Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:06
Fransada müharibədən sonra ilk dəfə olaraq sabiq prezident məhkəmə qarşısına çıxacaq. Martın 7-də Parisdə korrupsiyada ittiham olunan 78 yaşlı Jak Şirakın (Jacques Chirac) məhkəməsi başlayır.

J. Şirak 1995-2007-ci illərdə prezident kimi cinayət təqibindən immunitetə malik idi. O, Paris meri olarkən meriya vəsaitlərindən RPR adlı partiyasının işçilərinə maaş ödəməkdə ittiham olunur.

Başqa bir ittiham isə şəhər meriyasında adı olub özü olmayan 8 işçiyə maaş yazılması ilə bağlıdır. İttihama görə, bu pullar da J. Şirakın partiyasına gedib. Hər iki ittiham birləşdirilib.

Jak Şirakla yanaşı, bu iş üzrə daha 9 nəfər məhkəməyə çıxır. Sabiq prezident isə özü məhkəməyə martın 8-də gələcək.

İttihamlar təsdiqini tapsa, J. ŞİRAKI 10 İL AZADLIQDAN MƏHRUMETMƏ VƏ 150 MİN AVRO CƏRİMƏ GÖZLƏYİR. O, özü isə qanunsuz iş görmədiyini bildirir.

Hərçənd, Şirakın yaşına və cəmiyyətdəki nüfuzuna görə onun həbs ediləcəyi az güman olunur. Mediada isə onun səhhətində problemlər olması haqqında məlumatlar gedib. Halbuki, o, dəfələrlə deyib ki, səhhəti məhkəmədə çıxış etməyə imkan verir.

Həyat yoldaşı da mediada ərinin Altshaymer xəstəliyinə tutulması haqqında yazılanların yalan olduğunu deyib.

Yanvar ayında isə J. Şirak Fransa televiziyasına müsahibəsində bunu demişdi:

«Çox yaxşıyam. Sağ olun. Sizə də bu cür sağlamlıq arzulayıram».

Məhkəmənin hazırkı prezident Nikola Sarkoziyə də mənfi təsiri ola bilər
Məhkəmə bir neçə ay müddətinə təxirə də salına bilər. Çünki müttəhimlərdən biri Remi Şardon (Remy Chardon) iki ittihamın birləşdirilməsinin konstitusiyaya zidd olması haqqında vəsatət qaldırıb. Vəkillərdən biri isə deyib ki, müddətin ötməsi səbəbindən bu ittihamlara baxıla bilməz.

J. Şirakın xeyrinə olan başqa bir məqam ondan ibarətdir ki, ötən il Paris meriyası ilə Şirak və partiyası arasında razılaşma əldə olunub. Bu razılaşmaya görə, onlar MERİYAYA 2.2 MİLYON AVRO ÖDƏYİBLƏR. İttihamda elə bu məbləğdən söhbət gedir. Həm də bu razılaşmadan sonra meriya J. Şiraka qarşı mülki qaydada qaldırdığı iddiadan vaz keçib. Paris prokuroru Jan Klod Maren (Jean-Claude Marin) isə məhkəməni bu işə xitam verməyə çağırıb.

Məhkəmənin necə qərar verəcəyindən asılı olmayaraq, bu, J. Şirakın qoyduğu böyük siyasi mirasa və xeyriyyəçilik fəaliyyətinə ləkə sayılacaq.

İkinci Dünya müharibəsinin sonlarında Fransanın nasist rejiminin rəhbəri marşal Filipp Peten (Philippe Petain) vətənə xəyanətdə təqsirli bilinərək sürgün olunmuşdu. J. Şirak məhkəmə qarşısına çıxarılacaq ikinci dövlət başçısı olacaq. Məhkəmənin onun davamçısı, hazırda təkrar prezident seçilmək üçün özünə dəstək axtaran Nikola Sarkoziyə (Nicolas Sarkozy) də mənfi təsiri ola bilər.

Şərhləri göstər

XS
SM
MD
LG