Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

Azərbaycanda sosial yardım


6 AYDIR Kİ, 1 QƏPİK PUL ALMIRAM

Tovuz rayonunun Böyük qışlaq kəndindən Bakıya gələn Abdulla Bayramovun ailəsi 6 aydır ünvanlı sosial yardım gözləyir. Sənədlərini toplayıb Əhalinin Sosial Müdafiəsi Mərkəzinə veriblər. Amma hələ də nə «hə» deyirlər, nə də «yox»...

«2010-cu ilin sentyabrından sənəd vermişəm. 6 aydır ki, 1 qəpik pul almıram. Qızım xəstədir, saçı tökülüb. Oğlumun qolu qırılıb, mən pul dərdindən onu apara bilmirəm həkimə. Bununla 4-cü dəfədir gəlirəm Bakıya. Məni göndərirlər Tovuza, orda deyirlər, bağ belə bostan belə».

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən başlanıb. Bu illər ərzində Abdulla Bayramov kimi şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Müdafiəsi Mərkəzlərinə dəfələrlə müraciətlər ediblər.

SİYASİ TƏBLİĞAT ALƏTİ

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Azərbaycanda sosial yardımların verilməsi daha çox siyasi təbliğat alətinə çevrilib:

«Hökumət buna bir öhdəlik kimi baxır, bunun özü də bir siyasi təbliğat vasitəsi kimi istifadə olunur ki, biz ölkədə yoxsulların da qayğısına qalırıq, onlara vəsait veririk. Amma Şərqi Avropanın nisbətən orta inkişaf etmiş ölkələrini götürsək, adambaşına verilən ünvanlı sosial yardımların həcmi bizdən orta hesabla 8-10 dəfə yüksəkdir».

Ölkədə hər ailəyə ödənilən yardımın orta aylıq məbləği təqribən 108 , bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24 manatdır. «Ünvanlı sosial yardım haqqında» qanuna görə, yardımın məbləği ehtiyac meyarı əsasına müəyyənləşir. Azərbaycanda ehtiyac meyarı isə bu ilin yanvarından 10 manat da qaldırılaraq, 75 manata çatdırılıb.

İqtisadçı Rövşən Ağayevin fikrincə, ünvanlı sosial yardım alan insanların yoxsulluqdan çıxdığı ona şübhəli görünür:

«Hökumətin rəqəmləri şübhə doğurduğuna görə, ünvanlı sosial yardımın əldə olunan həcmi də insanların ehtiyaclarını ödədiyi, hətta yoxsulluqdan çıxmağa imkan verdiyini demək də çətindir. 1 kilo ətin qiyməti orta hesabla 7 manatdır bazarda. Azərbaycanda bir nəfərin aylıq ət istehlakı normativi 2,5 kq götürülür. Həmin məbləğlə 3 kq ət əldə etmək olur. Hökumət adambaşına təxminən 4 kq kartof götürüb. Kartofun faktiki 1 manat qiyməti var. Həmin vəsaitlə 1 nəfərin ayda normativlə ət və kartof istehlakını ödəmək olur».

Rövşən Ağayev deyir ki, hökumət yaşayış minimumu normativini bilərəkdən aşağı götürür. Çünki bu verilən yardımların da məbləğinə təsir göstərir.

«MDB ölkələri ilə müqayisədə bizim istehlak normativlərimiz aşağıdır. Hökumət normativləri aşağı götürəndə, təbii ki, yaşayış minimumunun dəyəri də aşağı düşür. Yəni bilərəkdən, məqsədli şəkildə...»

ARTIM DİNAMİKASI MÜSBƏT İSTİQAMƏTƏ GEDİR


Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı Nazim Məmmədov da düşünür ki, bu məbləğ aşağıdır. Amma o əlavə edir ki, artım dinamikası müsbət istiqamətdə gedir:

«Bu, bir vətəndaşın xırda xərclərin ödəyə bilməz ərzaq baxımından. Ancaq dinamikaya baxsaq, yeni başlayanda ehtiyac meyarı 45 manat idi. Təbii ki, bu dinamika müsbət istiqamətdə gedir. Bu baxımdan mən güman edirəm ki, həm yaşayış minimumunun həddi artırılmalıdır, həm də ehtiyac meyarı yaşayış minimumu səviyyəsində olmalıdır. Bu baxımdan da ünvanlı sosial yardımı yaşayış minimumu ilə eyniləşdirmək daha yaxşı olardı».

HƏYAT SƏVİYYƏSİ YÜKSƏLİR


Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə deyir ki, Azərbaycanda həyat səviyyəsi ildən-ilə yüksəlir, buna da mütənasib olaraq sosial yardımların məbləği artır:

«Başqa ölkələrlə müqayisə o qədər də uğurlu nəticə əldə etməyə imkan verməyəcək. Hər ölkənin özünün sosial-iqtisadi inkişaf göstəriciləri, həyat səviyyəsi, yaşayış minimumu kimi göstəricilər nəzərə alınmalıdır. Azərbaycanda ünvanlı sosial yardımın yaşayış minimumuna çatdırılması qarşıda məqsəd qoyulub. Azərbaycanda həyat səviyyəsi ildən-ilə yüksəldikcə, təbii ki, aztəminatlı insanların tələbatları da artır və bu, ünvanlı sosial yardımın məbləğinin də artırılması təbiidir».

Musa Quliyevin fikrincə, ünvanlı sosial yardımların verilməsi get-gedə azaldılmalı və dayandırılmalıdır. Əsas diqqətsə ailələrin sosial reabilitasiyasına yönəldilməlidir:
«Düşünürəm ki, tədricən ünvanlı sosial yardım proqramından imtina etmək, ailələrin sosial reabilitasiyası proqramına keçmək lazımdır. Seçmə qaydada hansı ailələrdə ki, xüsusən kənd yerlərində işçi qüvvəsi var, amma iş yeri yoxdur, bu işlərə diqqət artırmaq lazımdır».

İqtisadçı Rövşən Ağayev isə deyir ki, Azərbaycanda yaşayış minimumunun hesablanması bazarlardakı real qiymətlər söykənərsə, bu rəqəm 140 manat civarında olmalıdır. Üstəlik yardımlar da ehtiyac meyarına deyil, yaşayış minimumuna uyğun verilməlidir:

«Araşdırmalar göstərir ki, Azərbaycanda yaşayış minimumunun dəyəri indiki halda normativlər nəzərə alınmaq şərtilə, eyni zamanda bazar qiymətləri obyektiv tətbiq olunsa, topdansatış qiymətləri yox, bazardakı pərakəndə satış qiymətləri hesablansa, yaşayış minimumunun dəyəri 140-150 manatdan az deyil. Təbii ki, fikirləşirik ki, yoxsulluq müavinəti də bu həddə olmalıdır».

HESABLAMALAR GÖSTƏRİRİ Kİ...

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Azərbaycanın 10 regionunda 2011-ci ilin yanvar ayı ərzində minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, cari ilin ilk ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına təqribən 160, pensiyaçılar üçün 146 manat, 14 yaşına qədər uşaqlar üçünsə 200 manat təşkil edib. Ay ərzində əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum təqribən 105, pensiyaçılar 95, 14 yaşına qədər uşaqların valideynləri isə 118 manat xərcləməli olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 122 781 ailə ünvanlı sosial yardım alır. Yardım alanların 39,6 faizi tərkibində 3 və daha çox uşaq olan ailələrdir.
XS
SM
MD
LG