Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

Sara Selcan. Şeirlər



BU SARANI DA SEL APARIR

Bu Saranı da sel aparır,
Axan Arpa çayı deyil.
Fələyin verdiyi açar
Hayıf bəxt açarı deyil.

Bu Saranı da sel aparır,
Köməyə Xan Çoban gəlir.
Aparır sellər Saranı
Ağ sularda Selcan gəlir.


AY KİMİ AĞ

Ağ-Ay kimi ağ,
Səndən köçmək kimi
Çətindir sənə qayıtmaq.
Səndə olmazları görmək,
Səndə olacaqları
Heç kimdə olmayacaq qədər
Müqqəddəs bilmək.
Sevmək, sevmək,
Sevərək ölmək- qovuşmaq
Və yenə sevmək.
Ay kimi ağ arzular qanadında
Göyün yerində
Nura çevrilmək,
Gecələrin birində.


XAN ÇOBANA

Sellər təkcə sudan olmur, Xan Çoban,
Xan Çoban, sellər təkcə dağdan gəlmir.
Bir yaşda deyiləm ruhumla yəqin,
O söylədikləri yadıma gəlmir.

Min ilin yağmurun daşıyır ruhum,
Ruhumun əli var ağrılarımda.
Eyni röyanı görsəm də illərdir,
Hələ də azıram yuxularımda.

Gedirəm, getdiyim yolu yormadan,
Varlığın tapmağa öz yoxluğumun.
Gözümlə görürəm ilahi eşqin
İçimdə böyüyüb söz olduğunu.2004


Mən şəkilsiz adamam

Mən şəkilsiz adamam,
Belə ki
Şəkil yerinə yaz yağmurunun ətrini
Təsəvvür edin,
Iyləyin,
Çəkin ciyərlərinizə bu ətri
ən dadlı qoxu kimi.
Onda apaydın görünəcəm

Sirrsiz,tilsimsiz və daha nələrsiz,
Özüm olduğum kimi.
Mən şəkilsiz adamam
Və həm də sənsiz.


Gözəl

Dünya sınıq pəncərə,
Kimlər keçmir hər cürə,
Baxdım dərviş,tacirə,
Ağam,qulumdan gözəl.

Kim məsum,kim paxıldı,
Ürəyinə yaxındı,
Mənim ömrüm nağıldı,
Əvvəli sondan gözəl .

Şər şərliyin atmadı,
Gecə-gündüz yatmadı,
Şeytan paltar tapmadı
Mələk donundan gözəl.

Könlüm söz nəşəsidi,
Söz saflar peşəsidi,
Daha nə düşəsidi.
Bəxtimə bundan gözəl.

Gah gen dünya,gah da dar,
İçimdə min dünya var,
Hələ də bu dünyada
Ölüm olumdan gözəl.


Gecə duyduqlarım

Dünyaya sığmayan istəklə var,
İçi duyulmayan təklər var.
Var su bəyazlığı,
Yovşan qoxusu,
Bir də düzənlik azadlığı.

Ağ ay kimi ağ
Yaddaşımın mağara qaranlığında
Yovşan qoxulu sirlər var,
Gözlə görünməz,
Sözlə oxunmaz.
Duyduqca duyular.

Gecə quşları uçduqca uçar
Uçmaz içimlə çölüm arasında
Sədd-divar.

Batdığım qaranlıqda
Nəsə söylər mənə
Yuxularımla
Gündoğandan gələn mələk
Yovşan qoxuyaraq.

Unudub dörd yanımı,
Adına düşdüm,Allah.
Axır ki,gec də olsa
Yadına düşdüm,Allah.

Demə yadındaymışam
Şeir bir az çaşdırıb.
Onunçün də yadına
Bəxtim belə gec düşüb.

Gec də olsa,nə yaxşı
Bəxtimi kəm qoymadın.
Dünyadakı dərdlərdən
Məni nakam qoymadın.

Açılmaqdı o qönçə də,
Saraldı gülüm,saraldı.
Elə yandı bir gecədə
Bülbülə tək külü qaldı.

Məlhəm yoxdu bu yaraya,
Dost da tapılmaz haraya,
Neyləmişdim ki,dünyaya
Məndən belə qisas aldı.

Bax e,necə bilməmişəm,
Bu çağadək görməmişəm,
Diriyəmmiş,ölməmişəm,
Tanrım,necə diri qaldım?

Ey,yoxsa ki sən çağırdın?!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG