Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57
Ünvanlı sosial yardım alanlara yaxşı xəbər!

Artıq ödəniş kartlarını onlara Əhalinin Sosial Müdafiəsi Mərkəzləri yox, banklar təqdim edəcək.

Martın 3-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirlikdə keçirilən müşavirədə belə deyib.

O deyib ki, mərkəzlərdə bir kart da aşkar edilsə ciddi cəza tədbiri görüləcək.
Bundan başqa, Tibbi Sosial Ekspert Komissiyaları əlillik təyinatında qanunsuzluğa yol verərsə, dərhal hüquq-muhafizə orqanlarına müraciət olunmalıdır.

Fizuli Ələkbərov həmçinin nazirliyin 142 nömrəli qaynar xəttin işinin təkmilləşdirilməsini və bu xidmətlə bağlı təbliğatın gücləndirilməsini tapşırıb.

KARTIN NÖVBƏTİ QURBANI

Yeri gəlmişkən, ünvanlı sosial yardımın verilməsi həmişə vətəndaşların narazılığına səbəb olub. Mütəxəssislər görə, bu ən çox korrupsiyalaşmış sahələrdən biridir. Hətta ötən il bununla bağlı bir neçə nəfrə həbs edilmişdi.

Elə martın 2-də Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Qismət Əbdürrəhmanov da buna görə həbs olunub. Onun ünvanlı sosial yardım kartları verərkən vətəndaşların bir neçə aylıq pulunu mənimsədiyi və ya yardımın əvəzində əvvəlcədən rüşvət aldığı iddia olunur.

Qismət Əbdürrəhmanovun həbsi haqda məlumatı həm rayon icra hakimiyyətindən, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təsdiqləyiblər.

Amma hər iki qurumdan da bildirir ki, Qismət Əbdürrəhmanovun saxlanma səbəbi haqda məlumatsızdırlar.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi İlham Məmmədov:

«Bu haqda bizdə məlumat yoxdur. Niyə saxlanıb, harda saxlanır bilmirik. Araşdırma aparılır. Məlumat əldə edən kimi ictimaiyyətə məlumat verəcəyik».

Müsavat Partiyası Kürdəmir rayon təşkilatının rəhbəri Baha İsmayılov deyir ki, bu günlərdə Mərkəzdə yoxlama olub. Bu zaman bir nəfər saxlanıb. İki nəfərsə işdən azad olunub.

«Mən vaxtilə deputatlığa namizəd kimi cənab prezidentə televiziyadan müraciət etmişdim. Rayonlarda, eləcə də Kürdəmirdə ünvanlı sosial yardım üçün 500-600 manat pul istənir. Ya da razılaşırlar ki, beş ay yardımı vətəndaş alır, yerdə qalanını idarə işçiləri alır. Biabırçı haldır. İndi korrupsiya ilə bağlı reklam xarakterli yoxlama aparırlar. Dünən Qismət Əbdürrəhmanovu qolunu qandallayıb aparıblar».

Baha İsmayılovun sözlərinə görə, yoxlama zamanı Qismət Əbdürrəhmanovun evindən çoxlu ünvanlı sosial yardım kartı çıxıb. Həmsöhbətim deyir ki, bu hadisə Kürdəmirdə hay-küyə səbəb olub.

«Bütün millət ora tökülüb. Yardım alanlar, ala bilməynələr, pensiya alanlar, neçə ayı idarədə qalanlar Bakıdan gələn yoxlamaya şikayət eləyirlər».

BƏLƏDİYYƏ SƏDRLƏRİ DƏ TUTULUR

Yanvarın 27-dən hökumətin korrupsiya ilə mübarizəyə başlamasından sonra həbslərin sayı artmağa başlayıb. Bu günlərdə Şamaxıda bələdiyyə sədrləri saxlanıb. Onlar Şamaxı şəhər bələdiyyəsinin sədri Mürvət Zeynalov, Mədrəsə kənd bələdiyyəsinin sədri Fərman Əhmədov, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri Mehman Əfəndiyevdir. İşi Respublika Prokurorluğu aparır.

BAŞ PROKURORLUQ HESABATA HAZIRLAŞIR

Məqamı düşmüşkən. Baş Prokurorun yanında Koorupsiyaya Qarşı Mübarizə İdarəsi də hesabata hazırlaşır. Bu haqda Respublika Prokurorluğu mətbuta xidmətinin rəhbəri Eldar Sultanov AzalıqRadiosuna deyib. Onun sözlərinə görə, İdarə son bir ayda gələn şikayətlər və görülən tədbirlərdən danışacaq.

BİR GÜNƏ 50-DƏN ARTIQ ŞİKAYƏT GƏLİB


Prokurorluq martın 3-dən korrupsiya şikayətlərini araşdırmaq üçün qaynar xətt də açıb.
«161 nömrəli qaynar xətt əlaqə mərkəzinə birinci gün 50-dən artıq müraciət daxil olub. Həmin müraciətlərin hərtərəfli araşdırlması istiqamətində müvafiq tədbirlər görüləcək. Hansı qurumlardan daha çox şikayət gəlməsinisə, gərək bir-bir araşdıraq, təhlil edək sonra deyək...»

«HƏLƏ Kİ SƏBƏBLƏ YOX NƏTİCƏYLƏ MÜBARİZƏ APARILIR»


«Bu həbslər antikorrupsiya tədbirlərinə inam yaradır».
Son həbsləri şərh edən Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev belə deyir. o hökumətin bu mübarizəsinə şübhəylə yanaşanlardan idi.

«Ən əsası odur ki, indi inanmaq olar, yəni bu kampaniya xarakteri daşımır demək olar».
Amma Oqtay Haqverdiyev dərhal da əlavə edir ki, bu tədbirlər sistemli deyil. Hələ ki, nəticəylə mübarizə aparılır. Əslindəsə səbəbi aradan qaldırmaq lazımdır.

«Gərək səbəblə mübarizə aparasan. Ona qalsa gərək Azərbaycanın yarısını türməyə oturdasan. Hər yerdə korrupsiya var çünki. Sistemli mübarizə aparılmalıdır. Müəyyən struktur islahatları aparlımalıdır. Məsələn, bütün nazirliklərdə yoxlama aparmaq səlahiyyəti var. Amma bu bir qurumda olmalıdır. Onda mübarizə sistemli olar».

Oqtay Haqverdiyevə görə, artıq elektron hökumət sistemi də gücləndirilməlidir. Məmurla vətəndaşın əyani əlaqəsi azaldılmalıdır. Eləcə də başqa müasir idarəetmə sistemləri tətbiq olunmalıdır. «Artıq vaxtdır» deyir Oqtay Haqverdiyev.

Şərhləri göstər

XS
SM
MD
LG