Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Naxçıvanlı xırda sahibkara Bakıda işləməyə nə mane olur?


Qanunvericilikdə belə bir tələb yoxdur ki, sahibkar fəaliyyət yerini dəyişərkən mütləq yaşadığı yerin də qeydiyyatını dəyişməlidir

Qanunvericilikdə belə bir tələb yoxdur ki, sahibkar fəaliyyət yerini dəyişərkən mütləq yaşadığı yerin də qeydiyyatını dəyişməlidir

Naxçıvan sakini İsa Quliyev bildirir ki, VÖEN- vergi ödəyiciləri üçün eyniləşdirmə nömrəsi almaq üçün Naxçıvan şəhər Vergilər İdarəsində ondan 500 manat pul istəyiblər.

İsa Quliyev deyir ki, bir il öncə işsizlik ucbatından Naxçıvanı tərk edərək Bakıya üz tutub. Bir müddət sonra isə Bakıda kiçik sahibkarlıqla məşğul olmaq qərarına gəlib. İsa Quliyev bildirir ki, bunun üçün o, Bakıda kiçik bir dükan kiralayıb. Dükanı işə salmaq istəyəndə isə ondan VÖEN tələb ediblər.

VÖEN almaq üçün qeydiyyatda olduğu Naxçıvan şəhərinə qayıdan İsa Quliyev burada problemlə üzləşdiyini bildirir. İsa Quliyevin deməsinə görə, Naxçıvan şəhər Vergilər İdarəsində ona bildiriblər ki, muxtar respublikadan kənarda fəaliyyət göstərmək istəyən sahibkarlara VÖEN verilmir:

«500 MANAT VER, BAŞQA YOLLA HƏLL EDƏK»

«Səbəbini soruşanda, dedilər ki, biz muxtar respublikadan kənarda fəaliyyət göstərənlərə nəzarət edə bilmirik. Bir neçə gün get-gəldən sonra dedilər ki, 500 manat ver, başqa yolla həll edək».

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə yollandıq. Aparat rəhbəri Əli Şabanov səsinin yazılması üçün Ali Məclisdən icazə almağımızı istədi.

Məhəmməd Talıblı
Şifahi söhbətdə isə yaranmış vəziyyətə öz mövqeləri baxımından aydınlıq gətirməyə çalışdı. Aparat rəhbəri bildirdi ki, Bakıda fəaliyyət göstərmək istəyən sahibkarlara nəzarət edə bilmirlər. Əli Şabanov bu problemlə üzləşən sahibkarlara çıxış yolu kimi Naxçıvan qeydiyyatından çıxıb, fəaliyyət göstərmək istədikləri ərazidə qeydiyyata düşməyi də məsləhət gördü.

NAXÇIVANDAN QEYDİYYATDAN ÇIXMAQ?


Naxçıvan şəhər Vergilər İdarəsi koordinasiya şöbəsinin əməkdaşı Vüqar Məmmədov isə İsa Quliyevdən 500 manat pul istəmələri haqda deyilənləri inkar etdi. Vüqar Məmmədov bildirdi ki, 6 aydan artıqdır ki, onlara VÖEN problemiylə bağlı müraciət edilmir.

İqtisadi ekspert Məhəmməd Talıblı isə hesab edir ki, Naxçıvanda belə bir məhdudiyyətin tətbiq edilməsi qanunaziddir:

«Azərbaycan qanunvericiliyində belə bir tələb yoxdur ki, sahibkar fəaliyyət yerini dəyişərkən mütləq yaşadığı yerin də qeydiyyatını dəyişməlidir. Fərqi yoxdur, Naxçıvan sakini, yaxud digər bölgə sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, həmin şəxslər sadəcə, yaşadıqları ərazinin vergi idarəsində qeydiyyatda durmalıdır. Bu onların yaşayış yerinin də dəyişməsi anlamına gələ bilməz. Naxçıvanda tətbiq olunan bu məhdudiyyət sırf qanun pozuntusudur».

Şərhləri göstər

XS
SM
MD
LG