Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

«Məmur ovu», sel qurbanları üçün yeni evlər və...


Mətbuat icmalı
Mətbuat icmalı
«ANTİKORRUPSİYA ŞOUSU» MƏMURLARIN «OVLANMASI» MƏRHƏLƏSİNDƏ

«Azadlıq» qəzeti yazır ki, hakimiyyətin «antikorrupsiya şousu» çərçivəsində həbs etdiyi Şamaxının bələdiyyə sədri Mürvət Zeynalov əslində Şamaxının icra başçısı Nazim İsmayılovun qanunsuz əməllərinin qurbanı olub. İcra başçısının göstərişi ilə şəhərin girəcəyində meşə zolağının müəyyən hissəsi satılıb. Bələdiyyə sədri də məhz bunun güdazına gedib.

Qəzet bu və digər həbslərin əslində antikorrupsiya tədbirləri yox, sadəcə «məmur ovu» olduğunu iddia edir:

«Bəzi məlumatlara görə, hakimiyyət həbs dalğasını daha da genişləndirmək niyyətindədir. Bu həbslər başlanğıcdır. Həbs olunanların sırasında yüksək rütbəli məmurların olacağı da istisna deyil».

AZƏRBAYCAN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUB


«Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması yeni nailiyyətlərlə müşahidə olunur. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsindən ibarətdir. Ötən ilin yekunları bir daha təsdiqləyir ki, ölkə rəhbərliyi tərəfindən aparılan sosial-iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb».

«Azərbaycan» qəzetində dərc olunan bu yazıda ötən müddətdə dövlət proqramlarının və regional layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr sadalanır. Azərbaycanın Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrildiyi qeyd olunur.

HAKİMİYYƏT BAKIYA QOŞUN YIĞIR

«Yeni Müsavat» qəzeti yazır ki, hakimiyyətin anti-inqilab planı mövcuddur və bu planın hərbi ssenarisi artıq işə salınıb.

«Azərbaycanda da ictimai etirazların, inqilabi proseslərin başlaması ehtimalı hakimiyyəti ciddi şəkildə narahat etməkdədir. Gözlənilən hər hansı kütləvi etirazların qarşısının alınması üçün də müxtəlif istiqamətli qabaqlayıcı planlar da hazırlanır. Bu cür planların tərkib hissəsi olaraq, hakimiyyət dünəndən Bakıdakı hərbi qüvvələrin və hərbi texnikanın sayını artırmağa başlayıb. Ən müxtəlif istiqamətlərdən, xüsusən də paytaxta yaxın ərazilərdəki hərbi hissələrdən Bakıya hərbiçilər və ağır texnika gətirilir. Dünən əməkdaşlarımız bir neçə istiqamətdən Bakıya çoxlu sayda canlı qüvvə və hərbi texnika daxil olduğunu bilavasitə müşahidə ediblər».

Qəzet adını çəkmədiyi mənbələrə istinadən bu prosesin qarşıdakı günlərdə də davam edəcəyini bildirir.

TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ ZİYAN GÖRMÜŞ BÜTÜN VƏTƏNDAŞLAR MƏNZİLLƏ TƏMİN OLUNUR

«Yeni Azərbaycan» qəzeti yazır ki, «ötən il Kür çayında suyun daşması nəticəsində yaranan sel və daşqınlardan Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Zərdab rayonlarına və Şirvan şəhərinə böyük ziyan dəymişdi.

Daşqınların baş verməsindən bir neçə ay sonra evləri uçmuş bir sıra vətəndaşlarımız üçün yaraşıqlı, rahat evlər tikilib istifadəyə verilib. Məsələn, sel və daşqınlar nəticəsində Hacıqabul rayonunun Meyniman kəndində 280 ev və 286 təsərrüfat, o cümlədən, 1350 nəfər əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su altında qalmışdı. Daşqın zamanı Meyniman kəndində 35 ev tamamilə uçmuş, 64 ev qəzalı vəziyyətə düşmüşdü. Uçmuş evlərin yerində yeni evlər tikildi. Bu evlərdə zəruri infrastrukturun yaradılması, həyətyanı sahələrin normal vəziyyətə salınmasına xüsusi diqqət yetirildi. Müasir üslubda tikilən evlər ikiotaqlı, üçotaqlı və dördotaqlıdır... Hazırda kənddə yeni evlərin inşası başa çatmaq üzrədir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG