Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:22

Marionet Teatrının sözəbaxmayan kuklaları


Tərlan Qorçu
TEATR KUKLADAN BAŞLAYIR!

20 illik fəaliyyətində cəmi 1 tamaşa ərsəyə gətirsə də, Azərbaycandan xaricə ən çox dəvət alan da elə bu teatr truppasıdır. Bunu Tərlan Qorçu - Marionet Teatrının rejissoru deyir.

Marionet Teatrı kukladan başlayır! Çünki onun nəinki qarderobu, heç məşq etmək üçün binası da yoxdur. Teatra hələ 1985-ci ildən İçərişəhərdə üçmərtəbəli bina ayrılsa da, o, elə dörd divardan ibarətdir,

Azərbaycanda ilk və yeganə özəl marionet teatrının təsisçisi, rejissoru Tərlan Qorçu:

«Amma binanın təmirə çox böyük ehtiyacı var. Binanın sadəcə divarları var, içərisində heç bir şey yoxdur. Təmiri illərdir ki, uzanır. Kim tərəfindən edilməlidir, kimə məxsus olmalıdır bina – bu suallar periodik olaraq müxtəlif təşkilatlar tərəfindən müzakirə olunur».

Teatra ayrılmış bina İçərişəhər Dövlət Qoruğunun ərazisində yerləşir. Qoruqdan bildirdilər ki, bu binanın təmiri məsələsi hələ ki, gündəmdə deyil.

1 TAMAŞA ÜÇÜN 5 İLLİK MƏŞQ

Marionet teatrları dünyada barmaqla sayılır. Ona görə yox ki, buna maraq yoxdur, sadəcə, bu, ənənəvi teatr kimi asan başa gələn iş deyil. Adi teatrlarda tamaşalar 3-5 aya hazırlanırsa, marionet teatrlarda bu müddət 5 il də çəkə bilər:

Kuklalar cəmi bir tamaşa canlandırıb: «Arşın mal alan»
«Çünki marionet tamaşalarında aktyor yoxdur. Siz gördüyünüz aktyorlar deyil, kuklalardır. Aktyorlar görünməzdir, kuklaları idarə edir. Bir tamaşada 20-30 aktyor varsa, 20-30 kukla olmalıdır. Bunlar hamısı əl işidir. Hamısı sənət nümunələridir. Bir neçə ilə hazırlanan tamaşa sonradan cəmi 50-60 nəfərlik salonda göstərilir. Özünü çox balaca, möcüzəli bir mühitdə hiss edirsən».

20 İLƏ 1 TAMAŞA?


Azərbaycandakı marionet teatrının 30 santimetrlik kuklaları cəmi bir tamaşa canlandırıb: «Arşın mal alan». Yeni tamaşa üçün isə nə pul, nə də insan resursları var. Heyətin qastrolqabağı 1 həftəlik məşqi isə harada gəldi baş tutur:

«Rejissor olaraq təbii ki, yeni tamaşa eləmək istəyirəm. Planımda var idi, təxminən hər 3 ildə bir verə bilərdik. İndi hesablayın, normal teatr fəaliyyət göstərsəydi, lap vaxtında teatra yardım olsaydı, biz 20 il ərzində ən azı 6 tamaşa təhvil verərdik».

BAŞIAŞAĞI AKTYORLAR


Hikmət Hüseynov
Bu teatrda aktyorların başı həmişə aşağı olur. Onlar dili ilə yox, əlləri ilə işləyirlər. Səhnə arxasına keçib kuklaları oynadanlara nəzər salsanız, onların hamısının cüssəli, hündürboylu olduğunu görərsiniz. İşin ilkin tələbi budur.

Marionet teatrının 12 aktyorundan biri Hikmət Hüseynov 20 ildir burda çalışır. Deyir ki, burda aktyor işləmək ənənəvi aktyorluqdan qat-qat çətindir:

KUKLA SÖZƏ BAXMAYANDA...


«İndi sən istəyirsən bu kukla iki dəfə fırlansın havada, ancaq bu, 1 dəfə fırlanır, o da güc-bəlayla. Amma bu işin ləzzətli anları da çox olur. Bilmirəm necə olur, bəzən kukla özü öz ixtiyarı ilə, iradəsi ilə tullanır stolun üstünə, stulun üstünə, ordan tullanıb pilləkənin kənarıyla sürüşür...».

Azərbaycanda marionet teatrı üçün aktyor hazırlayan təhsil ocağı yoxdur. Burda hər kəs işləyə-işləyə səhnə bacarıqlarını qazanır. Hikmət Hüseynov deyir ki, incəsənətin bu növü Azərbaycan üçün o qədər vacibdir ki, maddi durumları ağır olsa da, işlərinə davam etməkdə israrlıdırlar.

Şərhləri göstər

XS
SM
MD
LG