Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:06

Qoz əhvalatı və ya kəndçilər, metroya minməyin


Aslan Quliyev

Qoz əhvalatı və ya kəndçilər, metroya minməyin
(Hekayə)

Bakıya bibimoğlugilə gedirdim, evdən on kilo da girdəkan götürmüşdüm.

Avtobus dayanacağına məni qonşu öz maşınıyla apardı. Son illər Bakıda olmadığımı bildiyindən məsləhətlərini verir, basırıq avtobuslara minmə, xəlvəti küçələrdə tək gəzmə, tanımadığın adamların salamına cavab vermə.

Necə yəni tanımadığın adamın salamına cavab vermə? Adam mənə salam versin, mən də durub üzünə matdım-matdım baxım?

Deməz lalsan, karsan, ya dilin yoxdu, səni adam bilib salam verirəm, salamımı niyə almırsan?

Birdən əyləci basıb maşını sərt saxlayır, başım taqqıltı ilə qabaq şüşəyə dəyir, gözlərimdən qığılcım çıxır.

Şüşə sınmadı, ancaq bu sözləri başım haqda demək olmaz, mənim hesabımla orda salamat sümük qalmayıb. «Va…ah! – deyir, rəng-ruhu ağarıb, əlləri titrəyir, alnını soyuq tər basır. – Amanın günüdü, nəbada metroya minəsən!

Metroda polislər görkəmindən kəndçi olduğu hiss olunan birisini gördülərmi, saxlayırlar. Yəni, adamın işi bitir.

Üstündən nəşə də tapa bilərlər, heroin də, lap istəsələr raket, tank da. Həsənəli minmişdi metroya, üstündən bomba tapmışdılar.

Rusiyətdən qardaşları gəlib qurtardı. Bahadırdan nəşə tapmışdılar, ev-eşiyini, mal-qarasını satıb qurtardı.

Ağacəfər ehtiyatlı adamdı, ancaq bir dəfə özünü saxlaya bilmir, deyir nə ola, ola, minəcəyəm metroya, görüm nə olan şeydi?

Düşür metroya, üstündən heroin tapırlar. Mal-qarasını satdı, bəs eləmədi, qardaşı da başladı inəklərini satmağa.

Qardaşı arvadı razı deyildi. Canı çıxırdı metroya minmirdi, deyə vay-şivən salmışdı, nə ölümü vardı metroda? Dədə-babası metroya minib, o da minə?

Qardaşın metroya minəcək, kef eləyəcək, mən inəkləri satacağam?

Arvad mane oldu, pulu vaxtında çatdıra bilmədilər, on il verdilər, getdi».

Gətirdi məni dayanacağa, minmişəm avtobusa, bu da avtobusun yanıyla qaçır, pəncərəmi döyüb qışqırır.

«Ey, yadında saxla! Minməzsən! Minsən əlli ayaqlı gedəcəksən! Mən sənin üçün mal-heyvan satmayacağam!

Satsam, atama lənət!» Avtobus uzaqlaşır, bu isə dayanıb yolun ortasında əllərini oynadır.

Şəhərə çatan kimi də qonşunun acığına düşürəm metroya.

Görüm polis məni saxlayacaqmı? Sözün düzü, pillələrə ayağımı qoyduqca, qonşunun ağarmış sifəti gəlib gözümün önündə dayanır və nədənsə həyəcanlanıram.

Bir ara qayıtmaq da istəyirəm. Adam dəli deyildi, yəqin nəsə bilir, deyir də, deməyinə görə kəndimizin az qala yarısı metronun güdazına gedib.

Sonda tərəddüdlərə qalib gəlib, düşürəm yerin altına.

Düz deyirmiş.

İçəri ayaq basan kimi də özünü kapitan Adıgözəlov kimi təqdim eləyən birisi kəsir qabağımı.

Məni balaca bir otağa aparır. Burda kapitandan başqa da üç-dörd nəfər polis və mülki geyimli şəxs var.

Torbanı göstərib içində nə olduğunu soruşurlar.

- Girdəkandı, - deyirəm.

- Nə? – kapitan heyrətlə səslənir.

- Girdəkan, - təkrar eləyirəm, - yəni girdə meyvə.

- Aç torbanı, görək bu girdə meyvələr nə olan şeydi?

Açıram, baxıb gülüşürlər, deyirlər, girdəkan yox, qozdu. Kəndçi adamlarıq, bunlardan fərqli danışırıq, qoz deyirlərsə, olsun, qoz.

Mənimçün fərqi yoxdu, sadəcə xatırlatmağı özümə borc bilirəm, belə demək necə olsa yaxşı çıxmır. «Bizə öyrədəcəksən? – kapitan xoruzlanır. – Necə çıxdığını biz səndən yaxşı bilirik!»

Başladılar girdəkanları əzib yeməyə, görsünlər girdə meyvələr həqiqətən qozdu, ya mən bunların içinə nəşə, heroin doldurmuşam.

Çoxdandı Bakıda olmamışam, şəhəri gəzmək, görmək əvəzinə, qonşuya qulaq asmayıb mindim metroya, indi də oturub polis qardaşlarımızın girdəkanlarımı necə ləzzətlə yediklərinə tamaşa eləyirəm.

Əlbəttə, ağıl işlətmək lazım idi, artıq gec idi, bizim nəslə nə gəlib, tərsliklərinin ucbatından gəlib.

Yeyib doyandan sonra torbanı özümə qaytarırlar, bir-birləriylə baxışırlar. Kapitan soruşur:

- Heroindi?

- Oxşayır, - sarışın saç polis təsdiq eləyir.

- Adam gələcək, bu gün olmaz, - mülki geyimli şəxs deyir.

- Yaxşı, get! – kapitan təəssüflə deyir.– Məni aldada bilməzsən. Hit-mit qara-qura atana oxşayırsan, xalis tiryək alverçisisən. Heyf, bu gün daha vacib işlərimiz var. Get və Allahına dua elə!

Mənsə ona qulaq asmıram, adətim belədi, kimsə məni aldada bilməsin deyə həmişə özümlə yaylı tərəzi gəzdirirəm.

Dükandan mal aldımmı, öz tərəzimlə də çəkirəm. İndi də tərəzini çıxarıb girdəkanı çəkirəm. Bunların ağzı açıla qalıb, neyləmək istədiyimi başa düşmürlər.

Girdəkandan 8 kilo 200 qram qalmışdı, bu hesabla 1 kilo 800 qram yemişdilər.

«Pulumu verin, - deyirəm. - Qozdan 1 kilo 800 qramını yeyibsiz. Bazarda kilosu 1 şirvandı. Bu hesabla mənə on səkkiz min manat verməlisiz».

Gülüşürlər, uğunub gedirlər, kapitan Adıgözəlov çiynimə vurur: «Ay sənin məzən olsun! – deyir, elə ucadan gülür, qulaqlarım cingildəyir. – A kişi, çıx get işinin dalısınca. Cibindən heroin, nəşə tapmadıq deyə Allahına şükr elə!

Bu bizim peşəmizdi. Nə istəyirik, onu da tapırıq!»

Mübahisələşirik, bu dəm çöldə səs-küy düşür, deyəsən dedikləri adam gəlir. Onu qarşılamağa qaçırlar.

Adıgözəlov deyir, indi üstümdə pul yoxdu, axşamçağı gələrsən, verərəm pulunu. Qəpiyinəcən verərəm!

Metrodan çıxanda özümə təskinlik verirəm, düzdü, qonşu deyən kimi oldu, saxladılar, amma açıqca işarə vursalar da, üst-başımı axtarmadılar, üstümdən nəsə tapmadılar.

Sadəcə malımı yedilər, pulunu vermədilər.

Getdim bibimoğlugilə, görüşdük, söhbətləşdik. Axşamçağı deyirəm, gedəsi yerim var və başıma gələnləri danışıram.

Bu isə az qala dəli olur, düşür üstümə. «Ağlını itiribsən! – deyir. – Səfehləyibsən! Polis yediyinin pulunu haçan verib, indi verə!

Özünü şərlər, başına oyun açarlar! Sonrası da nə böyük iş olub, bir kilo qoz yeyiblər.

Belə vacibsə, pulunu mən verərəm». «Söhbət puldan getmir, - bibim oğlunu başa salmağa cəhd eləyirəm. – Mənə təsir eləyən məni kəndçi, maymaq yerinə qoyub malımı yemələridi!

Onlara göstərəcəyəm kim olduğumu. Bir qəpiyimdən də keçmərəm!»

«Sən onlara heç nə göstərə bilməyəcəksən! Qəpiyindən də keçəcəksən, canından da!»

Çox deyir, qulaq asmıram, deyirəm, sən hələ bizim nəsli yaxşı tanımırsan, başımız gedər, amma haqqımızdan keçmərik!

Yeyibsə, canı çıxacaq, pulumu verəcək. Bu əbləh deyir, heç kimin yox, sənin öz canın çıxacaq, hələ bir məni də şərə salacaqsan.

Cin vurur təpəmə, deyirəm, tfu sənə, adam deyilmişsən sən! Bir də sənin evinə ayaq basmaram!

«Cəhənnəmə basma, -deyir, - ayaq basıb məni günə çıxartdın!»

Azmış kimi girdəkan torbasını da arxamca atır.

Torba açılır, girdəkanlar küçəyə, səkiyə səpələnir, maşınların təkərləri, adamların ayaqları altda qalıb şaqqa-şaqqla sınırlar, küçəni qəhqəhə götürüb başına.

Xəcalətdən əriyib yerə girirəm.

Nə isə, qanım dönür it qanına, gəlirəm metroya. Deyirlər, kapitan burda yoxdu, növbəsi qurtarıb, evə gedib.

Demək, evə gedəcəyini bilirmiş, ona görə məni başından eləyirmiş.

Yox, dostum, eləyə bilməzsən, sən hələ bizim nəsli tanımırsan!

Ünvanını öyrənib gedirəm evinə. Qapının zəngini basıram, dolu bədənli, sarışın bir qadın çıxır. Məlum olur kapıtan Adıgözəlovun xanımıdı.

Mənə nə lazım olduğunu soruşur. Sözümü deyə bilmirəm, qadın da hirslənir, a kişi, nə əzilib büzülürsən, nə üçün gəldiyini deyəcəksən, ya yox? Mən də nəhayət dillənirəm:

- İş belədi, əriniz…

- Neyləyib ərim? – qadın sözümü kəsir.

- Şeyimi yeyib, - deyirəm.

- Nəyini yeyib?! – qadın gözlərini bərəldir.

- Şeyimi də, qozumu, - qorxa-qorxa deyirəm, bu niyə qiyyə çəkir, tövbə, tövbə, nəyisə qarışdırmadım ki?

- Necə yəni yeyib? Mən düzmü eşitdim? Ərim nəyinisə yeyib? Yəni filan bəhmənini?

- Düz eşitdin, - deyirəm, - düppədüz! Yeyib filan-bəhmənimi. Siz ona filan-bəhmən deyirsiniz, bizsə…

- A kişi! – qadın başıma qışqırır. – Siz ona nə deyirsiniz, öz işinizdi, bir dəfə dedin, eşitdik də! Tutuquşu kimi dəqiqədən bir təkrar eləyəcəksən! Nəsə inana bilmirəm. Harda yedi?

- Metroda.

- Adamların gözü qarşısında? Bu elə də önəmli deyil. Hər halda ərimi tanıyıram, onun üçün fərq eləməz. Nə cür yedi axı?

- Əzdi, yedi.

- Niyə, dişi batmırdı?

- Elə danışırsan, sanki ömründə filan-bəhmən görməyibsən, - lənət şeytana, əri bunun girdəkan yox, qoz olduğunu deyirdi, arvadı isə filan-bəhmən deyir, mən də arvada xoş gəlsin deyə onun dediyi kimi deyirəm. - Əlbəttə, batmırdı, batsaydı, niyə əzməliydi?

- A kişi, ağzını təmiz saxla! – belə məlum olur, necə desəm də arvada xoş gəlmir. – Amma hər halda elə bərk olduğunu güman eləməzdim. Yaxşı, bəs canın ağrımırdı?

- Kim dedi ağrımırdı? Sən də qiyamət günü mənim anam- bacım, deməli deyil, lap belə ürəyimin başı göynəyirdi! Başımdan tüstü qalxırdı, ot tutmuşdum, vızhavızla yanırdım. Sənin bir şeyini yesələr, canın ağrıyar, ağrımaz?

- Baxın! - qadın yenə də hirslənir, gözləri alışıb yanır. – Mən sizinlə belə söhbətlər eləyəsi qadın deyiləm. Deyin, neyləməliyəm sizin üçün?

- Ziyanı…

- Xeyr! – qadın sözü ağzımda qoyur. – Özü yeyib, zəhmət çəksin, özü də ödəsin! Bu dolaşıq əhvalatdan bir şey anlaya bilmədim, anladığım bircə budur ki, burda mənlik bir iş yoxdü. Oğlum! – otağa tərəf dönüb səslənir. – Bura gəl! Atan bir qayda olaraq dolaşıq işlərlə məşğul olur, bu dəfə lap uzağa gedib. Adamın harasınısa yeyb. Gəl, başa sal.

Evdən balaca boy, daz baş, çəlləyə oxşar cavan bir oğlan çıxır, elə bil başı çiyinlərinə bitişib.

- Atam nəyini yeyib? – soruşur.

- Qozumu, - deyirəm.

- Şəxsən sənin?

- Şəxsən mənim! Başqasının qozunu yesəydi, mənim burda nə işim vardı? Mənimkini yeyib, burdayam da.

- Belə tamam, yerli dibli?

- Yox, - deyirəm, - 1 kilo 800 qramını.

- Ay oğraş! - bu da bağırır. – Sənin filan-bəhmənin nə boydaydı, atam da iki kilosunu yeyə?!

- Oğraş atandı! – özümü saxlaya bilməyib qışqırıram. – Nədi, yalan deyirəm? Yeməyib?

Oğlan üstümə tullanır. Mənim gücümün dibi yoxdu. Toyda altı nəfər cöngəni yerə yıxa bilmədilər, alnının ortasından bir yumruq ilişdirdim, tirtap sərildi yerə.

Beləsini görməmişdim, cöngə bunun yanında boş şeydi. Vururam təpəsinə, vecinə də almır, məni əldən-dildən salır.

Hər vuranda bir tərəfim uçur. Pilləkənlərlə yumalanırıq, bir təhər boynunu salıram qoltuğumun altına, yalnız bundan sonra oğlan sakitləşir.

Səsə qonşular çıxıb bizi ayırırlar. Oğlan özündə deyil, mənim də sağ qolum sınıb.

Anası oğlanı sürüyüb aparır, hələ bir məzəmmətləyir də, nahar dalaşırsan, günah atanda olub, adamın şeyini yeməməliydi.

Bir əzası yeyiləndə adamın nələr çəkdiyini sən bilmirsən, illah da həmən ətraflarını.

Biz Afrika çəngəlliklərində yaşamırıq, insan evladı iyirmi birinci əsrdə belə barbarlıq eləyərmi?

Kişilərdən nə desən gözləyərdim, amma bura qədərini təsəvvürümə də gətirməzdim!

Qonşular zəng eləyirlər, təcili yardım maşını gəlib məni xəstəxanaya aparır. Qolumu gipsə qoyub sarıyırlar, deyirlər, azından bir həftə yatmalısan. Bu da mənim işim, pulumu almaq əvəzinə xəstəxanalıq oldum.

Polisdən bir nəfər gəlir, özünü müstəntiq kimi təqdim eləyir, qolumu kimin sındırdığını soruşur. Deyirəm, kapitan Adıgözəlovun oğlu sındırıb. Müstəntiq niyəsini soruşur.

- Atası qozumu yemişdi, - başlayıram izah eləməyə.

- Nəyini? – qələmi kağızın üzərinə qoyub gözünü belə çəkmədən heyrətlə mənə baxır. - Necə yəni, sən indi şeysiz qalıbsan?

- Yox, - deyirəm, - 8 kilo 200 qramı qalır. Daha doğrusu qalmır, onun da bibim oğlu axırına çıxdı.

- Başa düşmədim, - təzədən başını silkələyir. – Kapitan yarısını yeyib, hələ 8 kilosu da qalır? Bibin oğlu? Demək, yerdə qalan səkkiz kiloya da bibim oğlu dediyiniz adam əncam çəkdi.

- Çəkdi, çəkdi! – yana-yana deyirəm. – Həm də elə əncam çəkdi, lap ciyərimi yandırdı! Öz tərəzimlə çəkmişdim. Əvvəlsə on kilo idi.

- Dayan görüm! – müstəntiq əti çimçəşirmiş kimi deyir. – Yaxşı, sən onu niyə çəkirdin? Yəni belə şey olurmu, adam durur, bu şeyi çəkir? Olmaya ürəyinə dammışdı nə vaxtsa bunun bir qədərini itirəcəksən, ona görə çəkirdin, yəni biləsən də, nə qədəri gedib?

Bir xeyli bu kimi saçma-sapan sözlərə qulaq asandan sonra, nəhayət müstəntiqi başa salıram, başa düşməyinə düşür, ancaq heyrət içindədi. «İnana bilmirəm. Adam polisdən pulunu istəyir. Demək, bizim Azərbaycanda belə işlər də olurmuş?» - deyir və çıxıb gedir.

Uzanmışam xəstəxanada, pulum da yox. Həkim mənə telefon təşkil eləyir, evə danışıb arvada deyirəm iki cöngə satdır, pulunu göndər mənə.

Arvad da deyir, mən cöngə satanam? Sən Bakıya qohumuna baş çəkməyə gedibsən, ya cöngələrin pulunun başına daş salmağa?

Axı o cöngələri kiçik oğlanın toyuna saxlamışdıq.

Cin vurur təpəmə: «Ay tünbətünün qızı! – deyirəm. – İndi mən toy hayındayam? İşə düşmüşəm, xəstəxanada canımla əlləşirəm, sən toydan dəm vurursan! Bəlkə heç burdan salamat çıxmayacağam!

Mənə pul lazımdı. Özün sata bilmirsən, qonşuya satdır!»

Hirsimdən dişim bağırsağımı kəsir, ancaq neyləyə bilərəm, əlimdən nə gəlir? Həkim də vay-şivən qopardıb, sənə zəqqum da göndərən deyillər, boş yerə konturum getdi.

Deyirəm, a kişi, sakit ol, göndərcəklər, sən hələ bizim nəsli tanımırsan, arvad nəkarədi, bir sözümüzü iki eləyə, göndərəcək!

Səhərisi arvad zəng eləyib deyir, qonşu cöngələri satmaqdan boyun qaçırtdı.

Ələmə and içib, ocağa gedib daş yapışdırıb, özünü söyüb, sənin üçün nəinki cöngə, heç toyuq da satmayacaq.

Deyir, başa saldım, canı çıxırdı, metroya minmirdi, boynu sınırdı, minmirdi. Ərin qanmazdı, mən neyleyim? Deyir, adamda hinduşkanın ağlı qədər ağıl yoxdu.

Bir sözlə arvadın əlinə fürsət düşüb, qonşunun dediklərini cikinə-bikinə kimi çatdırır, özünün cürət eləyib deyə bilmədiklərini qonşunun adından döşəyir. «Cəhənnəmə satmasın! – arvadın sözünü kəsib deyirəm. – Qardaşlarını çağır, qoy satsınlar. Bircə qoparmağı bilirlər, bir dəfə də kara gəlsinlər!

Yoxsa camaat elə bilər mənim qayınçom yoxdu, taun gəlib, hamısını qırıb!» Uzaqdayam, əlim çatmır, arvad da dil-dil ötür. «Sənin ağlın çaşıb, metroya minirsən, buna qağalarım neyləsin?

Onlar sənə dedilər, get, min metroya? Bəlkə səni metroya zorla mindiriblər?

Yazıqların bəxti yoxdu, nə tez yadından çıxdı, evi tikəndə səninlə çiyin-çiyinə işləmələri?

Yadındamı, qışda odunumuz qurtarmışdı…».

Daha qulaq asmayıb dəstəyi asıram.

Arvad cöngələri qağalarına satdırıb,- necə şeydisə qağaları cöngələri qoyun qiymətinə satıblar, guya bazarda ucuzluqmuş, həmən gün mal-qara alan yox imiş, az qala yalvarıb veriblər və sair, - şəhərə gələn kəndçimizlə pul göndərir.

Pul öz işini görür. Həkim, şəfqət bacıları başlayırlar başıma fırlanmağa.

Halıma yanırlar, təəssüflənirlər, sanki mənim yox, bunların qolu sınıb.

Kapitan da gəlib çıxır, əsib coşur, asıb kəsir. Deyir, sən məni rüsvay eləyibsən, bir pulluq olmuşam, qonum-qonşu içinə çıxa bilmirəm.

Gedib arvadıma deyirsən ərin qozumu yeyib, düşüb qonşuların ağzına. Kimin ağzını yumum?

- Yalan demişəm? – mən də hirslənirəm. – Yeməyibsən? Onda mənim qozumu yeyənin atabaatasına lənət! Qozumu yeyən qiyamət günü it sifətində yanıma gəlsin!

- Yemişəm, ancaq qoz! – elə bağırır, otaq gur-gur guruldayır.

- Mən də elə demişəm. Demişəm qozumu yeyib! Qonşulara da elə dedim, qozumu yediyini dedim!

Deyir, arvadımı tanımırsan, ona mənim haqqımda nə desələr, inanır. Gedək bizə, arvada mənim adicə qoz yediyimi de.

Yoxsa yemək-filan nədi, gözümün ucu ilə də sənin kimi murdar məxluqun iyrənc əzalarına baxmaram.

Ondan sonra sənə 18 min manat yox, lap 200 min manat verərəm. Təki arvadı başa salaq.

Sən də idbar vücudunla şəhəri yaraşıqdan salmağa son ver, çıx get öz xarabana! Sən gələni Bakının havası dəyişib, bu boyda şəhəri qoxudubsan. «Sənin ağlın yerində deyil, - deyirəm, - metro qalıb Allah ümidinə.

Sən ağılda adam metro-filan gözləyə bilməz. Sənin özünü gözləyən lazımdı! Arvadına necə var, elə də demişəm. Demişəm, ərin qozumu yeyib, adicə qozumu!

Əyər demişəmsə xiyarımı yeyib, gora salamat baş aparmayım! Arvadın da bir saat zəhləmi töküb, necə yedi, dişi batırdımı, yəni elə bərk olur? Necə kişisən sən, arvadın qoz görməyib!

Mənim günahımdı, gərək mən arvadına göstərəm, o da baxıb görə bərkdi, yumşaqdı!»

Kapitan atılıb düşür, divarları yumruqlayır, qapıya bir-iki kəllə ilişdirir, inanılası deyil, başının yarılacağını güman eləyirəm, amma yarılmır, üz-gözü bir balaca şişir.

Nəhayət yorulur, başını tutub gedir, axşamçağı bir dostunu göndərir yanıma.

Bu da əlli min manat gətirib deyir, al, bu da sənin pulun. «Sən niyə gətiribsən? – soruşuram. - Qozumu sən yeyibsən? Haçan sən yeyərsən, onda pulunu verərsən. Kapitan Adıgözəlov yeyib, canı çıxsın, pulunu da özü versin!»

Mən nə bilim bu dəliymiş, başını əsdirir, gözləri hədəqəsindən çıxır, əl atıb tapançasını çıxardır. Deyir, səni öldürməsəm, onda mən kişi olmaram!

Nə isə, dünyadan əl götürürəm, ilk dəfə qonşuya haqq qazandırıram, gərək minmirdim o lənətə gəlmiş metroya, heç nədən güdaza getdim.

Adıgözəlov qapının ağzında gözləyirmiş, özünü içəri atıb, bir təhər bu dəli-cinnini sakitləşdirir, adam elə hey pırt vurub onun əlindən çıxmaq istəyir, deyir öldürməsəm bağrım çatlar.

Bu cındır mənə, düz gözlərimin içinə itə deyilməsi mümkün olmayan sözləri dedi.

Adıgözəlov bir təhər onu çölə çıxardır.

Bir azdan qayıdıb gəlir, atılıb düşür, bir xeyli divarları yumruqlayır, qapılara kəllə atır. Sonra da baş həkim gəlib deyir, yanına gələn qohumun yeddi qapımızı sıradan çıxarıb, pulunu ödəməlisən.

Mən də xeyli atılıb düşürəm, nəhayət iş həll olur, axşamçağı kapitan Adıgözəlov xəstəxanaya bir dəstə usta, təzə qapılar göndərir, köhnələri dəyişib, yerinə təzə qapı oturdurlar.

Şəfqət bacısına qələm, kağız gətirdib nazirə ərizə yazıram, başıma gələnləri ərz eləyirəm. Uzanıb xəstəxanada gözləyirəm, cavab əvəzinə kapitan Adıgözəlov gəlir. Hirslidi, bir xeyli qışqırır, ancaq daha kəllə-yumruq atmır, nəhayət sakitləşib soruşur:

- Demək, nazirə ərizə yazdın. Girdə meyvələrini necə yediyimi ərz elədin? Sən Allahdan qorx, fikrin nədi, olmaya xəstəxananı bütöv mənə təmir elətdirmək istəyirsən?

- Canın çıxsın kəllə atma! – deyirəm. –Olmaya mən sənə deyirəm qapıları kəllələ? Yazmağına da yazdım, pulumu verməsən, lap Kofi Annana yazacağam!

- Demək, yazırsan? Prinsipə düşübsən, pulunu verirlər, ancaq istəmirsən, şəxsən mənim verməyimi tələb eləyirsən. Madam belə oldu, verməyəcəyəm! Qoy tutsunlar məni, güllələsinlər! Verməyəcəyəm!

Xəstəxanadan çıxandan sonra birbaşa poçta gedirəm. Burda da bir qız uşağı oturub, saçından, geyimindən oğlana oxşayır, qızdan ərizələrimə cavab gəlib gəlmədiyini soruşdum.

- Kimdən sənə cavab gəlməliydi? – üstümə çımxırır.

- Kofi Annandan! – şəstlə dedim.

- Sən ona niyə məktub yazmışdın? – qız mənə elə baxır, sanki özgə planetdən gəlmişəm.

- Bilirsiz, - lənət şeytana, əməllicə işə düşmüşəm, başıma gələni heç kimə danışa bilmirəm, xüsusi ilə də qız, qadın xeylaxına, - metroda polislər qozumu yedilər, yəni filan-bəhmənimi. Daha doğrusu girdə meyvələrimi…

- Bəs Kofi Annan neyləyəcək sənin üçün, meyvələrini qaytaracaq? Gətirib yerinə yapışdıracaq? Heç nədən aləmi çaxnaşdırırsız! Durub bundan ötrü BMT-yə yazırsan. Sənin kimi vətəndaşlar ölkəni hörmətdən salırlar!

- Mənimkimilər yox, kapitan Adıgözəlovkimilər! Yeyirlər camaatın malını, pulunu da vermirlər. Sənin şeylərini yesələr, yazmazsan?

- Nəyimi? – qız heyrətlə soruşur.

- Girdə meyvələrini.

Qız məni hədələyir, indicə polis çağıracağını deyir. Qız uşağıdı, buna nə deyim? Çölə çıxıram, kapitan Adıgözəlov səkidə dayanıb mənə heyrətlə baxır.

«Sənin xaraban yoxdu?! – qışqırır. – Bu yaşında ərizəbazlıq eləyirsən! Nə veribsən bu şəhərə, ala bilmirsən, çıx get kəndinə də!

Sən gələni şəhər abırdan, yaraşıqdan düşüb! İdbar vücudunla şəhəri eləyibsən heç nə!

Qoxudubsan havanı, millət boğulur!»

Bakı bahalı şəhərmiş.

Otelin pulu, gündə üç dəfə çörək yemək, çay, siqaret, avtobus pulu. Bir həftəyə cöngələrin pulu qurtardı.

Arvad qoyunlardan da satdırıb pulunu göndərir, bu pul da beş-on günə bəs eləyir.

Nahaq yerə poçta gedir, orda oğlansayaq qızla mübahisələşirəm. Ərizələrimə heç yerdən cavab gəlmir.

Arvad da sonuncu qoyunları satmaqdan imtina eləyir, satmaram, deyir, onları sənin ehsanına saxlamışam. Fikrin nədi, sənə ehsan verməyək, goruna söysünlər?

Yoxsa qağalarımı çağırım, yazıqlar gəlib sənin ehsanını versinlər? Sağlığında qədrlərini bilmədin, öləndən sonra nə biləcəksən?

Əlləri qabar oldu sən evi tikəndə, amma dilindən bircə dəfə sağ ol çıxmadı! Əllərini bal elədilər saldılar ağzına, elə dedin acıdı! Arvad məni yandırır, təpəmdən tüstü çıxır!

Deyirəm, kəndə qayıdan kimi o evi söküb yerlə yeksan eləməsəm, zati-pakıma lənət!..

Cibimdə yalnız yol pulu qalandan sonra geri qayıdıram.

Neyləyə bilərdim? Əlimdən başqa nə gəlir? Qulaq asan olmadı mənə, adam yedi qozumu, üstündən də su içdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG