Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

Sevil Gültən. Şeirlər















Bağlama könlünün qapılarını bu gecə…


Bağlama könlünün qapılarını bu gecə…
Xəyalım könlünün qonağı olmaq istər gizlicə.
Üşümüş xəyalım könül evində gecələmək dilər -
Aç könlünün qapılarını! - Bir az xəyalım isinər.
Bağlama könlünün qapıların
ı,açıq qoy könlünə gedən yolları.
… İstəsən, könlündə əbədi bir bucaq ayırarsan
xəyal olmuş sevgimə.
İstəməsən, xəyalını götürüb qayıdaram öz qəm evimə.


Olanımdan sizə də pay düşdü

Qızlarım Yasəmən və Gültənə

Ağladım…
göz yaşımdan qoşa damla
pay düşdü gözlərinizə.
Sərt taleyimin daş döngəsində sarsıldım,
bir ovuc daş qırığı
yağış tək yağdı sözlərinizə…
…Ürəyimi nişan aldı
bir naşının iynə kəlməsi.
Yaralı qəlbimin naləsi
qulağınıza hopub qaldı.
Mənim cavanlığım qocaldı,
sizin uşaqlığınızın üstünü
qara buludlar aldı.
Olanımdan sizə də pay düşdü-
məni titrədən küləklər
sizi də üşütdü.


Mən səni sevmirəm…

Mən səni sevmirəm…səni sevsəydim,
Dəli küləkləri qanad edərdim.
Səni görmək üçün Aya gedərdim.
Gecələr od tutub yanardı cismim,
Özümün yadımdın çıxardı ismim -
Mən səni sevmirəm…

Mən səni sevmirəm, səni sevsəydim,
Səma gözlərimdə ləpələnərdi.
Sənsiz Yer üzündə Günəş sönərdi
Qara saçlarıma qar ələnərdi -
Qəlbimin yerində daş döyünərdi-
Mən səni sevmirəm.

Mən səni sevmirəm, səni sevsəydim,
Həsrətdən yatağa düşüb ölərdim.
Zəif bir şam kimi şölələnərdim.
Səni ucalıqdan mən endirərdim -
Sevdiyim qədər də mən sevdirərdim -
Mən səni sevmirəm…


Tanrım, məni quş eylə!

İnsan kimi yaşamaqdan yoruldum
Tanrım, məni quş eylə!
İnsan olub qovuşmadım sevgimə
Quş eyləsən, sevdiyimə tuş eylə -
Tanrım, məni quş eylə!

Ağlayıram, göz yaşımı silən yox
Nə çəkirəm, vallah bircə bilən yox.
Sevincini mənlə yarı bölən yox
"Yarım" deyib məndən ötrü ölən yox -
Tanrım, məni quş eylə!

Yeriməkdən yorulubdur ayağım
Yıxılanda yoxdur mənim dayağım.
Gecə gündüz həsrət mənim qonağım
Göz yaşımdan heç qurumur yanağım -
Tanrım, məni quş eylə!

Qanad çalıb uçaram oba - oba
Yorulanda qonnam yaşıl budağa.
Yarəb, məni nə çox çəkdin sınağa
Könlüm dözmür bu ağrıya, bu aha -
Tanrım, məni quş eylə!

Həsrət ilə çox baxmışam göylərə
Nə olar, bir gün baxım göylərdən yerə.
Uçub gedim xəyal çatmaz yerlərə
Bir quş tapım öz dərdimi deməyə -
Tanrım, məni quş eylə!

Keçir ömrüm vallah, röyalar kimi
Eh... kim vurdu kor bəxtimə kilidi?
Ağlar qəlbim kim deyir ki, kiridi
Bir gün görəm, qolum qanad kimidi-
Tanrım, məni quş eylə!

Ruhum uçub, gör haçandır göydədir
Ruhsuz ürək heç bilmirəm mən nədir?
Tanrım, eşit, gör mən bəndən nə deyir
Mən bəxtsizi bu yer üzü neyləyir-
Tanrım, məni quş eylə!
Quş eyləsən, sevdiyimə tuş eylə!


Soruşma

Halımı özündən soruş
Ajı sözündən soruş.
Gözümsüz gözündən soruş-
Məndən soruşma, soruşma!

İçimi qəhər oyur,
Çölümü dərd-qəm yuyur.
Mənlə ölüm uyuyur-
Bərkdən soruşma, soruşma!

Kirpiklərim qovuşmur,
Ruhum jismimə yovuşmur.
Qəlbin ki məni soruşmur-
Dilnən soruşma, soruşma!

Çılğın atam, yüyənsiz
Səhra od, mən yiyəsiz.
Kor oldum vay-şivənsiz-
Əlnən soruşma, soruşma!

Parçalandı sınıq qəlbim
O dünyanı görüb gəldim.
Səsini eşidib dirildim-
Səsnən soruşma, soruşma!
Qəlbin ki məni soruşmur
Dilnən soruşma, soruşma!


Mən gözələm

Sənə heyran, sənə həsrət
sevgi dolu gözlərim var
Sənə bağlı, sənə deyiləcək
Neçə şeirim- qəlbimə dayaqlarım var-
Mən gözələm!

Həsrətdən tox,
vüsaldan ac
Sevgiyə möhtac,
göz yaşımdan bəzəkli,
Həmişə nəmli,
sevgisiz solmuş yanaqlarım var-
Mən gözələm!

Hər gün səni görmək üçün
yollara çıxan
Sənə doğru addımlayan,
yorulmaz ayaqlarım var-
Mən gözələm!

Sənin əlinin sığalı olmadan
bir-birinə qarışmış,
pərişan saçlarım var-
Mən gözələm!

Görməsən də gözəlliyimi,
hiss etməsən də səni sevdiyimi
Sevirəm səni -
Bu sevgimlə gözələm!


Sən də bu an məni düşünürsənmi?

Sən də bu an məni düşünürsənmi?
Sən də mənsiz qalıb üşüyürsənmi?
Nağıl danışırmi sənə gözlərim?
Bir ümid verirmi sənə sözlərim?
Xəyal qanadına alırmı səni?
Gözlərin görmürmü birjə kimsəni? -
Sən də bu an məni düşünürsənmi?

Solğun yanağına yaş tökülürmü?
Qəlbində neşə şeir heç hönkürürmü?
Kədər qəhqəh çəkib sənə gülürmü?
Neçə yaşıl arzun mənsiz ölürmü?
Gözlərin hər yerdə məni görürmü?
Baxışın baxışımla bir hörülürmü? -
Sən də bu an məni düşünürsənmi?

Kədər tellərinə qəm ələyirmi?
Kirpiyin üzünə nəm çiləyirmi?
Sevgi budağını həsrət əyirmi?
Hərdən qulağına səsim dəyirmi?
Dərdin için-için səni yeyirmi?
Ruhun qəm nəğməsi de, dinləyirmi? -
Sən də bu an məni düşünürsənmi?
Sən də mənsiz qalıb üşüyürsənmi?


***


Əvvəlcə gözlərim önündən sildim xəyalını
Sonra telefonumun yaddaşındakı adını, familyanı…
Poçtumun Sent yaddaşındakı
sənə yazdığım məktubları bircə bircə yox etdim…
… Hərdən görüşümə gəlmək istəyən xatirələrə
hər gecə yox dedim…
Unutmaq istədim səni…
Bir düyünçəyə yığdım səsini,
sənlə bağlı hər şeyi
ürəyimin bir küncünə tulladım.
unutmaq…unutmaq…unutmaq istədim səni…
…Ürəyimin küncündə bir bağlı düyünçəsən…
dünya dağılsa da açan deyiləm…
hərdən sancsa da ürəyim…


***


Sən - mənim müəllimim -
mənə darıxmağı öyrədən.
Sən - loğmanlar loğmanı-
qəlbimin bütün yaralarını sağaldan
Sən - əli qabarlı bir bənna-
baxışlarıyla könül evimdə özünə bir yuva tikən…
Sən - naşı bir bağban
hərdən quru budaqlar əvəzinə
yamyaşıl budaqları budayan…


***


Darıxmaq- Sevmək sözünün uşaqlığı
Sevmək sözünün keçmiş zaman forması
Sevmək- Darıxmaq sözünün qocalığı
Darıxmaq sözünün gələcək zaman forması
Darıxıram sənin üçün. Apar məni gələcəyə,
apar məni sabahıma.
Son qoy yanağıma axan göz yaşlarıma.


***


Yavaş- yavaş,
hərdən baxışlarınla,
hərdən lap adicə bir sözünlə
dartıb çıxardın
bir köhnə sevginin qalıqlarını
yorulmuş ürəyimdən…
Özünə yer açdın
Bir səhər bir günəş kimi boylandın ürəyimdən
şüalarını pay göndərdlin
işıq həsrətli ürəyimin bütün damarlarına.


***


Səni görmək istədim
yumdum gözlərimi
Görüşdüm xəyalınla…
Səsini eşitmək istədim
küləyə yalvardım
qonaq gətirdi səsini mənə
Çılğın ruhuna sevgimlə sığal çəkmək istədim
ruhunu axtardım
ruhumun qoynunda tapdım.


***


Nə olar, söndür gözlərinin işığını bircə anlığa
Utanıram,
Qoy doyunca baxım sənə
işığı söndürülmüş gözlərinin qaranlığında.


***


Bu gecə sənli anlarımı bir yorğan kimi örtdüm
sənsiz üşüyən duyğularımın üstünə.
Bu gecə nə xoşbəxt idi duyğularım!
Sənli anların qolları arasında əriyən duyğularım
Duyğularına qarışdı.


***


O gün sən baxanda oğurladım baxışlarını
gizləmişəm ürəyimin ən dərin, sərin yerində.
Heç kim olmayanda
çıxarıram baxışlarını,
baxışların yağış kimi yağır üstümə.
Hər tərəf baxışlarına dolur
Hara baxıramsa baxışlarınla rastlaşıram.
Arxayın ol, az baxıram sənə
Qorxuram danlayarsan məni.


***


Yuxuma gəlmişdin bu gecə
Gəlmişdin özündən gizlicə
Ürəyin dolusu şeirlərini
məlhəm kimi çəkdin sındırdığın qəlbimə-
Özünü təzədən cücərtdin şeirlərimdə.


***


Xəyalım dünyanı dolaşıb gəldi
Axır ki, xəyalını tapıb gətirdi.


***

Aşıb daşan duyğularıma sərhəd çəkmək istədim
Gördüm ki, duyğularım aşıb keçib sərhəddi
Ağlımı köməyə çağırdım,
Gördüm ki, ağlım
ürəyimin bir küncünə qısılıb ağlayır.


***

Neçə gündür ki
barmaqlarım səsinə tərəf can atır
Ancaq acı sözlərini qoyuram barmaqlarımın üstünə
barmaqlarım səsini kəsməsə də bir azacıq kiriyir.
Neçə gündür ki, ayaqlarım
sənə tərəf can atır.
Acı sözlərini səpələyirəm ayaqlarımın altına
Ayaqlarım dolaşır.
Neçə gündür ki, ruhum uçur ruhuna sarı
acı sözlərini yağış kimi yağdırıram ruhumun üstünə
Ruhumun qanadları qırılır,
çırpına-çırpına qalır.
Boğula-boğula yaşayıram.
Sənə sarı uçmaq keçir könlümdən
Götür sözlərini barmaqlarımın üstündən!
Yığışdır yollarıma səpələnmiş sözlərini!
Bircə-bircə götürüb apar
ruhumu incidən sözlərini.
Yum gözlərini
Xəyalın qanadlarında qonaq gəl xəyalıma.

"Ulduz"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG