığı gül dəstələri, ətirlər ona 1500 manata başa gəlir.

GÜZƏŞT YALNIZ ƏTİRLƏRƏDİR

Mağazada qələbəlikdir. Şıq geyinmiş adamlar gül piştaxtasının arxasında növbə tutub. Qızılgülün biri 6 manatdır. Ən çox da sifariş verilən gül qızılgüldür. Bəziləri ətir satılan piştaxtaya da yaxınlaşırlar. Menecer deyir ki, martın 7-də və 8-də ətirlərə güzəştli qiymətdir.

BAHALI BAYRAM

400 manatlıq buket
Bu brend mağazadan çıxıb ondan bir neçə yüz metr aralı olan gül mağazalarına baş çəkirik. Hər birində alıcılar kişilərdi. Birində alıcıların özləri müsahibə verməyə təşəbbüs göstərirlər ki, ürəkləri doludur:
- Niyə ürəyiniz doludur?
- Qiymətlərdən narazıyıq də. Altı manatdır. Bir adama 7-9 dənə almalısanmı? Adamın da anası, bacısı, tanış-tunuş... Hesablayanda görürsən bir bayram neçəyə çıxır.
- Siz də hərəsinə bir dənə gül alın.
- Bir dənə düz gəlmir axı. İstəyirsən gözəl buket olsun. Bir dənə qızılgülü sevgililər günündə verirsən.

Təlimçi Mahir Mutəllimli isə nişanlısını və qaynanasını təbrik edəcək. Hədiyyəsi bir dəstə gül, bir tort və ətirdi. Ətiri də yalnız nişanlısına alıb. 8 mart üçün təxminən 150 manat ayırıb. Maaşı isə 500 manatdır.
- Neynək? İldə bir dəfə olur.
Satıcı Pərviz Məmmədzadə deyir ki, əvvəlki illərlə müqayisədə bu il alverləri zəif gedir:
- Bu dəfə gülçülər ziyana getməsələr yaxşıdır.
- Artıq saat 2-ni keçib. Nə qədər gül buketi satmısız?
- 11 buket satmışıq. Amma ötən il bu saata qədər 20 buket satmışdıq.

«ALVER YOXDUR»

Bakının «Beşmərtəbə» deyilən ərazisindəki gül mağazasında isə sakitçilikdir. Satıcının da qaşqabağı yerlə gedir. Deyir ki, bayram olmasına baxmayaraq, satışları olmayıb. Bu mağazada qızılgüllərin biri 4-5 manata idi. Hətta 2 manata da çiçəklər vardı. Belə ucuz yerdə müştəri olmaması bizə də təəccüblü gəldi. İçəri girən bir kişi də diqqətlə güllərə baxırdı. Maraqlananda məlum oldu ki, 30 manata qədər gül dəstəsi almaq istəyir, amma ona həm də bu pulu verməyə tərəddüd edirdi ki, alsın, ya almasın.

Amma Füzuli meydanında biri 2 manata olan qızılgül də tapmaq mümkün idi. Hətta nərgiz çiçəklərinin nazik dəstəsini, bir dəstə bənövşəni də 50 qəpiyə də verirdilər.

«Nizami» metrostansiyasının yanındakı ətir mağazasının sahibi Arif Qonaqov isə gileylənir ki, gün günorta olub, o, hələ də düz-əməlli alver edə bilməyib. Bayramın köməyi dəyməyib:
- Camaatda pul yoxdur, gəlib almırlar.
- Bəlkə bu gün iş günü deyil. Dünəndəmi alver olmadı?
- Dünən 150 manatlıq alver eləmişəm.
- Ən çox neçə manatlıq ətir alıblar?
- 5-10 manata olan ətirləri daha çox satdıq.

«SİRRDİR...»

Yol kənarında 3 manata satılan qızılgül alan Qeyslə də tanış olduq. Əlində hədiyyə dolu bağlamalar vardı. Birini həyat yoldaşına, birini bacısına, birini isə «sirrdi» deyə kimliyini söyləmədiyi xanıma alıb. Hardasa 30-40 manat xərc çəkib.

17 yaşlı Erkin isə böyük bir ayını zorla yerləşdirdiyi sellofon torbanı çəkə-çəkə ətir mağazasına salmışdı. Hədiyyəsi sevdiyi qıza idi. «Təkcə hədiyyən budur?» soruşuram. «Bəsidi də» gülə-gülə cavab verir.

Nazim isə sevgilisinə ətir alıb, axşam görüşünü gözləyir ki, onu təbrik etsin. Gülnarə xanım isə qaynanasını təbrik etməyə 3 qızılgül və bir «Napaleon» tortu seçib.

Yolboyu kimə üz tutduqsa, hər kəs xoş ovqatda cavab verirdi. Səbəbini də bu günün qadınların bayramı olmasına bağlayırdılar. Həm də deyirdilər, axı, bu gün həm də Yel çərşənbəsidir. Bayramlarınız mübarək!
XS
SM
MD
LG