Keçid linkləri

Təcili xəbərlər

Qadınlar, sizə deməli söz qalıbmı?


İraq, 25 fevral 2011
İraq, 25 fevral 2011
B.Okucava deyirdi ki, pafoslu, bəlağətli sözlərə xəsislik etməyin, onlardan gen – bol istifadə edin. Mən də bu 8 Mart günündə qadınlarımıza ancaq və ancaq ülvi sözlər demək istərdim. Amma... Bacaracammı? Heç deyiləsi söz qalıbmı? Nə deyək onlara?

Onu deyək ki, ömrümüzü zövq aldığımız, mənasını gördüyümüz işlərə sərf etmək əvəzinə, onu nərd taxtası arxasında, siqaret sümürə – sümürə keçirdik?

Onu deyək ki, sizin dünyaya gətirdiyiniz məsum körpələr üçün təhlükəsiz vətən, ədalətli quruluş və firavan həyat qoyub gedə bilmədik? Daha nəyi deyək qadınlara?

Nəyi vəsf edək, nəyi tərənnüm edək? Maaşdan kəsib saxladığımız qəpik – quruşa aldığımız çiçəkləri onlara necə təqdim edək? Yox, təqdimat üçün elə bir halət yox... Bizim onlara və eləcə də onların məsum körpələrinə təqdim edəcəyimiz ən gözəl hədiyyə bu ölkə ola bilərdi. O isə... Bu günlərdə Kantı xatırladım. «Mən nəyi bilə bilərəm?», «Nə edə bilərəm?», «Nəyə ümid edə bilərəm?»... Kantın məşhur sualları! Jurnalist tayfası bəsitləşdirməyə meylli olur. Mən də bu sualları bəsitləşdirmək istədim, bircə anlığa fərz etdim ki, bu sualları elə özümüzdən soruruq və sevimli qadınlarımız önündə hesabat veririk. Bəli, Volter deyirdi ki, həyatda o kəslər qalib gəlir ki, onları qadınlar müdafiə edir. Ona görə də səmimi etiraf hər şeydən gözəldir. Etiraf həm də ona görə lazımdır ki, bu ölkə həm də onların – qadınlarındır. Elə bu səbəbə görə mən «biz» deyəndə, həm də onları nəzərdə tuturam... Beləliklə...

NƏYİ BİLƏ BİLƏRİK?

Neft Fondunda həqiqətən nə qədər sərvət toplandığını və böyük layihələrə həqiqətən nə qədər pul sərf olunduğunu, ünvanlı sosial yardımların necə və kimə paylandığını, məmurların həqiqi gəlirlərini, kimin şanlı parlamentimizə həqiqətən seçildiyini, prezident seçkilərində kimin həqiqətdə nə qədər səs topladığını, büdcə vəsaitlərinin necə xərcləndiyini, xarici və daxili siyasətin incə mətləblərini bilə bilmərik! Qalan şeyləri bilmək icazəlidir. Burada yenə də yadıma böyük filosofların prinsipləri düşdü. Qalan şeylər barədə necə və nə qədər istəyirsiniz, fikir yürüdün, amma itaət edin! Bəli, itaət, itaət, yenə də itaət etmək. Bizə təklif olunan seçim budur.
Lənkəran, 3 noyabr 2007
Hələ ki...

NƏ EDƏ BİLMƏRİK?

Aksiya, mitinq keçirə bilmərik. Siyasi partiya olaraq şəffaf bir seçki arzulaya bilmərik. Üç nəfərdən artıq toplaşa bilmərik. Ürəyimiz istəyəni, ağlımız diktə edəni yaza və danışa bilmərik. Hökumətin işlərinə qarışa bilmərik, ondan nə hesabat, heç informasiya da ala bilmərik. Azad mətbuat arzulaya bilmərik. Sərbəst şəkildə öz partiyalarımızın iclasını keçirə, qərargah sevdasına düşə bilmərik. Hökumətdə və parlamentdə təmsil olunmaq fikrinə düşə bilmərik. Məhkəmələrə ümid edə bilmərik, ədalətli mühakimə arzulaya bilmərik. Bəli, yazılmış, kağız üstündə olan qanunlara inanıb hərəkət edə, yaşaya və həyat qura bilmərik. Öz biznesimizi, öz işimizi qurmaq fikrinə düşə bilmərik. Bir də vəzifəcə böyüklərə sorğu ünvanlaya bilmərik. Bəs nə edə bilərik? İtaət, itaət və yenə də itaət! Budur tələb olunan!

NƏYƏ ÜMİD EDƏ BİLƏRİK?

Yaxşı həyata, ucuz bazara, normal maaşa, geniş mənzilə, etibarlı gələcəyə ümid edə bilmərik. Sabahkı günümüzün bugünkündən daha yaxşı olacağına ümid edə bilmərik. Nə vaxtsa qiymətlərin düşəcəyinə, aldığımız maaşla gen – bol olmasa da, normal yaşayacağımıza ümid edə bilmərik. Yolumuzun heç vaxt məhbəsə tərəf düşməyəcəyinə ümid edə bilmərik. Bəs nəyə ümid edə bilərik? Səsimizi çıxarmasaq, sakitcə itaət etsək, yolu qırmızı işıqda, yaxud keçid olmayan tərəfdən keçməsək, daim qənaət etsək, hamı kimi yaltaqlıqla başımızı girələsək, taleyin bəxş etdiyi 50 – 60 ili yaşayacağımıza ümid edə bilərik!

KİÇİK SÖZARDI

Etiraf edən adam kimi səslənirəm? Yox, etiraf – yükü, məsuliyyəti çiyinlərindən bir yana tullamaq deyil. Tarix boyu böyük kişilərin yanında böyük qadınlar olub. Bəli, indi ruslardan misal gətirmək bir o qədər də dəbdə deyil. Amma dekabrist kişilərin öz ərlərinin ardınca Sibirə yollanan qadınlarını necə unutmaq, necə yaddan çıxarmaq olar?

M.Ə.Rəsulzadənin Qazaxıstana sürgünə yollanarkən əncir qurusundan başqa heç nə yeməyən və aclıqdan ölən anasını axı necə unutmaq olar? Tomrisləri, Cannaları, Natəvanları, Həmidələri necə unutmaq olar? Dünyanın ən böyük, ən ətirli gül dəstəsindən də gözəl hədiyyə şərəfli bir ömrü bölüşmək hədiyyəsidir. Bəli, şərəfli bir ömür! Sizə şərəfli bir ömür arzusu ilə, sevimli qadınlar!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG