Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:05

Qəçrəşin villaları və Mirvari xalanın «xərək çörəyi»


Biz meşəliyə çatırıq, burdan o yana Qəçrəş kəndinin sərhədləri başlayır
«Haranı görmək istəyirsiz?». Taksi sürücüsü Pənah dayı məndən soruşur. Görmək istədiklərimi sadalayıram, bir də dağlıq, mənzərəli yerlərə bir baxardım deyirəm. Pənah dayı «onda elə ordan başlayaq» deyə maşınını şəhərə sürür.

Beşmərtəbəli binaları, birmərtəbəli evləri ötürük. Ara-sıra villalar da gözə dəyir. Qar yağdığından hər yer ağappaqdır, amma küçələrdə maşının açdığı şırımlar palçıqlı izlər buraxır. Pənah dayı da qarın yolların abrını örtmədiyini söyləyir.

Maşın şəhərdən uzaqlaşıb Qəçrəş kəndinin yolunu tutur. Yolboyu hasarın o tayında iki-üç mərtəbəli, müxtəlif dizaynlı villalar bir-birini əvəz eləyir. Pənah dayı danışır ki, bu villaların sahiblərinin əksəriyyəti vəzifəli şəxslərdir.

- Burdakı evləri alıblar?

- Yox, torpaq alıb ev tikiblər.

Biz meşəliyə çatırıq, burdan o yana Qəçrəş kəndinin sərhədləri başlayır. Ağappaq qara bürünmüş meşəlikdə təbiətin gözəlliyindən zövq almaq istəyirsən...

«BİRJA»DA İŞ AXTARANLAR

Geriyə qayıdırıq. Şəhərin mərkəzindəki bazara yaxın yolların birində bir dəstə adamın toplaşdığını görüb onlara yaxınlaşırıq. Günəmuzd işləyənlərmiş. Hər gün səhər saat 8-dən axşam 8-ə kimi burda sifarişçi gözləyirlər. Aralarında cavanı da, yaşlısı da var. Əyinlərindəki nimdaş paltoda üşüyürlər deyəsən, çünki əllərini ovuşdura-ovuşdura
- Fəhləyik hamımız
gəzişirdilər.

- Fəhləyik hamımız.

- İş olurmu?

- İldə, ayda-bir dəfə. Yanvar, fevral, mart iş olmur. Olanda da bir on manat qazanırsan, sonra yenə bir həftə iş olmur.

- Dünən işləmisizmi?

- Yox, neçə vaxtdır elə gözləyirik. Bizə nə lazımdır? Evə bir parça çörək aparaq.

- Çoxdumu işsiz olan?

- İndi bir azdan dolacaq bura.

Buranı yerlilər «Birja» adlandırır. Heç də hamısı Qubanın özündə yaşamır. Bir parça çörək arxasınca kəndlərdən də axışıb gəlirlər, Qubanın özündə kirayədə qalırlar.

- Ayı 100 manata məcburuq kirayə qalaq.

«TƏSƏRRÜFAT VAR, ANCAQ DOLANIŞIĞA YETMİR»

Əksəriyyəti Qubanın dağ kəndlərindən olan müsahiblərim deyirlər ki, təsərrüfatları var, amma dolanışığa yetmir.
Qəçrəşə gedən yolun üstündə neçə-neçə villanın da tikildiyini gördük
İlk baxışdan 40-45 yaş verdiyim, amma 32 yaşı olduğunu söyləyən Rüfət deyir ki, həm mal-qara, həm də arıçılıq təsərrüfatı vardı. Ailə üzvü ağır xəstələnib, varını-yoxunu onun müalicəsinə xərclədiyindən yoxsul düşüb. Bir neçə ildir ki, Qubada kirayədə qalır və hər gün iş üçün «birja»ya gəlir.

«Bayaq biz Qəçrəşə gedən yolun üstündə neçə-neçə villanın da tikildiyini gördük. Bəs bu villalarda iş olmurmu?» soruşuram. Cavab verirlər ki, elə yerlərə onları aparanda, muzdlarını kəsirlər.

- Axı Quba kurort zonasıdır. Otellər var. Heç olmasa, mövsümdə işlə təmin oluna bilirsizmi?

- Bura istirahətə gəlirlər. Bundan bizə nə?

- On faiz ancaq işlə təmin olunur.

«KORRUPSİYANI İDARƏLƏRDƏ AXTARMASINLAR»

Yolun o tərəfində «Kapitalbank»ın qənşərindəki bankomatın yanına yığılan camaat da işsizlikdən gileylənir. Təqaüdçülər həm pensiyaların gec köçürülməsindən gileylənir, həm də məbləğin azlığından.

- Təqaüd görmür. Hər şey bahadır.

Bankomat qabağında «keşik çəkən» Ələddin Nəsirovun dərdi açılır, nə açılır. Bir nəfəsə danışır, deyir, kənddə yaşayan da gəlib təqaüdünü rayon mərkəzindən almalıdır. Neçə kilometri gəlirlər, məlum olur ki, hələ pul köçürülməyib. Bir sapa düzdüyü nitqində Ələddin dayı rayonun ən böyük probleminin işsizlik olduğunu
«Kapitalbank»ın qənşərindəki bankomatın yanına yığılan camaat da işsizlikdən gileylənir
deyir:

- Gedib Ukraynada, Rusiyada müəssisə açırlar baş bilənlərimizin bəziləri. Qubada vaxtilə iki min adamın işlədiyi konserv zavod isə yanı üstə qalıb. Bu cavanları görürsən, iş yox, güc yox. Bunlar evlənməlidirlər, nəylə saxlayacaqlar ailəni? İndi korrupsiya deyirlər, korrupsiya şəhərin yuxarısı var ha - villalar, ordadır. Bu idarələrin içində korrupsioner axtarmasınlar, onlar ordadır...

Ələddin dayının odlu-alovlu nitqində bir cümlə də vardı ki, get gör nə qədər adam ünvanlı sosial yardım almaq istəyir, adamlara neynirlər?

ÜNVANLI YARDIMIN ÜNVANINI SORAQLAYANLAR


Mən də üz tutdum Quba şəhər ünvanlı sosial yardım mərkəzinə. Adam əlindən tərpənmək olmurdu. Hərəni bura bir dərd gətirmişdi, amma səbəb eyni idi: hökumətdən müavinət almaq. Kimi ona verilən «yox» cavabının davasını döyürdü, kimisi də iddia edirdi ki, ona müavinətin altı ayını ödəməyib özlərinə götürüblər.

Biz ora gedən gün rayon rəhbərliyi mərkəzə yeni sədr təyin etdiyindən suallarımızı son bir ayda quruma sədrlik edən Famil Ağayev cavablandırdı.
Famil Ağayev
O, «6 ayını özlərinə götürürlər» iddiasını əsassız saydı, dedi ki, hər kəsin ödəmə kartı özünə verilir. Amma müavinətin verilməsində gecikmələr var, onu da yoluna qoyacaqlar.

Famil Ağayev onu da dedi ki, artıq ünvanlı sosial yardım vermək üçün ailənin sosial sığorta ödəməsi ilə bağlı arayışı olmalıdır, bu arayış olmasa, müavinət verilməsində problemlər yaranacaq.

Quba Məşğulluq İdarəsinin rəisi Firudin Atakişiyev isə bizimlə söhbətdə onlara son bir neçə ayda 600 nəfərin müraciət etdiyini, işsizlik probleminin isə bu yaxınlarda həll olunacağını dedi:

- «Ziran-palace» firması var, 100 hektar ərazidə üçulduzlu, beşulduzlu otellər tikiləcək. Orda kütləvi işçi qəbul eləyəcəklər. Mart aylarında iş başlamalıdır.

Məşğulluq idarəsində ötən il 22 nəfər işsizlik statusu alıb, bu il isə cəmi 7 nəfərə işsizlik müavinəti kəsilib.

««XƏRƏK ÇÖRƏK»İN ÇÖRƏKÇİLİYİ


Mirvari xala
Qubadan ayrılan ərəfədə yolüstü gözüm «Xərək çörək» yazılmış lövhəyə sataşdı. Sürücü Pənah dayı dedi ki, bu yerlərin məşhur çörəyidir. «Birini də mən alım» deyə, çörəkçinin qapısını döydüm. Gülərüzlə məni qarşılayan Mirvari xala çörəyi bişirdiyi kürəni göstərib «xərək» çörəyin hazırlanma üsulundan danışdı. «Xərək» çörək bu evin sözün məcazi mənasında da çörək ağacıymış. Yerdən təxminən metr yarım hündürlüyündə olan evə girib də əlindəki isti çörəyi mənə gətirdi. Verdiyim 60 qəpiyi almaq istəmirdi ki, qonaqsan. Amma elə onun alıcılarının əksəriyyəti qonaqmış:

- Bakıdan birdən zəng vurub 20-30 çörək sifariş verirlər. Yayda artır sifarişimiz.

Mirvari xalanın arzusu çoxdur, Bakıdan gələnlərin yaşadığı evlərə oxşar ev sahibi olmaq, uşaqlarına gün ağlamaq... Ancaq hələ ki, «xərək çörək» onun ailəsinin gündəlik çörəyini yetirir.
XS
SM
MD
LG