Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:10














QURULTAYQABAĞI GURULTULAR:


HAQQ DUASI

Qüsl olundum Allahım,
Duaları qəbul eylə!
Nə məni özünə asi,
Nə alçaqlara qul eylə!

Din-iman üçündür bu baş,
O Quran üçündür bu yaş.
Nə məni nadana yoldaş,
Nə daş başlıya yol eylə.

Alcaq qalxar, şeşələnər,
Var-dövlətlə eşələnər.
Qoyma, namərd meşələnər,
Qurudub odda, kol eylə.

Yandır dünyada şərləri,
Heyvan olan bəşərləri.
Heç qalmasın əsərləri,
Sovurub yelə, kül eylə!

Söz verdin, Quran yaratdın
Dünyanı nurdan yaratdın.
Kimi ki, sultan yaratdın,
Qara bağların gül eylə!


MİSİR XALQINA

Çox sağ ol Misir xalqı,
Halaldı sənə
cəngili çalğı!
Yeni dövrün,
Yeni zülmün,
Yeni cövrün Mübarək!
Biz də sənə baxaq, görək,
Nə deyir sinəmizdə,
Guppuldayan ürək,
Əzilmiş böyrək,
Əllərimizdə şora batan,
Şərə batan,
Neft rəngli
Qurmuş qara çörək!

Nazirlər nitqə hazır,
Elə bil şeir yazır,
Ya bizə, ya özünə
Çox dərin quyu qazır!
Quyunun suyu hazır,
Gözlərimizdə, üzlərimizdə!

Olmayacaq bir daha,
“İnkişafa mane olan
Neqatıv hallar”,
Stuluna sığmayan
Arxalı dallar,
Bülbüllərimizin
Yuvasını
Dolduran zıllar,
Dişlərimizi çəkən
Kəlbətinlər,
Bir də bu qansoran
Tünbətünlər!


ÖZ XALQIMA

Sən ey gözəl xalqım, vəfalı xalqım,
Dərdi başdan aşan cəfalı xalqım!
Şəkili, şirvanlı, qubalı xalqım,
Borçalı, qərazlı, culfalı xalqım,

Qədim Qarabağlı, təzə Şirvanlı,
Dərbədər Dərbəndli, Göycəli, Vanlı,
Təbrizli, Mərəndli, Mazandaranlı,
Nuhçıxan qayalı, Xızırtək şanlı,
Buddalı, İsalı, Şahi-Mərdanlı,
Dünya yaranandan əzəli xalqım,
Gülüb-ağlamalı, məzəli xalqım!

Ver mənə, nə qədər ahu-zarın var
Nə qədər dərdin var, intizarın var,
Fatma, tükəzbanın, gülüzarın var,
Hayqanuş, nataşa istəmirəm mən,
Ay kimi, gün kimi nazlı yarım var.

Cahü-cəlalını bu cahana ver,
Səbəb olmasa da, tap bəhnə, ver,
Orden, medal, para, var daha nə, ver,
At ver, araba ver, tövlə, xanə ver,
Saxla öz balanı quru yer üstə,
Ruhuna qəsd eylə, zülmü cana ver,
Taxtı-tacın apar, zalım xana ver!

Sən ey gözəl xalqım, vəfalı xalqım,
Dərdi başdan aşan cəfalı xalqım!
Dünya yaranandan əzəli xalqım,
Gülüb-ağlamalı, məzəli xalqım!


MANYAKLAR

Məsum mələkləri
Bar-bar bağırdır manyaklar,
Lift içində,
taxtapuşda,
kimsəsiz parklarda,
dəbdəbəli otellərdə.

Tanrıcıqlar
Deyirlər,
Biz yanılmışıq, danılmışıq,
Qırılmışıq Lə ilə.
Vahidin də vaxtı yoxdur
haray qəbullarına hələ,
Çünki saray qəbullarını
Yola verir yola, ay lələ.
Bal-masqarad başlayır
Kainatda,
Cinlər, əcinnələr, şeytanlar,
zorlanmış mələklər,
Oliqarxlarla rəqs edir
qol-qola, əl-ələ,
gülə-gülə.


Quşlar şeir yazır

Quşlar şair olub,
Dimdiyini mürəkkəbə batırıb
Şeir yazır göy üzünə,
Qaya daşına,
Ağac budağına,
Aftafa lüləyinə,
Su başına...

Qarğa
xalq şairidir,
Bayquş əməkdar,
Xoruzların xədimi
Incəsənət xadimi,

Quzğunlar
Ağappaq ağardır sümüklərimi,
Kirsin zirvəsində
Yeyir ətimi.
Ilhamım çığırır-bağırır,
Allahı çağırır
Son Qu quşu kimi.


XORUZLU ŞEİR


Bülbülün səsi sarıdı,
Düşdü qürbətə zarıdı...
Dərdindən güllər yarıdı
Yayıldı qara bağlara.

Qarğanın səsi qaradı,
Cazmen olmaqdır muradı.
Bacalardan toz apardı,
Üzlərə, yanaqlara...

Çil toyuğun səsi çildi,
Yarı pəsdi, yarı zildi.
Cıvcıl səsitək nazildi,
Mismar oldu qulaqlara.

Ağ xoruzun səsi ağdı,
Quqquldayır kefi çağdı.
Tülkü aparmayıb sağdı,
Damdan uçur çardaxlara.


İT OĞLU İT

Namusu itə atdılar,
It iylədi,
yemədi,
It adını, şərəfini saxladı.

Bir qara tula gəldi,
Iti qabaxladı,
Yedi, qanmadı.
It oğllu it də,
Olammadı.

KÖLGƏM

Kölgəmi aldım başıma
Asta-asta gedər oldum.
Gördüm gedirəm boşuna
Zəhmətim də hədər oldu.

Kölgəm başımdan çıxmadı,
Başım ölkəmdən çıxmadı.
Bu qədər qaranlıq
işlər hardandır?!,
Düz xətlərim təkər oldu!

Qara başım, qarlı başım,
Insafı çox, arlı başım,
Kamançalı-tarlı başım,
Nə bəlalar çəkər oldu!


TAR

Qulaqda pərdəsi olanlar kardır,
Gözündə pərdəsi olanlar kordur.
Sən nə anladırsan tarla, ey tarzən,
Onun iyirmiki pərdəsi vardır!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG