Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:28

Köhnə dostların köhnə kafesi


Soyuq havadan qaçan yaşlılar, dərsdən çıxıb nahara tələsən tələbələr, neçə illik dostları ilə görüşməyə gələn ədəbiyyat adamları bir-bir köhnə kafenin qapısını açıb içəri girir.

Çoxlarının yanından keçəndə görünüşünə bir az təəccüb, bir az da rişxəndlə baxdığı bu kafe Bakının işıqlarla, cəlbedici reklamlarla bəzədilmiş lokantaları, kafeləri arasında doğrudan çox yalnız görünür.

Çoxlarının adını bilmədiyi, bir çoxlarının isə «Monolit», ya da «Sabirin heykəli ilə üzbəüzdəki kafe» kimi tanıdığı kafenin içində isə bir istilik var. Bura gələn çoxdanın tanışları bir-biri ilə hal-əhval tutur, tanımayanlar da bir-birini salamlayırlar.

MƏŞHUR SOSİSKA, KAKAO

Təxminən 55 yaşlı Zeynal Məmmədov deyir ki, 30 ildən artıqdır bura gəlir. Tələbəlik illərindən dostları ilə burda görüşür. Üstündən neçə illər keçsə də həmin ənənəni saxlayırlar. Zakir deyir tələbəlikdə yediyi sosiskaya görə indi də bura gəlir:

«Tələbəlikdən bu kafeni Sabir bağının qarşısındakı kafe kimi tanıyırıq. 70-ci illərdən burda heç nə dəyişməyib. Keyfiyyət də dəyişməyib. Xidmət də yüksəkdir. Özüm rayonda yaşayıram. Bakıya gələn kimi bura gəlirəm. Buranın işçiləri də çox səmimidir».

Sosisləri bişirən Zeynəb Cəlilova isə gülərüzlə müştərilərə xidmət edir, deyir burda 5 ildir işləyir, kafedəki mühit onun üçün doğmadır:

«Ziyali adamlar, şairlər gəlir. Yeməklərimiz də ənənəvidir, sosiska, kakao, hərdən düşbərə. Başqa qazan yeməkləri də olur».

Bura gələnlərdən biri də publisist Şəmistan Nəzirlidir. Deyir burda adamlar həm bir-birindən öyrənir, həm də dincəlir:

KÖHNƏ KAFENİN YARADICI MÜHİTİ DƏ VAR

«Bura həftədə 4 dəfə gəlirəm. Şair Kələntər Kələntərli buranın daimi sakinidir. Yafiz Nəsirli, Rəşid Faxralı. Rəhmətlik Vilayət Rüstəmzadə, Zəlimxan Yaqub tez-tez gəlir. Burda rəhmətlik general mayor Akim Abbasovla tez-tez görüşmüşəm. O mənə məhz burda nə qədər məlumatlar verib. Bura başqaları da gəlir. 150 qram içəndən sonra çox məzəli söhbətlər edirlər».

KÖHNƏ TƏRƏZİ, QANADLI VENTİLYASİYA


Bu kafedə sovet dövründə olduğu kimi stolların üstünə müşəmbə çəkilir. 90-cı illərdən sonra yoxa çıxan tərəzini də, həmin illərin piştaxtasını da, tavandakı qanadlı ventilyasiyanı da burda görmək olar. Divarlar, döşəmə köhnə vaxtlardan qalıb. Buranın direktoru Zakir Məmmədov özü də burda 80-ci illərdən işləyir. Deyir kafenin görünüşə toxunmamağın səbəbləri var:

«Burda səmimi mühit var. Yaşlı adamlar, yaradıcı adamlar tez-tez yığışırlar. Burda elə adamlar var ki, tələbə vaxtlarından öz stolları olub, indi də gəlib o stollarda otururlar. Düzdür, təmir olsa, daha yaxşı olar. Həm də burdakı mühiti saxlamaq istəyirik. Rəhmətlik memar Qəzənfər Əlizadə deyirdi ki, buranın görkəmini həmişə saxlayın. Məşhur yazıçılar çoxu burda olur. Şair Qabil dondurma yeməyə həmişə bura gələrdi».

Bura bilmədiyi ünvanı axtaranlar, hara hansı avtobusun getdiyini soruşanlar da tez-tez gəlir. Deyirlər ki, bilirlər burda onlara cavab verən tapılacaq, kimsə ağız büzməyəcək. Lap 70-ci illərin Bakısında olduğu kimi.
XS
SM
MD
LG