Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:30
Azər Qaraçənli
"Azadlıq nitqləri" kitabından


əvvəli burda

Azadlıq uğrunda mübarizədə ölənlərin sayı qalan hər şey uğrunda ölənlərin sayından çoxdu. Bu o demək deyil ki, azadlıq – öldürəndi.

Yox, azadlıq yaşadır. Ancaq ölüm adlı şər bu dünyada onu həmişə təqib eləyir.

Əslində o, heç kimi, heç nəyi yox, azadlığın özünü öldürmək istəyir.

Azadlıqsa əbədidi, ölümün ona gücü çatmır, heç vaxt da çatmayacaq.

Ölüm yalnız azadlığı ifadə eləyən formaları – varlıqların maddəsini çökdürə bilər.

Ölmək həmin formaların alnına yazılıb. Onların azadlıq duyğususa əbədidi və ölümdən güclüdü. Azadlıq həmişə ölümə qarşıdı.

Ölüm həmişə azadlığa düşməndi. Ancaq azadlığın qələbəsi əvvəldən məlumdu.

Xeyirin qələbəsi əvvəldən məlumdu – kim nə deyir desin.

Bu, çox dərin bir hissdi, onun hara gedib çıxdığını bilmək də çətindi.

Azadlıq uğrunda mübarizənin nə qədər qurban apardığı tarixdən bəllidi. Tarixin aparıcı qüvvəsi azadlıqdı, tarixdən də çox qurban verən yoxdu.

Tarixi yaradan qüvvə azadlıq yox, bir başqa hiss olsaydı, tarix bu qədər qan‐qada görməzdi.

Azadlıq uğrunda mübarizədə insanlar müxtəlif cür qurban gedir: birində mübarizə apara‐apara, birində qalib gələ‐gələ, o birində məğlub olanda...

Azadlıq uğrunda mübarizə vaxtaşırı qələbə çalır.

Bu qələbə gələn anda da qurbanlar olur, o qələbəni qorumaq uğrunda da qurbanlar olur, o qələbənin təhrif olunması, vədinə xilaf çıxması da insanları qurban verir, qələbənin köhnəlməsi, yeni qələbəyə ehtiyac duyulması da yenə qurban‐qurban, qan‐qan deyir...

Bu qurban getmələrin hamısı kədərlidi, onların arasında ayrı‐seçkilik qoymaq, birini ağır, o birini yüngül saymaq olmaz.

Ancaq bir az daha kədərli olanları da var: bu, azadlıq mübarizəsindəki məğlubiyyətin törətdiyi ölümlərin kədəridi.

Azadlıq uğrunda mübarizə vaxtaşırı məğlubiyyətə də uğrayır.

O, yenidən dirçəlib qalib gələcək. Ancaq həmin qələbəyəcən onu məğlubiyyət şəraitində bir ömür gözləyir. Azadlıq əbədidi, insan ömrü qısa.

Deməli, insan – azadlığın məğlub olduğu şəraitdə ölə də bilər, əlbəttə, əgər o, azadlıq məğlubiyyətə uğrayanda ölənlərin arasında olmayıbsa.

Beləliklə, məğlubiyyətin iki cür qurbanı var: bir məğlubiyyətin özü baş verəndə gedən qurban, bir də məğlubiyyət şəraitinin davam elədiyi dövrdə gedən qurbanlar.

Məğlubiyyət baş verəndə insanın nə cür qurban getdiyi aydın olur, bu, göz qabağında olur, burda dolayı qurban ya olmur, ya da çox az olur.

Məğlubiyyət şəraitindəsə insan çox vaxt dolayı yolla qurban gedir, o, üstüörtülü şəkildə bu məğlubiyyətin qurbanına çevrilir.

Kimisi qara ciyər serrozundan, kimisi avtomobil qəzasında, kimisi ürək xəstəxanasında ölə bilər – ancaq dərindən baxanda görürsən ki, bütün bunlar əslində azadlıq mübarizəsindəki məğlubiyyətin aldığı canlar, verdiyi qurbanlardı.

Çıxış yolu nədədi? Azadlıq uğrunda ictimai mübarizə başqalarıyla, başqalarına qarşı aparılan mübarizədi.

Bu mübarizədə qələbə həm də mühitin ona nə dərəcədə hazır olmasından asılıdı.

Üstəlik, unutmaq olmaz ki, həmin qələbə mühit inkişaf elədikcə köhnələcək, müvəqqəti xarakter daşıyacaq, ən mükəmməl ictimai şərait yetişənə qədər bu qələbələrin özünə də qalib gəlmək lazım olacaq.

Azadlığın mühitdəki, yəni bizdən kənardakı qələbəsi təkcə bizdən asılı deyil. Bu bir az da qismət məsələsidi – kimi onu görə, kimi görməyə.

Bizdən tam asılı ola biləsi qələbə yalnız öz qəlbimizdəki mübarizənin qələbəsidi.

Biz yalnız daxilimizdəki azadlıq uğrunda mübarizədə daim qalib ola bilərik.

Ən vacib olanı da elə budu. Çıxış yolu bunu dərk eləməkdədi. Mən başqa yol görmürəm.

Biz məğlubiyyət şəraitində də qələbəylə ölə biləcəyimizə inanmalı, məğlubiyyət şəraitində qalib kimi ölənləri tanımalı, əlimizi uzadıb onları göstərməli və həqiqi qələbənin mühitdə yox, insanın özündə olduğunu təbliğ eləməliyik.

Biz azadlıq uğrunda mübarizənin dolayı qurbanlarını görsək də, bir gün özümüzün də o qurbanların sırasına qoşula biləcəyimizi və çox güman ki, qoşulacağımızı bilsək də, yenə dinc, qansız və qurban tələb eləməyən mübarizənin tərəfində durmalıyıq.

Biz ölümə qarşı
olmalıyıq.

Biz ölümü, insanı qurban verməyi, insandan qurban getməyi tələb eləməyi öz mübarizəmizə yaxın buraxmamalıyıq.

Azadlıq uğrunda daxili mübarizə də insanı qurban verə bilərmi?

İnsan azadlıq uğrunda daxili mübarizəsinin də qurbanı ola bilərmi? Bəli, ola bilər.

Hansı yolla? Ölümün tərəfinə keçməklə. Yəni əslində bu, azadlığın verdiyi qurban deyil, bu, ölümün aldığı qurbandı.

Yəni azadlıq uğrunda daxili mübarizənin azadlığın tərəfində dura‐dura qurbanına çevrilmək mümkün deyil, yalnız bezibmi, yorulubmu, acıqdanmı, hirsdənmi ölümün tərəfinə keçəndə bu mübarizə prosesində qurban getmək mümkündü.

Bu səhvdi. Biz insanları bu yoldan çəkindirməyə çalışmalıyıq. Belə səhvi insan bəzən illər uzunu eləyir.

Bəzən də bu səhv bir anlıq olur və bəzən elə o an da insanı qurban apara bilir.

Azadlıq uğrunda daxili mübarizə prosesində törənən ən böyük qətl – azadlığın törətdiyi qətl yox, prosesin gedişində törənən qətl – intihardı.

Azadlıq uğrunda ictimai mübarizə tam qələbə çalandan sonra o, daha qurban verməyəcək.

Ancaq azadlıq uğrunda daxili mübarizə bundan sonra da davam eləyəcək.

Deməli, azadlıq uğrunda mübarizənin hələ qurbanları olacaq – intihar formasında. Azadlıq uğrunda daxili mübarizə sonsuz olduğuna görə insanın nə vaxtsa intihardan imtina eləyəcəyi bir az çətin görünür.

Ölüm azadlıq uğrunda mübarizəni həmişə, bu mübarizə yalnız daxili mübarizə şəklində qalanda da təqib eləyəcək, ondan qurban almağa çalışacaq.

Çox güman ki, insan nə vaxtsa açıq intihardan imtina eləyə biləcək, nə vaxtsa açıq‐aşkar intiharlar daha baş verməyəcək.

Ancaq insanın gizli intihardan da nə zamansa əl çəkəcəyi ağlabatan görünmür.

Gizli intihar azadlıq uğrunda mübarizənin ən güclü, ən sona qalan, ən uzunömürlü düşmənidi.

Biz onu öz qəlbimizə yaxın buraxmamalıyıq. Ona qalib gələn – hər şeyə qalib gəlir.

Biz, əlbəttə, xoşbəxtliyin tərəfində durmalıyıq və bütün ölümlərə acımalıyıq.

Azadlıq uğrunda mübarizə özünün bütün düşmənlərini tanımalıdı və ölümün bütün formalarına qarşı çıxmalıdı.

Biz yalnız ölümün bir formasını – təbii ölümü, qocalıb ölməyi az‐çox sakit qarşılaya bilərik.

Ölümün qalan formalarınasa biz rəqib gözüylə baxmalıyıq. Azadlıq uğrunda mübarizə onsuz da uduzan deyil. Ancaq bu ümumən belədi.

Bir insan ömründəsə o, uduza da bilər. Biz də bir insan ömründən danışırıq.

Qoy ölüm insanı yalnız qocalıqla hədələsin, insan yalnız qocalıb ölsün və öz qoca ömrüylə azadlığa illər uzunu nə cür sadiq qaldığını göstərib, ləyaqətin illərə nə cür qalib gəldiyini başa salıb, çiyinlərdə torpağa gedən tabutuyla, meyitini torpağa sallayan dostlarıyla bu dünyada mümkün olan qələbələrə ən şərəfli nöqtəni qoyub, bu dünyada bütün şərəfli qələbələri məğlubiyyətə uğratmağa çalışan şərin ən son ümidinə ən sərt cavabını verib desin:

Ölüm, sən məni udmursan, ölüm, mən səni uduram!

Günün bütün mövzuları

XS
SM
MD
LG