Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:30













GECƏ MƏLƏK, GÜNDÜZ ADAM OLURAM...

***

Çox qəribədi,
heç kim özündə
günah görmür...
və çalışır ki,
özgənin günahını
üzünə çırpsın...
Hətta
günahını
özgə¬nin günahına
qatıb
içindən təmiz çıxsın...
belə olan halda-
Allah bizə hansı gözlə baxsın?!
Bax, sual budu...


***


Hər gün
metronun üstündə
siqaret əlimdə,
dərdim könlümdə
dayanıb
yerin tarazlığını pozuram...
Bəşəri cinayətdi,
ən ağır
cəzaya da hazıram!
Təki gözlədiyimin
diqqətin çəkə bilim...


***


Ağır olsa da
etiraf etməliyəm-
sənsiz keçən günləri
yaşadım!
Ürəyim partlamadı,
demək,
mümkün imiş dözmək...
Amma bütün anları
səni ürəyimdə daşıdım...
Və sən qoymadın ki,
partlasın...
eləcə həsrətin
dodaqları çatladı
qanı töküldü üstümə...
Mənə də elə gəldi ki,
yaşamağı
bacardım sənsiz...
əslində isə
mən
ölü dənizəm -
Dəniz!


***


Yəqin ki,
yuxusun qatıb anam...
Yəqin ki,
səhərədək
yüz fikir gəlib ağlına...
Necə ağrıdığımı...
nədən ağrıdığımı-
fəhm edib -
ürəyi yanıb oğluna.
Eh...
neynəyim ki,
səni də ağrıdıram,
ver ağrını,
qoy məni qatım
ağrıma...
Barı sən,
bir az dincəl
bir az yat, Ana -
barı bir hovur
ağrıma...


***


Lap dözümsüz olmuşam,
dözüm dözümdən düşüb.
kordu, səni görmür ki,
gözüm gözümdən düşüb!


Anılmazmış bu fərdlər,
yolumu kəsən şərtlər.
çevrəmdə olan dərdlər-
demə özümdən düşüb.


Çəkdirdikcə qəm, möhnət
ha cəhd elə, ha köhnəlt...
fırlanıb gəlib söhbət-
gizli sözümdən düşüb.



***


Mən hər gün
iynə ilə
özümə gor qazıram -
iynə boyu -
dərin, ya dayaz...
fərq etməz...
məqamında
hazır olacaq
hara tələsirəm ki?
qazıram yavaş-yavaş -
gücüm yetdikcə,
az-az...



***


Mənim yuxularımın,
sərhədi pozulubdu.
həmişə yuxularım
tərsinə yozulubdu...
Bərpa etmək çətindi
pozulmuş bu sərhəddi.
sanki aşılmalıdı -
keçilməyən Çin səddi.
Ən ağır yüküm olub
zamanın sualları.
göydə ilişib qalıb -
könlümün duaları.



***


Deyirsən ki, bu olanlar
olacaqmış
Bu boşalan
boşalmalı,
bu dolanlar dolacaqmış...
Bu bitənlər göyrəməli,
Bu solanlar solacaqmış...
bu gedənlər getməliymiş,
bu qalanlar qalacaqmış...
bu satanlar satdıqların
bu alanlar alacaqmış...
Deyirsən ki,
hər şey göydən gələn yazı
Kim narazı - mən razı
fərq eləməz,
yol beşikdən-behiştədi...
Amma insan - iz qoymalı
nişanədi!
Bacarmırsa,
ya heç buna
cəhd etmirsə,
demək hər şey
kimlərinsə uydurduğu bəhanədi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG