Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:08
(Cizgilər...)

Yaxşı yadımdadı, o vaxt Parisin mərkəzindəki mağazaların birindəydim. Nə üstümə oturanım, nə də dərd – sərim vardı.

Xoşbəxt günlərimi yaşayırdım. Arada eşidirdim ki, qiymətim çox baha olduğundan, yaxın duranım yoxdu.

Bir də xəbər tutdum ki, təyyarənin baqajındayam. Hansısa ölkənin məmurlarından biri məni alıb.

İlk dəfə azca da olsa, sevindim ki, nəhayət, məni də alan oldu.

Amma sonra sahibimin nə qədər qayğıma qalıb – qalmayacağını düşünüb, kədərləndim.

Kimlərsə məni gətirib, təmtəraqlı bir otağa saldılar.

Otaqda, masanın arxasında yaşlı, ayaqları qırıq – qırıq olan qardaşımı görəndə, özümün qocalığımı təsəvvür edib, bir az kövrəldim.

Qardaşımı kimsə, əlindən qaldırıb, dəhlizə atdı. Məni isə səliqəylə sürüyüb, onun yerinə qoydular.

Elə həmin an anladım ki, deyəsən, sahibim çox böyük adamdı. Elə bu yerdə dərd məni aldı ki, hər üstümdə oturanda qabırqalarımı xürt – xəşil edəcək.

Az sonra üzərimdə sakit, arıq, dalının sümükləri hiss edilən bir adamın oturduğunu hiss edib, sakitləşdim.

Sonradan eşitdim ki, ayaqları qırılmış qardaşımın sahibi keçmiş məmur imiş. Mənim sahibim isə bu vəzifəyə yeni təyin olunub.

İllər ötdükcə, bu mədəni insan getdikcə kobudlaşır, kobudlaşamaqla yanaşı həm də ətləşirdi.

Hər dəfə əsəbləşib, yumruğuyla əlimə vurub, yerimdən o yan – bu yana sürütləməsiylə, bədənimi cırıldadır, düşüncələrimdə yanıldığımı anladırdı mənə. Sən demə, bunların hamısı belə olurmuş.

Yeni vəzifəyə təyin olunduqda çox sakit, mülayim və arıq. O, ki, gəldi vəzifəyə, aman Allah, üzünü mürdəşir görsün!..

Mənim sahibim də belə olmuşdu. Hər dəfə gəlib, bu neçə ildə ətdəşən, yekələn dalını üstümə qoyduqca, qabırqalarım qıjıldayır: - Səni burda oturdanın atabaatasına lənət olsun, - deyib, qarğıyırdım bu hazır yeyib, dalını yekəldən sahibimi.

Təbii ki, o, adam dilindən başqa bir dil bilmədiyi üçün dediklərimi anlamırdı. Anlasaydı, əminəm ki, başımı əkərdi.

Çünki, bir neçə dəfə söhbətlərindən kimlərinsə onlara əks olduğu üçün cibinə nəsə atdırıb, içəri saldırdığının şahidi olmuşdum.

Həm də bildiyim qədəriylə, bu adama və bunun kimi illərdi öz millətinin sərvətini talayan məmurlara batan yoxdu.

Nə istəyirlər, onu da edirlər. Dediklərinə görə, bunlar mafiyadır. Düzü, bu “mafiya” sözünün nə olduğunu anlamıram.

Yəqin, nədirsə, yaxşı bir şey deyil. Çünki, arada həmin bu “mafiya”nın elə bu otaqda iclasları keçirilir. Sahibim kimi yekə dallar otaqda məndən başqa zavallı bacı – qardaşımın da canını acıdırlar.

Bunu onların əzabla inildəyən səslərindən duyuram.

Həmin bu mafiya üzvlərinin də bir sözü var ki, hər zaman ayrı – ayrı səslərdən eşidirəm: - “Biz kəsdiyimiz başa sorğu – sual yoxdu.” Və ya hansısa əlaltılarını otağa çağırıb, “Get, onu aradan götür, basdırıb, üstündən də vəzəri ək! ”.

İndi deyəcəksiniz ki, gör, necə nankordur ki, öz sahibinin gizlisini aşkar edir. Gərək, bir yaxşısını da deyim.

Deməli, bu adamı ancaq bir dəfə mülayim görürəm. Telefon zəng çalır, dərhal da yekə dalını üstümdən qaldırıb, ayaq üstə durur: - Oldu, baş üstə, problem deyil,oldu, - deyərək, deyəsən, özündən vəzifədə böyük olan kimləsə danışır və bir neçə dəqiqə ayaq üstə durur.

Amma telefonu qoyandan sonra dalını üstümə elə qoyur ki, az qala xürt- xəşil olum.

Hələ danışıb qurtarandan sonra bu bağırsağı qurumuşun dalının havasını demirəm. Səsi qulağımı batırır, zəhrimara qalmış iyi də ki, nəfəsimi...

Başa düşə bilmirəm. Bu adam, bu boyda vəzifəni illərlə iki əlli yapışıb, qoruyub, saxlaya bilir, amma bir dalına qahmar çıxa bilmir. Bütün günü... Nə isə...

Neçə ildir, susuram, daha bəsdi. Görürəm, bu dalı yekəni üstümdən qaldıran olmayacaq. Onsuz da qocalmışam.

Ayaqlarım tir – tir əsir. Bu dəfə demişəm, üstümə oturan kimi özümü boşaldıb, ayaqlarımı qırıb, bunun dalını özüm yerə vuracağam.

Bəlkə, onda mən də, bunun ağalıq elədiyi millət də bu zalımdan qurtuldu.

27 Fevral 2011,
Bakı şəhəri

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG