Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

Rusiyada da siyasətçilər və təhlilçilər maraqlanırlar ki, görəsən, ərəb ölkələrindəki hadisələr Rusiyada da mümkündürmü?

Hakim partiya əmindir ki, Rusiyada sabitlikdir. Vahid Rusiya partiyasının deputatı Andrey İsayev deyir: “Rusiyada heç bir inqilab olmayacaq. Rusiyada buna zəmin və səbəb yoxdur”.

O əlavə edir ki, “Rusiyada hamı Gürcüstandakı, Ukraynadakı, Qırğızstandakı rəngli inqilabların nəticələrini gördü.” O iddia edir ki, “bu inqilablar yaxşı heç nə gətirmədilər.”

38 FAİZ


Ancaq təhlilçilərin fikrincə, hakim partiyadan olanların bu mövzuda tez-tez danışmaları onların doğrudan da narahat olduğunu göstərir.

Levada sorğu mərkəzinin sonuncu sorğusunda respondentlərin 38 faizi “Misir senarisinin” Rusiyada mümkün olmasını deyib.

İctimai Rəy Fondunun sorğusunda isə iştirak edənlərin 49 faizi bildirib ki, etirazlar başlasa, onlar da qoşulacaq.
Keçən ay bu göstərici 40 faiz idi.



Kremlə loyal müxalifət partiyası olan Ədalətli Rusiya partiyasının deputatı Oleq Şein hesab edir ki, Rusiyada ərəb ölkələrindəki hadisələrin təkrarlanması təhlükəsi var:

“Problem ondadır ki, Vahid Rusiya bütün ictimai institutları dağıdıb. Tətilləri götürək. Keçən il Rusiyada 200 tətil olub. Onların heç biri leqal olmayıb. Çünki bizdə qanun var ki, tətilləri qanunsuz elan edir. Bu, problemin bir tərəfidir. O biri tərəfdən, bu tətillərin cəmi 15 faizini həmkarlar ittifaqları təşkil edib. Qalanlarının hamısı öz-özünə baş verib.”

“BU SİSTEM DAĞILMALIDIR”


Şein deyir: “ Bütün ölkə bir qrup oğruya işləyə bilməz. Gec ya tez bu sistem dağılmalıdır. Vəziyyət yalnız bir şeylə sabitləşə bilər- bu da ədalətli, azad seçkilərdir. Xalq görər ki, hakimiyyətə təsir etməyin mexanizmi var”.

Kommunist partiyasından olan Duma deputatı Sergey Obuxov da razılaşır ki, ədalətli seçki xalq narazılığının qabağını ala bilər.

Şein deyir: “ Liviyanın bir problemi hakim partiyanın 42 ildir ki, hakimiyyətdə olmasıdır. O həqiqətdir ki, Liviya hökuməti pulsuz mənzillər və pulsuz maşınlar verir. Benzinin litri Rusiya puluna çevirəndə 40 qəpikdir. Təhsil pulsuzdur. Səhiyyə pulsuzdur. Ancaq adamlar yoruldular, ayağa qalxdılar. Rusiyada belə ucuz benzin yoxdur, mənzillər, səhiyyə pulsuz deyil. Nəyə əsasən biz ümid etməliyik ki, Liviyada xalq ayağa qalxır, Rusiyada isə qalxmayacaq?”

MÜMKÜNDÜR YA QAÇILMAZDIR?

Maraqlıdır ki, Rusiyanın maliyyə naziri Kudrin də ədalətli seçkilərin vacibliyindən danışıb. O deyib ki, iqtisadi islahatların uğuru üçün seçkilər ədalətli olmalıdır. Seçkiləri udan xalqın mandatını qazanır ki, islahatları istədiyi kimi apara bilsin.

Rusiya Elmlər akademiyasından olan Dmitri Furman isə hesab edir ki, “Ərəb ölkələrində baş verənlərin Rusiya variantı nəinki mümkündür, hətta qaçılmazdır. Çünki etiraz və alternativ siyasi baxış bildirməyə heç bir leqal yol qoyulmayıb. Bunlar yığılıb, bir gün partlayacaq”.

Şərhləri göstər

XS
SM
MD
LG