Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45
Əli Şirin Şükürlü


hər şeyin bir dönüş nöqtəsi, qayıtdığı məkan var “OL” söylənən fəzada.

“OL”dan “O”ya üz alar yaranan, “OL”dan “O”ya dəyişər hər an. O-sıfra, L-vahidə bənzər;

biri çevrəvari, biri tamlıq, bütövlük-kamillik mücəmməsi.

başladığı nöqtəyə - “O”na, ya da “O”ra qayıdar yaranan nə varsa çevrə cızaraq, vahidə dönər.

hər şey bir-birinə yaxın və uzaq “OL”dan “O”yadək – arada sonsuzluq.

hətta bir-birinə ən yaxın iki nöqtə arasında məsafə sonsuzluq adlı – istənilən iki ədəd arasında həmişə üçüncüsü var – üst-üstə düşəndə yox olar məsafə. hər şey içindən dəyişər əvvəlcə;

mən sənə çatmaqçın dəyışıb içimdən sonsuzluq aşdım.

itər arada məsafə. səndən mənə, məndən sənə sevgi sızar:

susss...sss... kiri-kiri...

indi də

gözlərimizlə dinləyək bir-birimizi.

“xoşbəxtəm”, “xoşbəxtəm”, “xoşbəxtəm” – pıçıltılar sürüşər sükunət arasında dəyər divarlara. divarlar həyan olar can verən pıçıltılara. nə vaxt dinləsən divarları kövrək, həzin, doğma, yad səslər eşidilər.

səndən mənə, məndən sənə sevgi sızar. məndən sənə, səndən mənə kədər qalar – gülər üzlü.

böyüyər məsafə, sonsuzluq dolar yenə araya.

sonsuzluqda yagışlar yağar – hüzn aşılayar sevinc qarışıq. qüssəyə qərq edər dağ-daşı, oyanar otların, çiçəklərin yaddaşı, - daşı özünlə sevinci, daşı özünlə kədəri, daşı, daşı.

sonsuzluqda qar yağar, çovğun başlayar – qəlblər üşüyər. susayar məsumluğa canavarlar, canavar xislətlilər. güclülər qovduqca zəiflər qaçar. qısqırdar güclüləri, qaçırdar zəifləri yaşamaq instinki.

sonsuzluqda sərin meh əsər, ləpələr pıçıldaşar, nə qədər zərblə çırpılsa da sahilə dalğalar- keçilməzlikdən və qaçılmazlıqdan xəbər verər.

sonsuzluqda gün çıxar, qaranlıq düşər, zavallı quşcığaz pəncərəni döyəclər: “cik-cik-cik” – “fanilik.fanilik.fanilik”. günlər, aylar, illər qırılmış güzgü – çilik-çilik.

sonsuzluqda sevgi oyunu başlar. sevgidən çox sevgi haqqında xəyalların əsiri olarlar. sevgi oyunu quraşdırarlar. qadınlar leyli, kişilər məcnun olar. dastanlar yazılar, nəğmə qoşular.

sonsuzluqda körpələr doğular, insanlar ölər. doğulanlar ölər, ölənlər yenidən doğular; sakini olar yeni aləmin ya tikan, ya ot, ya insan, ya it şəklində.

sonsuzluqda sevgi ilə nəfəs alıb, qüssə ilə köks ötürər binalar.

dəyişər içindən, dəyişər çölündən, dəyişər içindəkilər, dəyişər çölündəkilər.

sonsuzluqda evlər tikilər, kəndlər, şəhərlər xaraba qalar. gülləyə tuş gələr qocalar, qadınlar, körpələr.

mərmiyə çevirib körpəsini cihada qalxar hicablı müsəlman qadınlar.

sonsuzluqda azadlıq adıyla fəth edilər ölkələr. torpağın hamının, hamının torpağın olduğu unudular.

sonsuzluqda inqilab edər kütlələr, dəyişər hökmdarlar – azadlıq istər adamlar. amma azdadlığı sevməz başçılar.

daha nələr , nələr olar sonsuzluqda... mən “SƏN”i sevərəm.

hər şey “O”na dönür, “SƏN” mənə, mən “SƏN”ə qayıdaram.

... – 26.02.2011

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG